Xeyirxah əməllər cəmiyyətdə böyük rəğbətlə qarşılanır

 

Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər.

Konkret həyat amalına malik belə mənəviyyat sahibləri şərəfli və mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilirlər. UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da yarandığı vaxtdan etibarən Azərbaycan xalqı qarşısında müstəsna xidmət və xeyirxah əməllərin daşıyıcısı olmaqla, belə bir ucalığa yüksəlmiş, insanların səmimi rəğbətini qazanmışdır.

Heydər Əliyev Fondu dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır. Fəaliyyət göstərdiyi müddət ərzində ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir. Fond ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Fondun təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuzetimad qazanmışdır. Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Bu xətti fəaliyyətində əsas tutaraq uğurla davam etdirən Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak etməyə çalışır. Fondun prezidenti 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri kimi ilk çıxışında Azərbaycanı Üzeyir Hacıbəyli, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətəni kimi tərənnüm etmiş, bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş Azərbaycan xalqının həqiqətən də böyük xalq olduğunu dünya ictimaiyyətinə çatdırmışdır.

 Heydər Əliyev Fondu dünya mədəniyyətinin mərkəzi sayılan bir çox ölkələrdə mədəni irsin qorunması kimi möhtəşəm layihələrdə iştirak edir. Heydər Əliyev Fondunun  fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın və bəşəriyyətin mənəvi inciləri dünyanın qeyri-maddi mədəni irs siyahısına salınır. Bu, həm də fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoquortaq məxrəc axtardığı məkan anlamına gətirir. Heydər Əliyev Fondunun fəaliyyət xətti ilə Parisdə "Versal Sarayı"nın parkında abidələr bərpa edilmişdir. Strasburq şəhərində "Müqəddəs Məryəm" kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərilmişdir. Pakistanda zəlzələdən zərərçəkən qızlar məktəbi yenidən inşa olunmuşdur. Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının bəziləri məhz Heydər Əliyev Fondunun sayəsində müasir standartlara uyğunlaşdırılmışdır. Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına daim dəstək verilmişdir. Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi qlobal layihəyə imza atılmışdır.

 Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə beynəlxalq səviyyədə də müdafiə olunur. Bütün bunlar isə zəmanəmizin qürur doğuran reallığıdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, UNESCO, ISESCO və onlarca mötəbər qurumun nümayəndələri də Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələri daim yüksək qiymətləndirmişlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion" ordeninə, UNESCO-nun "Qızıl Motsart" medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür.

Fondun  həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda yüksək fəallıq nümayiş etdirir.

Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Rusiya nümayəndəliyinə yüksək səviyyədə rəhbərlik edir. Son illərdə Leyla Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin,  mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir

 

Ceyhun ƏLƏKBƏROV,

"Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri

 

Azərbaycan. - 2014.- 6 noyabr.-  S.5.