Almaniyadakı diasporumuzun üzvləri Azərbaycan

 elminin nailiyyətləri barədə məlumatlandırılıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Almaniyaya səfəri çərçivəsində Berlində fəaliyyət göstərən diasporumuzun üzvləri ilə görüşündə ölkəmizdə elmin hazırkı vəziyyəti, əldə olunmuş nailiyyətlər, AMEA-nın fəaliyyəti, apardığı tədqiqatlar, həyata keçirdiyi layihələr haqqında məlumat verib. A.Əlizadə Almaniyada yaşayan alimlərin və tələbə-doktorantların gələcəkdə AMEA ilə əməkdaşlıq etməsinin önəmli olduğunu vurğulayıb.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru Samirə Patzer-İsmayılova AMEA-nın Azərbaycan diasporunun intellektual potensialına yüksək dəyər verməsindən məmnunluğunu bildirib.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev AMEA-nın nümayəndə heyətinin səfirliyin təşkilatçılığı ilə Berlin-Brandenburq Elmlər Akademiyasında, Aleksandr fon Humboldt Fondunda, Berlin Etnologiya Muzeyində keçirilən görüşlər zamanı aparılan müzakirələr barədə məlumat verib.

Sonda AMEA-nın prezidenti görüşdə iştirak edən tələbə və doktorantların suallarını cavablandırıb.

Qeyd edək ki, səfirlikdə Almaniyada yaşayan Azərbaycan mənşəli alimlərlə keçirilən görüşdə Azərbaycan–Almaniya ikitərəfli münasibətlərində elmin yeri və rolu mövzusunda müzakirələr aparılıb. Həmçinin Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının heyəti ilə görüşlər keçirilib.

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Azərbaycan.-2014.- 4 noyabr.-  S.3.