Vətənpərvər şair

 

Rəfiq Zəka-75

 

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən respublikanın hər yerində şair-alim Rəfiq Zəkanın anadan olmasının 75 illiyi təntənə ilə qeyd edilir. Bu, Azərbaycan ədəbiyyatına, milli dəyərlərimizin təbliğinə böyük ehtiramın ifadəsidir.

Rəfiq Zəka  çox az  yaşadı (1939-1999).  Altmış ilinin tamamına altı ay qalmış qəflətən dünyasını dəyişdi. Ölümüylə Rəfiq Zəkaya öyrəşmiş dostlarının, əzizlərinin qəlbində acı bir nisgil, illər keçdikcə də korun-korun tüstülənən kədərli hisslər, duyğular oyatdı. Az yaşadı deyirəm, çünki bütün ədəbi ictimaiyyət belə bir qəfil ölümü gözləmirdi, o, ədəbi məclislərdə, televiziya verilişlərində tez-tez görünürdü, ömrünün son illərində isə ömrü-günü səyahətdə  keçirdi, Türkiyədə, onun müxtəlif şəhərlərində həftələrlə, aylarla qalırdı, Türkiyə Folklor Akademiyasının fəxri akademiki idi, Beynəlxalq Atatürk Mükafatı laureatı olmuşdu, qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyətinin üzvü seçilmişdi. Ankaraİstanbulda kütləvi tirajlarla kitabları çap olunmuşdu. Yəni, Rəfiq Zəka daim diqqət mərkəzində idi və təbii ki, ölüm haqqında düşünmürdü.  Amma alın yazısına nə deyəsən...

Rəfiq Zəkanı biz necə xatırlayırıq? Hər şeydən əvvəl, görkəmli ədəbiyyatşünas, professor Cəfər Xəndan Hacıyevin oğlu kimi... Cəfər Xəndan Hacıyev XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən idi, Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə aid yazdığı onlarca məqalənin, bir sıra dərs vəsatinin, ən başlıcası isə XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən mötəbər və nüfuzlu tədqiqatçılarından biri olmuşdur. Heç şübhəsiz, Rəfiq Zəka bu alim ocağında atasından təkcə mükəmməl tərbiyə yox, həm də onun yolunu davam etdirmək, ataya layiq oğul olmaq dərsini də öyrənib. Mərhum  filosof, professor Aslan Aslanov R.Zəkanın şeirlər kitabının birinə yazdığı ön sözdə qeyd edir ki, bir gün ustad Cəfər Xəndan məndən soruşdu ki, tələbən Rəfiq necədir, ondan razısanmı? Cavabında dedim ki, o, sizə tam layiq bir oğuldur, şeirləri də xoşuma gəlir. Cəfər müəllim bu cavabdan çox məmnun qaldı. Amma çox təəssüf ki, ata - Cəfər Xəndan oğlunun ilk şeirlər kitabını görmədi...

Rəfiq Zəkanı biz kəskin, iti hafizəli bir insan kimi də xatırlayırıq. Şəxsən mən elə bir adam tanımıram ki, yaddaşı bu qədər güclü ola. Türk şairi Əbdülhaqq Hamidin 5000 misralıq "Məqbər" poemasını əzbər bilirdi. Namiq Kamaldan, Tofiq Fikrətdən, Rza Tofiqdən, Yəhya Kamaldan, Faruq Nafizdən, Nazim Hikmətdən, Orxan Seyfidən və bizim dahi klassiklərdən (Füzuli, Nəsimi, Cavid, Hadi, Sabir) və S.Vurğundan, Şəhriyardan, Müşfiqdən, Süleyman Rüstəmdən və daha kimlərdən əzbər bildiyi şeirləri də bu sıraya qatsaq, biz ancaq heyrətimizdən içimizi çəkə bilərik. Onun yaradıcılığından söz açan bütün müəlliflər Rəfiq Zəkanın iti hafizəyə malik olduğunu  dönə-dönə qeyd etmişlər.

