Nazir Zakir Həsənov: “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”

 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilən gənc zabitlərin noyabrın 5-də növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra mərkəzin rəisi, polkovnik Nazim Əlibəyov kursu müvəffəqiyyətlə bitirən məzunların müxtəlif ixtisaslar üzrə xidmətlərini davam etdirmələri üçün hərbi hissələrə yola salınacaqları barədə məruzə edib.

Sonra müdafiə naziri general-polkovnik Z.Həsənov geniş məruzə ilə çıxış edib. Nazir əvvəlcə kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edərək orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb.

General-polkovnik Zakir Həsənov çıxışında bildirib: “Bu əlamətdar gün sizin həyatınızda uzun müddət xatırlanacaq. Beş il, on il bundan sonra da bu hadisə yaddaşınızdan silinməyəcək. Bu gün sizin taleyinizdə mühüm bir mərhələnin bünövrəsi qoyulur - siz zabit vəzifələrinə təyin edilməklə Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfələr verəcəksiniz.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirirdi. Ulu Öndər qeyd edirdi ki, zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır. Doğrudan da zabit peşəsi ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin əsas mahiyyəti Vətəni qorumaqdan ibarətdir”.

Müdafiə naziri tədbirdə iştirak edən şəxsi heyətə müraciətlə deyib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir. Vətənimizin ciddi sınaqlar qarşısında qaldığını və torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, bu problemin həlli üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür.

“Ölkəmiz neçə illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir.

Bu gün siyasi-iqtisadi, həmçinin hərbi potensialına görə regionda lider olan ölkəmiz bu məsələni həll etmək üçün kifayət qədər gücə malikdir. Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”, - deyə nazir bildirib.

Cari ilin iyul-avqust aylarında cəbhə xəttində vəziyyətin gərginləşdiyini xatırladan Zakir Həsənov diqqətə çatdırıb ki, bu gün ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində həyata keçirdiyi əsaslı islahatlar düşmənlərimizi qıcıqlandırmaya bilməzdi. Bu hadisələr bir daha ordumuzun lazımi qədər hərbi gücə malik olduğunu sübuta yetirdi. İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir.

Çıxışını gənc zabitlərə müraciətlə davam etdirən nazir bildirib ki, Azərbaycan ordusunun hər bir zabiti öz hərbi kollektivinə şəxsi nümunə olmalıdır. General-polkovnik Zakir Həsənov deyib: “Tabeliyinizdə olan əsgərləri Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etməyə ruhlandırmaq sizin əsas vəzifənizdir. Əsgərlərin vətənpərvər döyüşçülər kimi hazırlanmasında siz bütün səmərəli vasitələrdən istifadə etməli, şəxsi heyətə yüksək döyüş əhval-ruhiyyəsi aşılamalısınız. Bu həqiqəti unutmayın ki, ən müasir silah və texnikanı idarə edən əsgərdir. Buna görə də əsgərlərimiz yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edilməlidir”.

Müdafiə naziri gənc zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.

Sonda gənc leytenant Kənan Məmmədzadə çıxış edərək təlim müddətində vacib hərbi vərdişlərə yiyələndiklərini vurğulayıb. Gənc zabit dövlətin və ordu rəhbərliyinin qarşıya qoyduğu vəzifələri əzmlə yerinə yetirəcəklərinə silahdaşları adından söz verib.

 

Azərbaycan. - 2014.- 6 noyabr.-  S.4.