İnkişafın Azərbaycan fenomeni
iqtisadi yüksəlişlə
yanaşı, mənəvi
tərəqqini də ehtiva edir
Müsahibimiz Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, AMEA-nın həqiqi üzvü Kamal
ABDULLAYEVDİR
- Kamal müəllim, Siz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin olunan gündən etibarən ölkəmizin demək olar ki, bütün rayon və şəhərlərində olmusunuz, bölgə ictimaiyyəti, ziyalıları, din xadimləri və milli azlıqların nümayəndələri ilə müxtəlif görüşlər keçirmisiniz. Bu görüşlərin nəticəsi olaraq ölkəmizdəki etnik-milli və dini durumla bağlı təəssüratlarınızı və ümumiyyətlə Xidmətin işi barədə fikirlərinizi öyrənmək istərdik...
- İlk gəldiyim qənaət ondan ibarətdir ki, Azərbaycanda bu gün ancaq iqtisadi inkişafdan danışmaq artıq yetərli deyil. Müstəqillik dövrü Azərbaycan insanının mənəvi inkişafı göz önündədir və onun müxtəlif aspektləri təhlil edilə bilər. Ən ucqar kəndimizdə, ən müasir şəhərimizdə də dəyişən yalnız küçələr, parklar, binalar deyil. İnsanlarımız daxilən dəyişir. Onlar ictimai mənafeni, dövlətçilik və azərbaycançılıq prinsiplərini artıq daha çox önə çəkir, bəşəri ideyalara daha çox bağlılıq nümayiş etdirirlər. Ona görə də bu gün Azərbaycan fenomeni deyərkən iqtisadi inkişafla yanaşı, mənəvi inkişafı da görmək vacibdir. Bu gün bu ikisi bir-birini üzvi surətdə tamamlayır.
Dediklərimin fonunda məscid, kilsə, sinaqoq, məbədlərdə din xadimləri, yerli ziyalılar və müxtəlif milli icma nümayəndələri ilə çoxsaylı görüşlərdə hiss etdiyim ən vacib məqam səmimiyyət oldu, desəm, səhv etmərəm. Çalışdığı yerdən, tutduğu məqamdan asılı olmadan vətəndaşlarımız bu gün ölkəmizdə yaranmış təmiz, saf mənəvi iqlimə, siyasi-ictimai duruma və ölkədaxili, ölkəxarici uğurlu siyasətə görə Prezident İlham Əliyevə, bütövlükdə Azərbaycan dövlətinə səmimi-qəlbdən minnətdardırlar. Dünyada gedən kataklizmlər fonunda Azərbaycan reallığının hüzur dolu mənzərəsinin hansı titanik zəhmət və çalışmalar hesabına başa gəlməsini bu gün insanlar daha yaxşı anlayır.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin bu gün gördüyü çoxşaxəli işlərdən danışarkən ən önəmlisi kimi son yarım ildə üç dövlət konsepsiyası layihəsinin üzərində işləyib onları tamamlanmasını qeyd eləmək olar. Bu, "Azərbaycan Respublikasının milli münasibətlər konsepsiyası", "Azərbaycan Respublikasının din siyasəti konsepsiyası" və "Azərbaycan Respublikasının multikulturalizm konsepsiyası"nın layihələridir.
- IV Bakı Beynəlxalq Humanitar Forumunda ölkə Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti kimi dəyərləndirdi. Sizin rəhbərlik etdiyiniz Xidmət də Forumun çox önəmli bölmələrindən biri olan "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" bölməsinin işini təşkil etdi. Sizcə, budəfəki Humanitar Forum bizə nələri qazandırdı?
- Prezident İlham Əliyevin ardıcıl olaraq multikulturalizmi Azərbaycan siyasətinin əsas xətlərindən biri kimi təqdim etməsi bir daha onun öz böyük sələfi ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətinin göstəricisidir. Bu bəyanatın arxasında həm beynəlxalq aləmdə, həm də Azərbaycanda həqiqətən gərgin zəhmət sayəsində görülmüş real işlər durur. Azərbaycan multikulturalizminin tarixi və bu günü durur.