Rəfiq Zəka haqqında düşünəndə bironun əsl azərbaycançı və türkçü olduğunu xatırlayıram. O, sovet dönəminin ən qızğın, türkçülüyün yasaq olunduğu, bu barədə ucadan danışılmadığı çağlarda yığıncaqlarda, ədəbi məclislərdə türkçülüyü təbliğ edən şeirlər söyləyir, onları təbliğ edirdi. Ötən əsrin 80-ci illərinin ortalarından, artıq sovet quruluşunun çökməyə başladığı illərdə isə onun səsi daha gur eşidilirdi. Təbii ki, bu təbliğat ədəbi mübarizə formasında gedirdi. 1990-cı illərdə isə Türkiyəyə gedib-gələn ədəbi ziyalılarımız içərisində Rəfiq Zəka xüsusi fəallığı ilə seçilirdi. Onun türk mətbuatında şeirləri çap olunurdu, kitabları nəşr edilirdi.  Ürfan Ünver Nəsrəddinoğlu (o zaman Türkiyə Folklor Araşdırmaları Qurumunun prezidenti idi) Rəfiq Zəkanın şeirləri barədə yazmışdı: "Bir yandan saz şairlərinə, o biri yandan divan şeirlərinə qəlbinin gərilmiş telləriylə  bağlı olan Rəfiq Zəka yalnız Azərbaycan şeirinə deyil, türk dünyası şeirinə yeniliklər gətirmişdir desək, mübaliğə etmiş olmayacayıq".

Bəli, Rəfiq Zəka türkçü idibiz bunu onun həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonrakı illərdə yazdığı şeirlərindən də görə bilərik:

 

Türkiyə böyükdür, Türk böyük deyir,

Türkün Atasıdır Atatürk deyir.

Ey gidi düşmənim, məndən ürk deyir,

Çünki bu Yer üzü mənə Türk deyir.

 

Rəfiq Zəkanın böyük türkçü Əli bəy Hüseynzadənin həyat və yaradıcılığına  həsr edilmiş "Unudulmuş dahi" kitabı da çap olunub.

Rəfiq Zəkanın bu məramında ona sadiq, eyni fikiramalda müttəfiqi unudulmaz Xəlil Rza Ulutürk olub. Onlar cavanlıqdan dost idilər. Xəlil Rza R.Zəkanın yaradıcılığı barədə xeyli məqalə yazıb və onları "Addımlayan ensiklopediyamız" adlı kiçik bir kitabça şəklində çap etdirib. R.Zəkanın ilk şeirlər kitabı isə "Çağlayan" idi, bu kitabı o, Mikayıl Müşfiqə həsr etmişdi.

Burada bir haşiyə çıxıb qeyd  edək ki, Rəfiq Zəkanın sevdiyi və təbliğ etdiyi şairlər çox idi, amma Hüseyn Cavid onun dilindən düşmürdü. Onun əruzda yazdığı bir sıra şeirlər var ki, açıq-aşkar Cavidin təsirilə yazılıb. R.Zəka əbədiyaşar dramaturqa böyük məhəbbətini "Cavid sənəti" adlı kiçik monoqrafiyasında da ifadə etmişdi.

"Çağlayan"dan sonra R.Zəkanın şeir kitablarının sayı artır və o, müasir poeziyada ən məhsuldar şairlərdən birinə çevrilir. Şeirləri barədə xoş sözlər də deyilir, tənqidlər də.  Mirzə İbrahimov, Süleyman Rüstəm, Əli Vəliyev, Məmməd Rahim, Məmməd Cəfər, Nəbi Xəzri, Aslan Aslanov, Xəlil Rza Ulutürk, Cabir Novruz kimi tanınmış söz ustaları onun şeirlərinin məziyyətləri barədə söz açıblar.  Məsələn, Mirzə İbrahimov yazırdı: "Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəlliyin məftunu olduğunu sübut etmişdir. Onun hafizəsinin kəskinliyini, həyəcanının daşqınlığını, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, şeir sənəti haqqında  ehtiraslı düşüncəyə malik olduğunu, klassik poeziyaya sonsuz məhəbbət bəslədiyini görmüşəm".

R.Zəka onu düşündürən bütün mövzularda şeirlər yazırdı. Amma çalışırdı ki, şeirindən H.Arifin dediyi o həzin musiqi əskilməsin. Onu da qeyd edək ki, Rəfiq Zəkanın şeirlərinə çoxlu mahnılar bəstələnib. O, sağlığında bu sahədə ən məhsuldar şairlərdən idi. Elə şeirləri var ki, onlara heç mahnı bəstələnməyib, amma şeiri oxuyanda elə bil bir mahnıya qulaq asırsan.

