Su da müqəddəsdir, işıq da, yol da!

 

Prezident İlham Əliyevin qayğısı və köməyi sayəsində qısa müddət ərzində Goranboyda bu problemlər həll olundu. Təkcə bunlarmı?

 

Qədim Goran torpağını indi tanımaq olmur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası çərçivəsində bu yerlər əsaslı surətdə yenidən qurulur. Rayonun hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, müxtəlif infrastruktur layihələri həyata keçirilir. Son vaxtlarda dövlətin tükənməz qayğısı sayəsində Gənclər mərkəzi, Şahmat məktəbi, Avtovağzal kompleksi, Paylayıcı elektrik qurğusu, onlarca məktəb binası inşa edilmiş, Mədəniyyət evi, 2 min yerlik stadion, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunmuş, avtomobil yolları çəkilmiş, müxtəlif sosial obyektlər, fərdi evlər tikilmiş, yaraşıqlı parklar, bağlar salınmış, körpülər, yollar çəkilmişdir.

İllər boyu hamını düşündürən problemlər dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqları ilə sistemli surətdə həll olunur.

Goranboyun suyu qıt idi. Namərd qonşular Sərsəng dəryaçasından gələn suyun da qabağını kəsiblər. İstər içməli və istərsə də suvarma suyunun azlığı hamını narahat edirdi. 2010-cu ilin oktyabrın 23-də Prezident İlham Əliyevin tapşırığına əsasən "Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə 50 milyon manat vəsait ayrılmışdı. Mühüm obyektin sifarişçisi respublika Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, icraçısı isə "Azəraqrotikinti" Səhmdar Cəmiyyətidir.

Böyük obyektdir. Murovdağ-Goranboy su kəməri adlanır. Uzunluğu təqribən 45 kilometrdir. Layihə çərçivəsində 109,6 kilometr şəhərdaxili su xətti, 81,7 kilometr kanalizasiya sistemi çəkilib. Magistral xətt boyunca 13 suvarma qurğusu, 11 hovuz düzəldilib, hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilib. Laboratoriyalar, inzibati binalaristehsalat bazası yaradılıb.

Bu günlərdə Goran torpağına səfəri zamanı dövlət başçısı İlham Əliyev bu mühüm layihənin icrası ilə əlaqədar təşkil olunan mərasimdə iştirak etmişdir. İnsan amilinə, əhalinin günü-güzəranının daha da yaxşılaşmasına xüsusi fikir verən dövlət rəhbəri dedi ki, "su insanın həyatı, sağlamlığı üçün əsas amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su ilə təmin olunacaqlar".

Murovdağın ətəyindəki Ballıqaya kəndindən gələn bal kimi su Goranboyurayonun 18 yaşayış məntəqəsinin, Naftalan şəhərinin, Qaşaltı, Qasımbəyli kəndlərinin və digər yerlərin içməli su tələbatını tam ödəyə biləcək.

Dövlət başçısının səfərindən sevinclə, fərəhlə danışan Tap Qaraqoyunlu kənd sakini Qəzənfər Taplı deyir ki, bu mühüm layihədən bizim kəndin sakinləri də bəhrələnirlər. Bundan əlavə, ön atəş mövqeyində yerləşən kəndimizdə Bayraq meydanı yaradılmış, Əsgər-ana abidəsi ucaldılmış, bir sıra sosial obyektlər inşa edilmiş, xeyir-şər evi tikilmiş, qəfil atəşdən mühafizə məqsədilə 840 metr hasar çəkilmişdir. Dövlətin qayğısı və diqqəti sayəsində həyat öz axarında davam edir. Adamlar əmin-arxayın yaşayır, maldarlıqla, əkin-biçinlə məşğul olurlar. Ona görə də bütün goranboylular kimi biz - təmas xəttində yerləşən kəndlərin sakinləri də Prezident İlham Əliyevə ürəkdən minnətdarıq.

 Bu cür təşəkkür sözlərini rayonun çox yerində - "Goranboy" paylayıcı elektrik məntəqəsinin və Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışı təntənələrində və digər yerlərdə də çox eşitdik. Goran torpağında dövlət başçısı İlham Əliyevin tapşırığı ilə 330 kilovoltluq yeni paylayıcı elektrik məntəqəsi inşa olunub. Həmin şəbəkə ilə İmişli yarımstansiyası arasında çəkilmiş hava xəttinin uzunluğu 165 kilometrdən çoxdur. Mütəxəssislər deyirlər ki, Goranboy qovşağı respublika üzrə bu gərginlikdə ilk paylayıcı məntəqədir. Bu, Azərbaycanda güclü, qüvvətli enerji təminatı yaradılması barədə ulu öndər Heydər Əliyev proqramının çox mühüm bir hissəsidir, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. Tədbirə toplaşanlar müasir Azərbaycanın memarı Heydər Əliyevi dönə-dönə xatırladılar və ölkəmizi dünyada tanıdan Prezident İlham Əliyevin xidmətlərini hörmətlə, ehtiramla qeyd etdilər.