IV Bakı Beynəlxalq Humanitar Forumunun müxtəlif ölkələrdən gəlmiş görkəmli nümayəndələri bunu bir daha təsdiqlədilər. Forum artıq Nobel mükafatçılarının, eks-prezidentlərin, eks-baş nazirlərin, görkəmli siyasətçi və dövlət xadimlərinin, elm və mədəniyyət nümayəndələrinin həvəslə qatıldıqları ənənəvi bir ünsiyyət məkanına çevrilmişdir. Və bu məkanın ümumi mənəvi adı Azərbaycan multikulturalizmidir. Beləliklə, dünya görür ki, Avropa və digər qitələrdə multikultural dəyərlərin və prinsiplərin iflasa uğradığını qeyd edən ölkə liderlərinin bacarmadığını Azərbaycan lideri xalqına, onun milli-mənəvi xislətinə arxalanaraq bacarır. Və bütün dünyanın qabaqcıl zəka və qəlb sahibləri Azərbaycan liderinin səsləndirdiyi belə bir çağırışı qəbul edir: "Dünyada multikulturalizmin alternativi yoxdur!"
Artıq ənənəyə çevrilmiş bu Forum təkcə bizə qazandırmır. Bu Forum onun işində çalışan bütün insanlara qazandırır. Forum müxtəlif ölkələrə qazandırır. Mənəvi fayda artan xətt üzrə bütün sülhsevər, ədalətsevər bəşəriyyətə çatır. Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək!" şüarının dərin qatında çox böyük mənalar var. Bu şüar, əslində, ancaq Azərbaycan insanına ünvanlanmayıb, onu bütün ləyaqətli bəşər övladına ünvanlanmış saya bilərik. Azərbaycan bu gün öz sərvətini bütün dünyanı daha da gözəlləşdirmək, saflaşdırmaq, təmiz və sağlam etmək istiqamətinə yönəldir. Budur azərbaycanlı mənəviyyatı!
Bir faktı deyim. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu Mərkəzin xarici qonaqlar qarşısında ilk prezentasiyası oldu. Hər bir Forum iştirakçısı bu xəbəri əsl müjdə kimi və ən vacibi, Azərbaycanın mənəvi haqqı kimi qəbul etdi. Bu gün Mərkəzin işində yaxından çalışmaq istəyən onlarla, yüzlərlə xarici ölkə mütəxəssisi var. Mən Forumun Azərbaycana verə biləcəyi real mənəvi faydalardan ancaq bir qismini qeyd edə bildim.
- Kamal müəllim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmasından bəhs etdiniz. Eyni zamanda, ölkə Prezidentinin digər fərmanı ilə bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da təsis olundu. Bu qurumların əsas fəaliyyəti nədən ibarətdir, onlar hansı istiqamətlərdə dövlətimizə faydalı olacaq?
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas strateji istiqaməti onun əsasnaməsində yazıldığı kimi, əhalinin ən müxtəlif sahələrdə biliyinin artırılmasını, dünya elmi nailiyyətlərinin Azərbaycana gətirilməsini və Azərbaycan elminin dünyada tanıdılmasını, daxili və xarici siyasətimizin cəmiyyət içində daha adekvat və effektli şəkildə yayılmasını təmin etməkdir. Bu strateji istiqamətlərin içindən onlarla, yüzlərlə son dərəcə vacib və faydalı xətlər, cığırlar çıxır. Ən əsas məsələ isə ondan ibarətdir ki, bu yollar, xətlər, cığırlar, cəmiyyətimizin bütün üzvlərini birləşdirəcək. Xüsusilə də kənd və rayonlarımızda yaşayan yeniyetmələrdən, gənclərdən tutmuş yaşlı nəslə qədər bütün vətəndaşlarımızın fəaliyyətini özündə ehtiva edəcək.