R.Zəkanın əksər şeirlərində Azərbaycanın birliyi, bütövlüyü arzusu ifadə olunurdu və əlbəttə, bu da həmin illərin poeziyasında tez-tez səslənirdi.

 

Yardımlı yaylağındayam,

Qartallar oylağındayam.

Ürəyimdən Təbriz keçir,

Savalan sorağındayam.

 

Göy bilə, yer bilə,

Kim dəva bu dərdə bilə?

Mən o gədikdən adlasam,

qalır ki, Ərdəbilə?

Kim kimi hakim eylədi,

Kim eylədi, kim eylədi?

Kim eylədi ki, həsrətim-

Ürəyimdə sim eylədi.

 

Araz gözümün qorası,

Sağalan deyil yarası,

Bir ulusun göz yaşıdır

İki sahilin arası.

 

Onun poeziyasında Azərbaycanı tərənnüm bütün başqa mövzulardan üstün idi. Azərbaycanın şanlı tarixi keçmişi, qəhrəmanlıq səhifələri, onun gözəl təbiət mənzərələri, dahi söz ustaları, şəhərləri, kəndləri şeirlərində hərarətlə vəsf olunurdu.

 

O, hər şeydən aləmdə üstün kimi

Vətənsiz vətəndaşlar ölgün kimi,

Keçir ömrü qürbətdə sürgün kimi

Üfüqlərdədir bayrağı gün kimi,

Nədir Ay kimi kəhkəşanlarla tən?

Vətəndir, vətəndir, vətəndir, vətən!

 

Rəfiq Zəka əsl ədəbiyyat adamı idi, onun şeir kitablarında cəm olan bütün nümunələri nəzərdən keçirsək, belə çıxır ki, o, hər gün şeir yazıb. Təkcə şeir yox, bir çox poemalar, dram əsərləri, publisistik məqalələr, elmi işlər. Yolu, məramı aydın idi, o illərdə dəbdə olan bütün mövzularda yazsa da, özünün mövzuları da var idi və öncə qeyd etdiyimiz kimi, türkçülüyü, vətənçiliyi, Cənub həsrətini şeirlərində əsas mövzulardan biri sayırdı. Bu faktı da danmaq olmaz ki, onun şeirlərində o böyük ustadların təsiri olub, amma bu təsir ustadları yamsılamaq yox, onların ölməz poeziyasını yeni poetik cilvədə canlandırmaq istəyindən doğurdu. Rəfiqin əruzda yazdığı şeirlərin əksəriyyətində Cavidintürk şairlərinin işlətdiyi bəhrlərə müraciət olunurdu, Rəfiq onları sevirdi və istəyirdi ki, onlar unudulmasınlar. Bu gün, vəfatından on beş il keçəndən sonra mən Rəfiq Zəkanın iyirmidən artıq şeir kitabını bir də vərəqlədim. Bir daha onun vətənpərvər ruhlu, bu torpağa, elə bağlı bir şair olduğunu gördüm.

 

Vətən kimlərindir?-soruşdu Xəndan

Söylədim: Müqəddəs nə var ki ondan?

Duy onu könüldən, sev onu candan,

O, candan, könüldən heyranlarındır.

 

Vətən-qumsalları dindirənlərin,

Səhranı dəryaya döndərənlərin,

Şimşəyi əliylə söndürənlərin,

Zülməti köksüylə yaranlarındır!

 

Ölümündən neçə ay əvvəl bir neçə şeirini "Azərbaycan" jurnalında oxudum. Bu şeirlərində Rəfiq Azərbaycan Ordusuna uğurlar diləyir türkçülüyü təbliğ edirdi.

Rəfiq Zəkanın "Ömür bitər, yol bitməz" şeirlər kitabındakı bu iki misranı xatırlayıram:

 

bilim, bəlkə bir ürək sözüm,

Bir kövrək dodaqda qalacaq mənim.

 

Qalacaq, Rəfiq Zəka, qalacaq. Azərbaycan xalqı heç bir gözəl şairini unutmayıb.

 

Vaqif  YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2014.-7 noyabr.-S.11.