Müasir İncəsənət Muzeyində rəssam və heykəltəraş Hüseyn Haqverdinin sərgisi açılıb

 

Müasir İncəsənət Muzeyində rəssam və heykəltəraş Hüseyn Haqverdinin heykəltəraşlıq və qrafika əsərlərindən ibarət Daş fərdi sərgisi açılıb.

AzərTAc xəbər verir ki, mərasimi açan muzeyin icraçı direktoru Xəyyam Abdinov sərgini dəstəkləyən və əsas təşəbbüskarı olan YARAT Müasir İncəsənət Məkanının təsisçisi, Müasir İncəsənət Muzeyinin kuratorial direktoru Aida Mahmudovaya minnətdarlıq edib.

Bildirib ki, Hüseyn Haqverdinin əsərləri tamaşaçıların qarşısında forma və rənglərin çoxmənalı dünyasını açır. Ali klassik rəssamlıq təhsilinə və çoxillik təcrübəyə malik Hüseyn Haqverdinin əsərləri onun zəngin, çoxmənalı daxili dünyasından xəbər verir. Heykəl, qrafika və rəsm bu sənətkarın geniş ideyalarını təcəssüm etdirməsi üçün istifadə etdiyi alətlərin hələ hamısı deyil.

Xəyyam Abdinov rəssama yaradıcılığında, gələcək layihələrində uğurlar arzulayıb.

Sərginin kuratoru Çingiz Babayev bu sərgini Hüseyn Haqverdini yaradıcılığının uğuru kimi qiymətləndirib və onu bu münasibətlə təbrik edib.

Ölkədə mədəniyyətə, incəsənətə dövlət səviyyəsində böyük diqqət göstərildiyini söyləyən Hüseyn Haqverdi son əsərlərinin təqdim edildiyi bu sərginin təşkilində əməyi olan hər kəsə, həmçinin sərgiyə gələnlərə təşəkkürünü bildirib.

Sonra sərgiyə baxış olub.

Dekabrın 1-dək davam edəcək sərgidə rəssamın 45 heykəltəraşlıq əsəri təqdim olunur. Bura 7 ədəd relyef plitələrindən ibarət silsilə, 9 ədəd dairəvi heykəllər silsiləsi, Rekviem silsiləsindən 11, Totemlər silsiləsindən 8, Portretlər silsiləsindən 10 ədəd heykəl və 7 qrafika əsəri daxildir. Həmçinin rəssam haqqında Həmid Əminin hazırladığı 18 dəqiqəlik sənədli film də təqdim edilir.

Hüseyn Haqverdi yaradıcılığının çox hissəsini möcüzəli materiala - daşa həsr edən heykəltəraşlardandır. Daşa məxsus mahiyyətin təbiiliyinə və keyfiyyətinə peşəkar vurğunluğu səbəbindən rəssamı daş heykəltəraşı adlandırmaq olar. Sənətkar sanki hər dəfə daşın yeni sirlərini açaraq bu materialla qırılmaz dialoqda olur. Hüseyn Haqverdinin dediyinə görə, həyatın özü onun əsas ilham mənbəyidir. Həyat haqqında düşüncələr müəllifi, onun paradoksları haqqında fikrə yönəldir. Beləcə, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət seriyalar meydana çıxır. Burada müəllif iki müxtəlif subyekti birləşdirib, arxitektonik yeni orqanizm yaratmağa çalışır. İnsana oxşadılmış arxitekturaya arxitektonik insan obrazlarında insanın böyük meqapolisin gündəlik ritmlərinin təzyiqi altında qalması və insan tənhalığı probleminin müəllifi dərindən düşündürdüyü əyani görünür. Rəssam, sanki insan təbiətini həssaslıqla dərk edərək, ona böyük şəhərin atmosferinin yad olduğunu anlamışdır. İnsanın təbiətdən uzaqlaşması prosesi çox əsrlər əvvəl başlamışdı. Paradoks ondadır ki, müxtəlif texnologiyaların mənimsənməsiylə, insan tədricən ona məxsus təbii mühitdən uzaqlaşmağa başlayır, nəticədə, hələ də tənhalıq dilemmasının üzərində düşünərək öz təkəbbürlü ideyalarının girovu olaraq qalır.

Həyatın gündəlik reallıqlarına məhəl qoymayan Hüseyn Haqverdi insanın daxili dünyasının gerçəkliyinə üstünlük verir və həyat prosesinin mahiyyətinə dərindən nüfuz edir. O, kəskin çevrələrlə və sərt siluetlərlə müxtəlif heykəllər yaradır və beləliklə, insana zorla qəbul etdirilən yolverilməz ümumi kütləvi saxta mədəniyyətə qarşı öz etirazını vizuallaşdırır. Burada müəllifin xarakterinin fərqləndirici xüsusiyyətlərindən biri - üsyankarlığı görünüronun bədii obrazının ətrafında xarizmatik şəxsiyyətinin sirri yaranır. Yaratdığı obrazlar vasitəsilə müəllif bizə öz əhval-ruhiyyəsini və həyəcanlarını çatdırır. Onlar, sanki rəssamın ruhunun avtoportretləri kimi qarşımıza çıxır. Heykəltəraş, daşın təbiətindən istifadə edərək, sanki zərif, yüngül zərbələrlə onun təbii bütövlüyünü pozur və xəyalən tamaşaçıya əsas ideyanı inkişaf etdirmək imkanı yaradır. Yaradılmış obyektlə interaktiv əlaqədə olarkən, tamaşaçı sənətkarın məxfi yaradıcı prosesində iştirak etmək fürsəti əldə edir. Beləliklə də, yaradıcılıq prosesini, müəllifi və tamaşaçını birləşdirən unikal bir anın şahidi oluruq.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 2 noyabr.- S.6.