Heç bir insan özünü vətəndaş cəmiyyətindən təcrid olunmuş hiss etməməlidir. Qabaqcıl və geridə qalan arasındakı fərq sovet dövrünün ştampları ilə deyil, yeni əxlaq tərzi ilə aradan qaldırılmalıdır. Bilik Fondunun bu məqamla bağlı bir proyekti var - "Epizod" adlanır. Məktəbdə "iki" və "üç" qiymətlə oxuyanlara, peşələrində və həyatda uğursuzluqdan qaça bilməyənlərə tuşlanıb. Biz indiyə qədər daha çox əlaçılara və qabaqcıllara diqqət ayırmışıq. Amma o biri qisim də var. Uğursuzluqdan yayına bilməyənlər qismi. Bu qismə münasibət boşluqdan ibarətdir. Bu qisim insanların potensialının üzə çıxarılması yolları araşdırılıb gerçəkləşdirilməlidir. Bu gün vətəndaşın bütün və hər cür ehtiyaclarını ödəməyə dövlətin imkanı və marağı var. Yaradılmış adıçəkilən qurumlar məhz bu birləşdiricilik xəttini gerçəkləşdirən mexanizmlərdir. Artıq Bilik Fondu tərəfindən reallaşdırılan proyektlərdə məktəblərimizin, din xadimlərimizin, alim və mütəxəssislərimizin səmərəli birgə əməyi nəzərdə tutulur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün özünün formalaşma mərhələsini yaşayır. Bu qurum, sözün hər mənasında, Prezident İlham Əliyevin uzaqgörən və son dərəcə müdrik siyasi yanaşmasının nəticəsində yarandı. Milli və dini tolerantlıq məsələləri, Azərbaycan multikulturalizminin ənənələri və dünya multikulturalizm təcrübəsinin öyrənilməsi, Azərbaycan multikultural mühitinin inkişafı yolları, milli və dini özünəməxsusluqların çiçəklənməsinə şərait yaradılması və s. və i.a. bu kimi həyatımız, varlığımız üçün son dərəcə vacib məqamlar öz təhlil və gerçəkləşməsini gözləyir. Maraqlı layihələrin həyata keçirilməsi mexanizmi qurulur.
Vacib olan isə odur ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin örnək götürə biləcəyi və artıq stabil dəyərlər sistemi yaratmış möhtəşəm nümunəsi var. Bu, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə tək Azərbaycanda deyil, bütün dünyada gördüyü işlərdir. Həqiqətən, Azərbaycan bu gün multikulturalizmin mənəvi vətəninə çevrilmişdir desək, səhv etmərik. Bizim başqa ölkələrdə analoqu olmayan, yaxud zəif şəkildə olan möhtəşəm ənənələrimiz var. Bölgələrimizə xas dillərin, mədəniyyətlərin, adətlərin mövcudluğu, ulu öndər Heydər Əliyev deyən kimi, bizim hamımızın ümumi sərvətimizdir. Bu ideya bizə mayak kimi işıq saçır və saçacaq! Onları yaşatmaq, inkişaf etdirmək, insanlarda dözümlülük, qarşılıqlı ehtiram hisslərini təşviq etmək, əslində, ölkəmizin multikultural təhlükəsizliyini qorumaq deməkdir.
Multikultural təhlükəsizliyini qoruya bilməyən
ölkələrin bugünkü mənəvi durumu göz
qabağındadır. Bu ölkələrdə faşizm
neofaşizm şəklində yenidən baş
qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik
şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları
gizlində alışaraq gələcəkdə gur
yanğına dönəcəkləri vaxtı gözləyir.
Bütün bunların fonunda isə belə cəmiyyətləri
dözümlülük, ədalət, mərhəmət,
hörmət, məhəbbət hissləri gözə
görünmədən, bəzən də açıq şəkildə
tərk edir. Həqiqətən
də Prezident İlham Əliyevin dediyi kimi, "dünyada
multikulturalizmin alternativi yox imiş"...
-
Multikulturalizmin dövlət siyasətinin vacib komponentlərindən
biri kimi daha da inkişaf etdirilməsi, Azərbaycanın
dünyaya multikulturalizm məkanı kimi tanıdılması
istiqamətində daha hansı işləri görməyi
düşünürsünüz?
- Bu
istiqamətdə bəzi işlər artıq
görülür. Bakı Slavyan Universitetində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə
"Multikulturalizm" adlı elmi-metodik seminar
yaradılıb. Bu seminara digər ali
məktəblərin elm və tədris mütəxəssisləri
də qoşulurlar. Məqsəd çox vacib
bir məqamla bağlıdır. Multikulturalizmin
ayrıca bir fənn kimi tədris proqramını
hazırlayıb universitetlərimizin bakalavriatura və
magistratura pillələrində onun tədrisini təşkil
etmək. Bu, Azərbaycan multikultural dəyərlərinin
gənclərin ürəyinə, beyninə hopması, həyat
tərzinin əsas komponentinə çevrilməsi işində
son dərəcə önəmli bir məsələ olacaq.
