Maarifləndirmə tədbirlərinin seçki subyektlərinin

 fəaliyyətinə və seçki prosesinin təkmilləşdirilməsinə təsiri

 

23 dekabr bələdiyyə seçkiləri günüdür

 

Müstəqilliyin bərpa tarixinin iyirmiilliyini artıq arxada qoymuş Azərbaycan Respublikası ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sferalarında olduğu kimi, seçkilər sahəsində də beynəlxalq miqyaslı uğurlar əldə etməkdədir. Seçki sistemi təkmilləşdirilmiş, mükəmməl hüquqi baza yaradılmış, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq daha da genişlənmiş, seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunmuşdur. Bu illər ərzində ölkədə Azərbaycan Respublikası Prezidentinin 6 seçkisi, Azərbaycan Respublikası Milli Məclisinə 4, bələdiyyələrə 3 seçki və 5 referendum keçirilmişdir. Aparılan təhlillər, seçkilər üzrə ixtisaslaşmış beynəlxalq və yerli mütəxəssislərin verdikləri rəylər təsdiq edir ki, ölkəmizdə seçki praktikası durmadan təkmilləşir, beynəlxalq təcrübə dərindən öyrənilir və dünya standartlarına uyğunlaşdırma prosesi uğurla davam edir.

Məqsədyönlü və ardıcıl aparılan hüquq islahatları nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqları daha da genişlənmiş, bu hüquqların səmərəli təmin olunması və qorunması mexanizmləri təkmilləşdirilmiş, bu sahədə inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xeyli dərinləşmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan edən Azərbaycan dövlətinin və onun rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin fövqündə də məhz insan amili, onun mənafeləri və maraqları dayanır.

Məlum olduğu kimi, insan və vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri seçki hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş həmin normaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. İnsan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması və onun daha sivil həyata keçirilməsi vasitələrindən olan seçkilərin demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standart və tələblərə uyğun keçirilməsi, bir sıra amillərlə, o cümlədən ictimai-siyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının mövcud olması, maddi-texniki təchizatın yüksək səviyyəsi və mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlıdır. Bu baxımdan qısa zaman kəsiyində respublikamızda sanballı nəticələrə imza atılmış, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra təqdirəlayiq dövlət proqramları hazırlanıb həyata keçirilmişdir.

Seçki təcrübəsi göstərir ki, seçki hüquqlarının həyata keçirilməsi mexanizmi, realizə vasitə və üsulları bir sıra amillərlə, o cümlədən çoxsaylı seçki subyektlərinin hazırlıq səviyyəsi ilə bağlıdır. Belə ki, respublikamızda beş milyondan artıq daimi seçici, hər seçki dövründə xarakterindən asılı olaraq xeyli sayda namizəd, onların təmsilçiləri, müşahidəçilər, KİV nümayəndələri seçki prosesinə qoşulur. Bu baxımdan çoxsaylı seçki subyektləri üçün təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti danılmazdır. Belə tədbirlərin hazırlanması və keçirilməsi Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmaqla daimikonkret seçkilər dövrü üçün nəzərdə tutulur.

Seçici siyahıları da özünəməxsus maarifləndirmə baxımından çox mühüm seçki sənədidir və il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Artıq vətəndaşlar adlarının seçicilər siyahısında olduğu seçki məntəqəsinə getmədən belə MSK-nın internet səhifəsinə daxil olmaqla özləri və ailə üzvləri haqqında olan məlumatları dəqiqləşdirə, bununla bağlı hər hansı uyğunsuzluq aşkar etdikdə vaxtında onu aradan qaldırmaq üçün müvafiq seçki komissiyasına müraciət etmək imkanlarına malikdirlər.

MSK-nın qaynar xətti də faydalı ünsiyyət vasitəsidir. Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli elektron qaynar xətt daim seçicilərin istifadəsindədir. Vətəndaşlar mütəmadi olaraq bu xəttə müraciət edirlər. Daxil olmuş müraciətlər dərhal cavablandırılır və operativ şəkildə müvafiq tədbirlər gorülür.

Hər kəsə yaxşı məlumdur ki, yüksək texnologiyalarinnovasiyalar dövrünün insanların, o cümlədən ölkə vətəndaşlarının bu sahədəki bilik və vərdişləri durmadan artır. Mərkəzi Seçki Komissiyası da qanunvericiliyin verdiyi imkanlar hüdudunda internet vasitəsilə seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi işini durmadan təkmilləşdirir.

