Qışa hərtərəfli hazırlıq görülüb

 

Avqust ayının əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə muxtar respublikanın ayrı-ayrı rayonlarında, idarə, müəssisə və təşkilatlarında görüləcək işlər müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Bu məqsədlə Kəngərli Rayon İcra Hakimiyyətində də müşavirə keçirilmiş, tədbirlər planı hazırlanmış, problemlərin çox qısa zamanda aradan qaldırılması üçün əməli işlərə başlanılmışdır. RİH başçısının müavini Nazim Canbaxşıyevin sözlərinə görə, artıq  rayonda payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılmışdır: "Kəngərli rayonunun bir qəsəbə və 10 kəndi var. Rayon mərkəzi olan Qıvraq qəsəbəsində

25-ə yaxın inzibati bina var ki, onların da hər biri son illərdə tikilib və fərdi qazanxana ilə təmin olunub. Mövsüm ərzində qazanxanaların fasiləsiz işini təmin etmək məqsədilə elektrik enerjisi, təbii qazsu ilə təchizatı məsələlərinə xüsusi diqqət yetirilib, istilik sistemlərinin dayanıqlığına və qazanxanaların qəbul olunmuş texniki normalar çərçivəsində istifadəsinə diqqət artırılıb. Qazanxanada işləyənlər üçün peşə kursları təşkil olunub".

Rayonun "mavi yanacaq"la etibarlı təminatı diqqətdə saxlanılır. Belə ki, qarşıdan gələn qış aylarında təbii qazla bağlı hər hansı problemin yaranmaması üçün 2576 sayğac yenisi ilə əvəz edilmiş, xətlərdəki nasazlıqlar aradan qaldırılmışdır. Bundan əlavə, qaz itkisinin qarşısının alınması üçün xətlərə baxış keçirilmiş, sızma olan yerlər təmir edilmişdir. Ümumiyyətlə, rayon üzrə 550 metr yeni qaz xətti çəkilmiş, 450 metr yararsız xətt dəyişdirilmiş, 115 ədəd yeraltı keçid (dəmir boru) yararsız hala düşdüyü üçün polietilen boru ilə əvəz edilmiş, 62 qazpaylayıcı qurğuda təmir-bərpa işləri aparılmışdır.

Əhalinin qış mövsümündə elektrik enerjisi ilə etibarlı təmin olunması üçün də tədbirlər görülmüşdür. Rayon elektrik şəbəkəsi tərəfindən mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğu yoxlanılmış, istifadə müddəti başa çatan elektrik dirəkləri və elektrik xətləri yenilənmiş, enerjidən qanunsuz istifadə hallarının qarşısının alınmasına nəzarət gücləndirilmişdir. Həmçinin istifadəyə yararsız hava xətləri dəyişdirilmiş, köhnə elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, transformator təmir olunmuş, yeni transformator yarımstansiyası quraşdırılmış, 8 min metr yeni elektrik xətti çəkilmişdir. Enerji itkisinin və qəzaların qarşısının alınması məqsədi ilə hava xətlərinə yaxın olan ağaclarda budama işləri aparılmış, ağacların kəsilməsi mümkün olmayan yerlərdə elektirik xətlərinin  yeri dəyişdirilmişdir. Bunlarla yanaşı, yaranacaq nasazlıqların vaxtında aradan qaldırılması üçün ehtiyat tədbirləri görülmüş, məftil, transformator yağı, kabel, dayaq, digər material və avadanlıqlar tədarük olunmuşdur.

Qış aylarında kəngərlilərin nəqliyyat xidməti ilə təmin edilməsi də vacib məsələlərdəndir. Qış aylarında əhalinin kəndlərə rahat gediş-gəlişini təmin etmək üçün avtomobil yollarına baxış keçirilmiş, kəndarası yolların vəziyyəti yoxlanılmış, təmir və bərpaya ehtiyacı olan hissələri Yol-Təmir İstismar İdarəsi tərəfindən təmir edilmişdir. İdarənin rəisi Çingiz Mehdiyev bildirdi ki, işçilərə mövsümi geyim dəstləri paylanıb, yollarda baş verə biləcək problemlərin qısa vaxtda aradan qaldırılması üçün idarənin balansındakı texnikalar saz vəziyyətə gətirilib. Lazımi qum ehtiyatı yaradılıb. İdarənin balansına yeni avtoqreyder verilib.

Qeyd edək ki, rayonda fəaliyyət göstərən 12 orta məktəbin 10-u müasir istilik sistemi ilə təmin olunub. Bu il həmin məktəblərin sırasına Qarabağlar kənd 1 nömrəli tam orta məktəbi və Uşaq gənclər şahmat məktəbi də əlavə olunacaq. Hazırda hər iki məktəb üçün yeni bina inşa olunur. Bundan əlavə, Yurdçu kənd tam orta məktəbi və digər ümumtəhsil məktəblərində köhnə şüşə və şiferlər yeniləri ilə əvəzlənib.

Yurdçu kəndini çıxmaq şərti ilə rayonun 11 yaşayış məntəqəsində dövlət idarələrinin inzibati binaları son illərdə tikilmiş kənd mərkəzlərində fəaliyyət göstərir. Həmin binalar da fərdi qazanxana ilə təmin edilib. Bu isə onu deməyə əsas verir ki, qış aylarında rayonun kəndlərindəki yerlərində də problem olmayacaq.

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.5.