Təsəvvür edin: Azərbaycan ali məktəblərində
"Multikulturalizm" adlı fənn tədris edilir. Bu, əsl multikultural nailiyyətdir.
Hadisələri qabaqlasam da, demək istərdim ki,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
qarşısına daha bir məqsəd qoyub. Yaxın gələcəkdə
"Azərbaycan multikulturalizmi" adlı xüsusi kurs
hazırlayıb xarici ölkə universitetlərinin
bakalavriatura və magistratura pilləsində tədris etmək.
Bunun üzərində artıq iş aparılır. Təsəvvür
etmək çətin deyil ki, bu layihənin reallaşması
nəticəsində xarici universitetlərdə "Azərbaycan
multikulturalizmi" fənnini öyrənən gənclərin
Azərbaycan, onun tarixi, mədəniyyəti, dili, adət-ənənələri,
bu günü haqqında təsəvvürləri necə zənginləşəcək.
Əslində, bu şəkildə onların Azərbaycanın
dostlarına çevrilməsi prosesi başlayacaq.
- Bu
gün cəmiyyətimizdə dini ritualların həyata
keçirilməsi, xüsusən yas mərasimlərində
ehsan verilməsi ilə bağlı fikir ayrılıqları
vardır. Hətta bu məsələ ilə
bağlı aidiyyəti qurumların arasında problemlərin
olması barədə mətbuatda müxtəlif yozumlara da
rast gəlirik. Siz bu barədə nə
düşünürsünüz?
- Bu, vətəndaş
cəmiyyətinin daxili problemləridir. Onların
bu və ya başqa şəkildə həlli yolları da cəmiyyət
tərəfindən həyata keçirilməlidir. Birmənalı şəkildə deyirəm - nə
dövlət, nə də icra strukturları bu məsələlərlə
bağlı direktivlər vermək fikrində deyil. Hər şeyi həyat tənzim edir. Söhbət
ondan gedir ki, cəmiyyətin bir üzvü süfrədə
(istər yas olsun, istər toy) ifrata qarşıdır,
başqa bir üzvünü isə bu hal narahat etmir, daha
başqa bir üzvü də hələ
düşünür... Aydındır ki,
söhbət prinsip söhbəti deyil, əslində, menyu
söhbətidir.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə də,
qəlbində Allah eşqi yaşadan digər din xadimləri də,
ziyalılar da, adi insanlarımız da dəfələrlə
bu istiqamətdə müzakirələr zamanı deyiblər
ki, adət-ənənələrimizlə bağlı
bütün məsələlərdə son dərəcə
həssas, anlayışlı olmalıyıq, əsl islam dəyərlərindən
çıxış etməliyik. Yenə təkrar
edirəm ki, bu kimi məsələlər direktivlər,
göstərişlərlə deyil, həyatın tələbi
ilə tənzim edilə bilər. Amma biz cəmiyyətə
bəzi zəruri hissləri təlqin etməyi
bacarmalıyıq. Məsələn,
heç kəs utanc hissi keçirməməlidir ki, verdiyi
çay ehsanı başqasının ifratçılıq
üstündə qurulmuş dəbdəbəli ehsanından
ayıb sayıla bilər. Məsələnin canı
budur! Bunun üzərində
çalışmaq lazımdır.
O ki
qaldı siz deyən "qurumlar arasında problemlərin
mövcud olması" məsələsi, məncə, bu barədə
danışmağa belə dəyməz. Bu,
absurddur və bunu ortaya atanın səviyyəsizliyini,
cahilliyini, ən azı, məsələdən xəbərdar
olmamasını göstərir. Eyni zamanda,
əgər hansısa mətbu orqan mütəmadi olaraq bu cəfəngiyatı
ortaya atırsa, o zaman belə hal bu mətbu orqanın hər
şeydən əvvəl öz oxucusuna olan münasibətini,
yəni, hörmətsizliyini nümayiş etdirir.