Sərhəd bölgəsində yerləşən Goranboy rayonunun yol təsərrüfatı da həmişə diqqət mərkəzindədir. Goranlı, Baxçakürd, Tatarlı, Həmənli, Əhmədabad, Ağamalıoğlu kəndlərinə abad yollar çəkilib, Meşədiqaralar-Eyvazlılar yolu əsaslı təmir edilib. Dəliməmmədli şəhərinin, Qaradağlı, QaraqucaqYolğunlar kəndlərinin yollarındakı körpülər düzəldilib. Kürəkçay üzərində 25 metr uzunluğunda yeni körpü tikilib.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə çəkilən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışı da əsl el bayramına çevrilmişdi. 35 min nəfər əhalinin yaşadığı 18 kəndi birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2013-cü il 30 iyul tarixli sərəncamı ilə ilkin olaraq 3 milyon, sonra isə cari ilin iyun ayının 10-da daha 7,2 milyon manat vəsait ayrılıb.

Dövlət rəhbərinin tapşırığı uğurla yerinə yetirilir. Avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatıb. Ətrafda abadlıq, yaşıllıq sistemi yaradılıb. 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Rahat və yaraşıqlı yol səfalı dağlara, yaraşıqlı kəndlərə aparır.

Beləcə, sərhəd bölgəsində yerləşən Goranboyda sistemli surətdə çox mühüm işlər görülür. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə magistral su kəməri, güclü elektrik sistemigeniş yol şəbəkəsi istifadəyə verilib. Rayonun mərkəzində, qəsəbə və kəndlərdə bir sıra sosial problemlər uğurla həll olunur. Qısa vaxt ərzində "Goranboy" hoteli, "Şəlalə" kompleksi, avtovağzal binası, əlillər və şəhid ailələri üçün altımərtəbəli yaşayış evi, onlarca mədəni-maarif obyekti tikilib, Nizami Gəncəvi adına istirahət parkı salınıb, müxtəlif yerlərdə 40 mindən çox ağacgül kolu əkilib. Rayonun səfalı guşələrindən birində Olimpiya İdman Kompleksinin təməli qoyulub.

İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev deyir ki, bütün bunlar ölkəmizə əbədi müstəqillik bəxş etmiş Heydər Əliyevin ideyalarının bəhrəsidir. Odur ki, Goranboy rayonunda da ulu öndər daim ehtiramla yad edilir, şanlı həyat yolu, zəngin irsi həvəslə, maraqla öyrənilir. Səfalı guşələrdən birində ucalan Heydər Əliyev Mərkəzi məhz bu dərin ehtiramın, sonsuz məhəbbətin bəhrəsidir.

Qədirbilən Goran torpağına Prezidentin səfəri zamanı Heydər Əliyev Mərkəzinin açılışı oldu. 4300 kvadratmetr ərazisi olan üçmərtəbəli mərkəzdə ümummilli liderin xatirəsini əbədiləşdirən zəngin muzey yaradılıb. İşıqlı, yaraşıqlı zallardakı bir-birindən dəyərli eksponatlardan bir daha aydın olur ki, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir. Əmək veteranı Əzra Həşimova iftixarla dedi ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan onun layiqli davamçısı Prezident İlham Əliyevin çoxcəhətli yaradıcı əməyi sayəsində indi bütün dünyada tanınır.

Mədəniyyət işçisi Gündüz Hacıyevlə birlikdə Heydər Əliyev Mərkəzinin bir-birindən yaraşıqlı zallarını gəzirik. G.Hacıyev qeyd etdi ki, bu dövlət başçısı İlham Əliyevin Goran torpağına üçüncü səfəridir. Hər səfər zamanı da bu yerlərdə yeni-yeni layihələr icra edilir. Bu dəfə açılış mərasiminə yığışdığımız su kəməri də, elektrik şəbəkəsi də, magistral avtomobil yolu da qədim Goranboyun yüksəliş tarixinin ən yaddaqalan səhifələri sayıla bilər.

Dövlət başçısı İlham Əliyevin tükənməz qayğısı hər yerdə hiss olunur. Elə bu günlərdə "Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamış və şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılmışdır. Rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov qədirbilən goranboyluların fikrini ifadə edərək dedi ki, ümumən doğma Azərbaycana, onun regionlarına, eləcə də Goran torpağına göstərilən bu tükənməz qayğı və diqqətə görə dövlət başçısına ürəkdən minnətdarıq.

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.5.