Müasir texnologiyaların imkanlarından bəhrələnməklə seçki subyektləri Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bütün qərarlarla, sənədlərlə və keçirdiyi tədbirlərlə yaxından tanış olur, həmçinin seçkilərdə iştirak edən subyektlərlə bağlı məlumatlar əldə edə bilirlər.

Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilir. Seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə MSK-nın qərarları və məlumatlar, eləcə də daxil olmuş şikayət və müraciətlərlə bağlı ekspert qrupu üzvləri tərəfindən verilmiş rəylər və komissiyanın iclasından dərhal sonra isə MSK-nın müvafiq qərarları Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilir. Bundan başqa, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçicilərin xüsusi naviqasiya xarakterli proqram təminatı vasitəsilə öz məntəqəsinə gedişi, əvvəlki seçkilərlə bağlı məlumatlar, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar internet səhifəsinə yerləşdirilir. Komissiyanın sosial şəbəkələrdəki səhifəsi də istifadəçilərin ixtiyarında olurmüvafiq məlumatlar mütəmadi olaraq bu səhifələrdə də yerləşdirilir.

Aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi mühüm əhəmiyyətli layihələrdən biridir. Çünki seçki komissiyalarında otuz mindən artıq komissiya üzvü fəaliyyət göstərir ki, seçkilərin beynəlxalq standartlara uyğun hazırlanıb keçirilməsi bilavasitə onların peşəkarlıq səviyyəsindən, bilik və bacarıqlarından da asılıdır.

 Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və onun davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar, habelə digər seçki subyektlərinin maarifləndirilməsi üçün bu qəbildən olan çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Artıq ənənə halını almış seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iki mərhələdən ibarət olmaqla öncə dairə seçki komissiyalarının sədrləri, sonra isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ölkə üzrə təşkil edilir. Həmin tədbirlərə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin, həmçinin digər müxtəlif dövlət orqanlarının məsul şəxsləri cəlb olunurlar. Məlumat üçün qeyd edək ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün müvafiq olaraq müşavirə, təcrübə mübadiləsi və seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar artıq başa çatmışdır.

2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihələridir. 2008-ci ildən başlayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlanmışdır. Hazırda bu xarakterli tədbirlərin keçirilməsi ənənəsi davam etdirilməkdədir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesinin ən mühüm mərhələlərindən olan səsvermə prosesi ilə bağlı ətraflı məlumatlandırılırlar. Bütünlükdə bu treninqlərdə 30000-dən artıq komissiya üzvünün iştirakı təmin edilir.

MSK-da dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktiki treninqlər keçirilməsi də eyni məqsədə xidmət edir. Treninqlərdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumat verilir, əyani formada istifadə qaydaları öyrədilir və onları maraqlandıran suallara aydınlıq gətirilir. Treninqlərin nəticəsində operatorlar praktiki təcrübəsi qazanırlar ki, bu da seçki günü şəbəkədən daha rahat istifadəni təmin edir.

Maarifləndirmə proqramları çərçivəsində seçkilərə hazırlıq, həyata keçirilmiş layihələr, seçki hüququnun həyata keçirilməsi və vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyinormativ-hüquqi sənədlər, yerli və beynəlxalq müşahidənin əsasları və digər məsələlər ətraflı müzakirə edilir, ortaya çıxan suallar əhatəli şəkildə cavablandırılır. Tədbirlərə beynəlxalq təşkilatların nümayəndələrinin qoşulması təcrübəsi genişlənməkdədir.

Ümumiyyətlə, MSK-nın maarifləndirmə məqsədi daşıyan tədbirlərinin hüdudları ildən-ilə genişlənir. Əgər əvvəllər maarifləndirmə tədbirləri əsasən aşağı seçki komissiyası üzvləri və seçicilər arasında aparılırdısa, sonradan bu xarakterli tədbirlər polis əməkdaşları, ilk dəfə səs verəcək gənclərlə də təşkil olundu və səmərəli nəticələr verdi. MSK rəhbərliyi qarşıdakı seçkilərdə də bu xarakterli tədbirlərin əhatə dairəsini daha da genişləndirməyi məqsədəmüvafiq hesab edir.