- Müxtəlif
rayonlarda insanlarla keçirdiyiniz görüşlərdə,
məscidlərdə dindarlarla dizbədiz oturaraq
apardığınız söhbətlərdə bu gün Azərbaycanda
məscidin necə olması ilə bağlı maraqlı
fikirlər səsləndirmisiniz. Sizcə,
müasir Azərbaycan cəmiyyətinin dini-mənəvi
ehtiyaclarını ödəyə bilən məscid necə
olmalıdır?
- Bu
gün Azərbaycanda məscid ancaq məscid olmamalıdır.
Bu gün məscid həm də mədəniyyət
ocağı olmalıdır. Həm də
mənəviyyat ocağı olmalıdır. Dövlətçilik, azərbaycançılıq
ocağı, vətənpərvərlik məbədi
olmalıdır. Bir yeniyetmə məscidə gələrkən
məktəbin gözü bu uşağın arxasında
qalmamalıdır ki, ay aman, məscid əhli çalışacaq
ona təcili namaz qılmaq öyrətsin! Bilirsinizmi,
əgər bu yeniyetmənin alnında varsa ki, o, namaz
qılmalıdır, o, namaz qılacaq. O uşaq məscidə
bir kitab dalınca gələ bilər. Və məsciddə
bu kitab olmalıdır.
Özünü "hüsni-xuda şairi" sayan
Hüseyn Cavidin tutulub məhv edilməsinin bir səbəbi də
"Peyğəmbər" kimi əsər yazması idi. Nə
üçün onun əsərləri məscidlərimizdə
olmasın?!
Füzuli ömrü boyu həyatının mənasını
İmam Hüseynin məqbərəsinə xidmətdə
görürdü, özü də ölərkən İmam
Hüseynin ayaqları altda basdırılmasını vəsiyyət
etmişdi. Kərbəla şəhidlərindən ürək
yanğısı ilə bəhs edən "Hədiqətüs-süəda"
("Xoşbəxtlər bağı") kimi bir əsər
yazan dahi şairimizdir. Nə
üçün Füzulinin əsərləri məscidlərimizdə
olmasın?!
Nizami
Şeyx rütbəsinə yüksəlmiş və
dövrünün ən ali mənəviyyat,
elm sahiblərindən biri olmuşdur. Hər
poemasını Allaha, peyğəmbərə sevgi dolu
müraciətlə başlayır. Varmı
Nizaminin əsərləri bizim məscidlərimizdə?!
Onlarla, yüzlərlə bu cür misallar yada
salmaq olar.
Arzum budur ki, məscidlərimizdə dünyəvi
kitablar olsun və bu kitabları həm gənclər oxusun, həm
də, vacibi də elə budur - məscid əhli oxusun.
Çox
yaxşı haldır ki, bu gün məscidlərdə səslənən
xütbələrdə Qarabağ şəhidlərimiz yad
edilir, ağıllı, müdrik axundlarımız,
imamlarımız vətənpərvərliyin, dövlətçiliyin
həyatımızda nə dərəcədə vacib yer
tutduğunu qeyd etməyi unutmurlar, din xadimlərimizin hərbi
hissələrlə əlaqəsi möhkəmlənir. Və əlbəttə, dövlət gözləyir
ki, məscidə gələn gənclərin qəlbinə
burada Allah eşqi ilə bərabər, vətən, xalq,
dövlətçiliyə sədaqət eşqi dolsun.
Nə deməkdir dövlətçiliyə sədaqət? Əslində,
bu ailəyə sədaqət deməkdir. Məscid
bu ideyanı beyinlərdə möhkəmlətməlidir.
Əgər bir məscidə gəlib-gedən
yeniyetmə "Sən böyüyəndə kim olacaqsan"
sualına "Mən böyüyəndə Azərbaycan
zabiti olacağam!" cavabını versə, halal olsun bu məscidin
axunduna və yaxud imamına, dini icmasına. Budur bu
gün bizim məsciddən gözlədiklərimiz! Müstəqillik dövrünə 17 məscidlə
qədəm qoyduğumuz halda, bu gün dövlətin
qayğısı sayəsində 2000-ə yaxın məscidin
fəaliyyət göstərdiyi ölkə üçün
bu gözləntilər o qədər də çox deyil.
