Latviya qəzetində Məryəm Ələkbərli haqqında məqalə dərc edilib

 

Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Riqadakı Riqa birjası Rəssamlıq Muzeyində Azərbaycanın istedadlı gənc rəssamı Məryəm Ələkbərlinin əsərlərindən ibarət Gecənin musiqisi adlı sərgi açılıb. Latviyada çıxan populyar Neatkariga rita avize qəzetində Rəssam Məryəm Ələkbərlinin əsərləri ruhlandırır sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Azərbaycan rəssamı Məryəm Ələkbərlinin son üç ildə portret, peyzajnatürmort janrlarında çəkdiyi 25 əsərin Riqada sərgisi açılıb. Gecənin musiqisi adlı rəsmlər silsiləsi ekspozisiyada xüsusi yer tutur. Sərginin təşkilatçılarının fikrincə, müxtəlif texnikalardan istifadə edilməsi, rənglər və formalarla cəsarətli eksperimentlər Məryəm Ələkbərlinin boyakarlıq əsərlərinin əsasıdır. Təzadlar vasitəsilə əlvan və ahəngdar dünya yaradılması bu rəssamın dəst-xəttidir. Bu dəst-xətt intuitiv olaraq fərdi ifadə üsulları axtaran Məryəmin nurlu, həyatsevər daxili aləminə nəzər yetirməyə imkan verir.

Gənc rəssamın valideynləri deyirlər ki, Məryəm şəkil çəkməyi həmişə xoşlayırdı, lakin bu qızın rəssam istedadına malik olmasını o özü sezdirib. Rəssamın atası Oqtay Ələkbərov xatırlayır: Moskvada Tretyakov qalereyasına getmişdik. Orada çiçəklər təsvir edilmiş bir açıqca gördük. Məlum oldu ki, bu açıqcanın müəllifi bizim qızımızdır. Həmin əsərdən xeyriyyəçilik məqsədləri üçün istifadə edilib. Bu hadisə təxminən 10 il əvvəl olub. Bundan sonra qızımızı rəssamlıq dərnəyinə yazdırmağı qərara aldıq.

Bu gün Məryəm Ələkbərlinin əsərləri bütün Avropanın sərgi və muzeylərində nümayiş etdirilir. Başqa rəssamlardan fərqli olaraq Məryəm bir gündə bir, bəzən də iki əsər yarada bilir. O.Ələkbərov etiraf edir: Məryəmin sərgilərinin demək olar ki, hər birində onun işlərini satmaq barədə təkliflər olur, lakin psixoloji cəhətdən biz hələ buna hazır deyilik.

Rəssamın atası əmindir: Artıq dördüncü ildir ki, qızım Parisdə iki rəssamlıq məktəbində oxuyur. Bu illər ərzində onun ustalıq səviyyəsi artıb, o, rəssamlıq texnikasını mənimsəyib. Qızım bir neçə dil ingilis, rus, bir qədər alman dili əlbəttə, azərbaycan dili bilir. Paris dövrü başa çatandan sonra Məryəm rəssamlıqla məşğul olacaq. O, bunsuz yaşaya bilmir.

 

Nigar Cəfərli

AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

Azərbaycan. - 2014.- 2 noyabr.- S.6.