Seçki təcrübəsi göstərir ki, seçkilər zamanı bəzən buya digər səbəblərdən vətəndaşların seçki hüquqlarının pozulması halları olur. Bu isə pozulmuş seçki hüquqlarının bərpa olunması zərurətini yaradır. Məhz bu zərurətlə bağlı Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertləri ilə birlikdə şikayət və müraciətlərə baxılması ilə əlaqədar dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirir. Bu şəxslər üçün seminar-treninqlərin keçirilməsi həm nəzəri, həm də praktiki cəhətdən çox faydalıdır. Cəsarətlə demək olar ki, ötən müddət ərzində həmin ekspertlərin topladığı müsbət təcrübə bu gün aydın şəkildə hiss olunmaqdadır.

Normativ xarakterli aktların hazırlanması və yayılması sahəsində həyata keçirilən tədbirlər də seçki subyektlərinin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayır. Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən hər bir seçki (referendum) üçün yuxarıda qeyd olunan məqsədə uyğun olaraq "Təlimat, Qaydaİzahlar" topluları hazırlayaraq onun çap olunması və aşağı seçki komissiyası üzvləri arasında paylanması işini təşkil edir. Ənənəyə sadiq qalaraq əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkiləri üçünbeş toplu çap olunaraq aşağı seçki komissiyalarına və digər seçki subyektlərinə paylanılmışdır. 8 təlimat, 3 qayda, 2 izahonlarca sənəd nümunələrini özündə cəmləşdirmiş həmin toplular nəinki seçki komissiyalarının üzvləri, eləcə də digər seçki subyektləri üçün də əlçatandır. Bundan başqa, hər seçki üçün "Əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı", "Səsvermə günü üçün Yaddaş kitabçası", "Müşahidəçilər üçün Yaddaş kitabçası", "Namizədlər üçün Yaddaş kitabçası", "Polis üçün Yaddaş kitabçası" və s. vəsaitlər çap olunaraq seçki subyektlərinin istifadəsinə verilir.

Seçki prosesinin ən çoxsaylı nümayəndələri olan seçicilərin maarifləndirilməsi tədbirləri içərisində səsvermənin yeri və vaxtı barədə bildirişlərin hazırlanması və onların vətəndaşlara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Artıq qarşıdan gələn bələdiyyə seçkilərində istifadə ediləcək bildiriş forması hazırlanaraq çap olunmuşdur. Orada seçicilərin səsvermə günü bütün davranış qaydaları, onların hüquq və vəzifələri öz əksini tapmışdır.

Bundan başqa, seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının üzvləri və əməkdaşları seçkilər dövrü İTV-də hər həftə seçki kampaniyasının müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış edirlər. Eyni zamanda, MSK üzvlərinin və katiblik əməkdaşlarının mətbuat səhifələrindəki məqalələri və müsahibələri də vətəndaşların seçki fəallığına stimul verən tədbirlərdəndir.

Ümumiyyətlə, seçki komissiyaları kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir, onlara seçkiləri işıqlandırmaları üçün hər cür şərait yaradır, öz peşə borclarını layiqincə yerinə yetirmələrinə lazımi kömək göstərirlər. Son illər bu əməkdaşlıq daha da dərinləşmiş və bir çox birgə tədbirlər həyata keçirilmişdir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunur və lazımi məlumatları əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə MSK tərəfindən müxtəlif xarakterli mətbuat konfransları, brifinqlər keçirilir, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılır, mətbuat bülletenləri və məqalələr dərc olunur. Həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat xarakterli videoçarxlar, seçkiyə çağırış plakatları, bukletlər hazırlanır və ictimailəşdirilir ki, belə tədbirlər hazırkı bələdiyyə seçkilərində də səsvermə gününə qədər davam etdiriləcəkdir.

Bir sözlə, seçki komissiyaları tərəfindən seçki subyektlərinin maarifləndirilməsi məqsədilə həyata keçirilən bütün tədbirlər nəticə etibarı ilə seçki praktikasının və seçki subyektlərinin hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə, seçkilərin beynəlxalq standartlara və seçkilər sahəsində ixtisaslaşdırılmış beynəlxalq təşkilatların tələblərinə uyğun keçirilməsinə dəyərli töhfədir.

 

Natiq MƏMMƏDOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini

Azərbaycan.-2014.- 7 noyabr.- S.8.