Yevlaxda bir məktəb var...

 

Sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atan Yevlaxda təhsilin inkişafına, müstəqil Azərbaycanın sabahı üçün yüksək intellektual səviyyəyə malik, vətənini, xalqını sonsuz məhəbbətlə sevən gənclərin yetişdirilməsinə böyük önəm verilir. Dövlətin davamlı qayğısı sayəsində son 10 ildə rayonda təhsilin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, bu dövrdə 24 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 11-nin isə binası əsaslı təmir olunmuşdur. Bu sahədə qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun təşəbbüsləri minnətdarlıqla qeyd olunur. Məktəblərin informasiya kommunikasiya texnologiyaları avadanlıqları ilə təminatında da böyük irəliləyiş əldə edilmişdir. Hazırda rayonun 57 məktəbində 475 ədəd kompüterdən, 17 ədəd nootbukdan, 17 ədəd projektordan, 4 fənn üzrə 1725 ədəd elektron dərslikdən səmərəli istifadə olunur. Ölkədə müəllimlərə dövlət qayğısı Yevlaxda da minnətdarlıqla qarşılanır. Rayonun müəllimlərindən 12 nəfəri "Əməkdar müəllim" adına, 8 nəfəri "Tərəqqi" medalına layiq görülmüş, 2 nəfəri isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Burada ali məktəblərə qəbul olunan məzunların sayı ildən-ilə artır. 2014-cü ildə rayon üzrə ali məktəblərə 344 məzun qəbul olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 29 nəfər çoxdur. Ən yüksək nəticə göstərən şəhər 5 nömrəli tam orta məktəbin məzunu Aysel Zeynallı 681 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş Prezident təqaüdünə layiq görülmüşdür. Ötən dərs ilinin yekunlarına görə XI sinfi bitirən iki şagird qızıl medala layiq görülmüşdür. Onların hər ikisi 5 nömrəli məktəbin məzunudur - Aysel Zeynallı Maya Məşdizadə.

Səməd Vurğun adına 5 nömrəli tam orta məktəb rayonun qabaqcıl təhsil ocaqlarındandır. Burada Azərbaycan rus bölmələri fəaliyyət göstərir. Bina köhnə olsa da, sinif dəhlizlərdəki təmizlik, səliqə-sahman diqqət çəkir. Məktəbin direktoru Zərxanım Əhmədovanın qayğıkeşliyi ilə yanaşı, ciddi tələbkarlığı da kollektivin qazandığı uğurlarda xüsusi rol oynayır. Azərbaycan bölməsində 614, rus bölməsində isə 296 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160-dan çox müəllim məşğul olur.

Məktəbin direktoru Zərxanım Əhmədova söhbət zamanı dedi ki, Prezident İlham Əliyev ölkəmizin sürətlə artan iqtisadi gücünü, neft kapitalını insan kapitalına çevirmək, hər bir ölkə vətəndaşının intellektual səviyyəyə çatmasına nail olmaq üçün  əhəmiyyətli tədbirlər həyata keçirir. Bu sahədə məktəbin müəllimlərin üzərinə son dərəcə məsul şərəfli vəzifə düşür. Bütün bacarığımızı sərf edərək çalışırıq ki, doğma Azərbaycanımızın sabahı üçün hərtərəfli biliyə, yüksək əxlaqa, vətənini xalqını sonsuz məhəbbətlə sevən vətəndaş yetişdirək. Başqalarından güclü olmağın bir yolu var, o da elmdir. Z.Əhmədova qeyd etdi ki, məktəbin qazandığı uğur bütün kollektivin əməyinin nəticəsidir. Burada öz peşəsini ürəkdən sevən, tapşırılan vəzifəni layiqincə yerinə yetirən qabaqcıl müəllimlər çoxdur. Tarix müəllimi Əmiraslan Bəşirov dövlət başçısının sərəncamı ilə bu günlərdə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Kimya üzrə fəlsəfə doktoru Elman Şirinov, coğrafiya müəllimi Sara Qarayeva, ingilis dili müəllimi Elza Əhmədova, rus dili müəllimi Sevinc Hacıyeva, ibtidai sinif müəllimləri Şərafət Rəhimli, Şölə Hüseynova başqaları sanki bir şam ömrü yaşayır, könüllərinin nuru ilə gənc nəslin ömür yollarını işıqlandırırlar.

Məktəbi 2014-cü ildə bitirmiş 90 məzundan 45-i respublikanın xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.

Haqqında söhbət açılan təhsil ocağı Yevlax rayonunun ümumtəhsil məktəbləri arasındakı reytinq cədvəlinə başçılıq edir. Bu öncül mövqeyi qoruyub saxlamaq, qazanılmış şöhrəti daha da artırmaq üçün məktəbin pedaqoji kollektivi mütərəqqi tədris üsullarından, qabaqcıl təcrübədən, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yaradıcılıqla istifadə edir, doğma Azərbaycanın sabahının etibarlı əllərdə olmasına çalışırlar.

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.5.