Naftalan dünya miqyasında turizm mərkəzinə çevrilir

 

Bu, vətənin sərvətini xalqa bəxş edən milli müstəqilliyin bəhrəsidir

 

Möcüzəli Naftalan elimizin əvəzsiz sərvətidir. Deyirlər ki, Naftalan nefti 70-dən  çox xəstəliyin dərmanıdır. Hələ neçə yüz il bundan əvvəl yaxın-uzaq ellərdə tanınır, müxtəlif dərman preparatları Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyayabaşqa  ölkələrə satılırdı. Bir zaman belə bir zərb-məsəl yaranmışdı: "Kim naftalana malikdirsə,  onun hər şeyi var".

Ötən əsrin 30-cu illərində kurort kimi fəaliyyətə başlasa da, onun imkanlarından  qədərincə istifadə olunmurdu. Prezident İlham Əliyevin səfəri zamanı dönə-dönə  xatırlandı ki, bu qiymətli sərvətdən kütləvi şəkildə istifadənin təşkili ümummilli lider  Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci il fevralın 19-da ulu öndərin təşəbbüsü ilə Naftalan kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında geniş qərar qəbul olunmuşdu. Xeyli   görüldü. Təəssüf  ki, keçən əsrin 90-cı illərinin burulğanında çox şey sıradan çıxdı. Naftalan kurortunun fəaliyyəti tamamilə dayandı. Xalqın təkidli tələbi ilə Heydər  Əliyev hakimiyyətə qayıdandan sonra hər şey tədricən nizama düşməyə başladı.

Naftalanın bir kurort kimi bərpasında ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı əvəzsizdir. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq müalicə xidmətinin, istirahət-əyləncə müəssisələrinin yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görüldü. Son illərdə dövlət başçısının sərəncamına əsasən, 6 kilometr uzunluğunda Naftalan-Qaşaltı-Qaraqoyunlu avtomobil yolu əsaslı təmir olunub, yaşıl zolaqlar salınıb. Şəhərin səfalı guşəsində 280  yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Avtovağzal kompleksi, polis  şöbəsi və Naftalan bələdiyyəsi üçün binalar tikilir. 80 yerlik Mərkəzi Şəhər Xəstəxanasının  inşası üçün layihə-smeta sənədləri  hazırlanır.

Naftalanın şəraiti yaxşılaşıb, müalicə imkanları genişləndikcə bu yerlərə gələnlərin sayı da artır. Cari ilin 10 ayı ərzində burada 3 il bundan əvvəl olduğundan 5 dəfə çox adam qəbul edilmişdir. Bu, heç də təsadüfi deyil. Hazırda Naftalanda hər cür şəraiti olan 3 nəhəng hotel kompleksi fəaliyyət göstərir. Naftalan, QarabağÇinar müalicə-sağlamlıq mərkəzində hər şərait yaradılıb. Təkcə "Qarabağ SPA and Resort" hotelinin sahəsi 13 hektardan çoxdur. 264 yerlik hoteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq  var. Dövlət başçısı dedi ki, "Naftalanda müalicə, istirahət üçün şərait var. Gəncə  Beynəlxalq Aeroportu  tikilib. Yaxşı yollar salınıb. Naftalan şəhəri gözəlləşir, abadlaşır, bütün binalar bərpa edilir, ictimai yerlər, parklar yaradılır. Yəni Naftalan dünya miqyasında bir turizm mərkəzinə çevrilir". Son vaxtlarda "Naftalan" hotelində 340 yerlik korpus inşa edilmiş, "Çinar" sanatoriyası yenidən qurulmuş, Əlillərin bərpa mərkəzi istifadəyə verilmiş, çoxmərtəbəli 12 yaşayış binası və 1500 yerlik şəhər stadionu əsaslı təmir olunmuş, parklar salınmış, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.

Şərait yaxşılaşdıqca bu yerlərin şöhrəti artır, beynəlxalq əlaqələri genişlənir. Son vaxtlar Naftalan kurortu Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yesentuki,  Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq etməyə başlamışdır. 

Dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər zamanı qeyd olundu ki, Naftalanın daha  xoş günləri hələ öndədir. "Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə  dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 20 oktyabr 2014-cü il tarixli sərəncamı ölkə rəhbərinin tükənməz qayğı və diqqətindən, bu yerlərin daha xoş sabahından  xəbər verir. Şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda   müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naftalan Şəhər  İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılmışdır.

İcra hakimiyyətinin başçısı Natiq Aslanov dedi ki, bu yerlərə qayğı və köməyi daim   artır. Belə getsə, yaxın vaxtlarda möcüzəli Naftalan bütün dünyada şöhrət qazanan beynəlxalq tibbi turizm mərkəzinə çevriləcəkdir. Prezident İlham Əliyevin bu yerlərə tarixi səfərinin yekunları, onun tövsiyə və tapşırıqları müzakirə edilərkən naftalanlılar tükənməz qayğı və köməyə görə yekdilliklə dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 7 noyabr.- S.10.