-
Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycanda
bu gün həm siyasi, həm də mədəni-mənəvi
baxımdan yeni dövr başlayıb. Belə
bir zamanda ölkə dindarlarının böyük əksəriyyətini
birləşdirən Qafqaz Müsəlmanları İdarəsi
öz işinin öhdəsindən gələ bilirmi?
-
Çox gözəl gəlir! Şeyxin təşəbbüsü
ilə bir sıra faydalı tədbirlər həyata
keçirilir. Biri haqda xüsusi demək
istərdim. Azərbaycanın bütün bölgələrdəki
məscidlərinin axund və imamları bir yerdə,
altını cızaraq deyirəm: bir yerdə, çox səmərəli
təkmilləşmə kursları keçirlər, öz
dünyəvi və ruhani biliklərini möhkəmlədirlər.
Onlar üçün eyni geyim forması
hazırlanır. Yeməkləri-içməkləri,
qalmaqları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
təşkil edilir. Bir ay müddətində
növbə ilə bu kurslarda hamı təhsil alacaq. Çox böyük maarifçilik işidir.
Bu din xadimləri dini biliklərini təkmilləşdirməklə
yanaşı, ölkənin bir sıra dövlət və
hökumət, hüquq-mühafizə, televiziya, mətbuat
adamları ilə də görüşür,
maraqlandıqları sahə ilə bağlı əlavə məlumatlar
alırlar. Mən özüm onlarla bir neçə
dəfə görüşüb dərs keçmişəm.
O məqam diqqətimi çəkib ki, bu ruhani şəxslərin
dünyəvi biliklər almaq ehtiyacları və ən vacibi,
həvəsləri var. Şeyxin təşəbbüsü təqdirəlayiqdir.
- Səfər
etdiyiniz rayon və şəhərlərdə məscidlərlə,
kilsə, sinaqoq, məbədlə yanaşı, hətta bu
gün fəaliyyəti olmayan bəzi kilsələrə də
baş çəkmisiniz və bu kilsələrlə
bağlı müxtəlif layihələrin həyata
keçiriləcəyini bildirmişdiniz. Bu sahədə hər
hansı iş aparılırmı?
- Qazaxda
bir kilsədə olarkən gördüm ki, bu, təmir
olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav
Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif
etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə
ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər
aparılır. Azərbaycanda məscid ilə
kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu
olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı
hörmətə əsaslanan münasibəti var. Bu münasibətin
əsl katalizatoru bir tərəfdən əgər cəmiyyətdirsə,
digər tərəfdən dövlətdir. Elə bilirəm, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi bu istiqamətdə həyata keçirəcəkləri
dəyərli layihələrlə cəmiyyətimizi sevindirəcəklər.
- Kamal
müəllim, Sizə elə gəlmirmi ki, yad dini təmayüllərin
ölkəmizə ayaq açmasının kökündə
insanlarımızın dini biliklərinin azlığı
dayanır. Bununla bağlı hansı işlər
görülməlidir?
- Bəli,
doğrudur. Dini biliklərin aşağı
olması özünü göstərir. Belə
olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz
islam dininə yad təmayüllərə
uymazdılar. Məktəb və universitetlər
bu bilikləri artırmağın,
dolğunlaşdırmağın daha optimal yollarını
axtarmalıdırlar. Bunu təkcə
müəllimlər, alimlər deyil, onlarla birgə din xadimləri,
ilahiyyatçılar həyata keçirməli, bəlkə
mövcud dərsliklərə, xüsusilə, "Həyat
bilgisi" dərsliyinə müəyyən əlavələr
etməyin faydasını götür-qoy etməlidirlər.
Belə boşluqlar dərsliklərimizdə var.
Bu istiqamətdə addımlar atmağın yollarını
düşünürük.
- Siz
ötən əsrdə olduğu kimi, Azərbaycanda hələ
də dindar kəsimlə elmi mərkəzlər, dünyəvi
təhsil ocaqları arasında uçurumun olduğunu
müşahidə edirsinizmi?
-
Maraqlı sualdır. Bu "uçurum"u kimlərsə əgər
hökmən görmək istəyirsə, görəcək! Əslində, "bardağın o biri yarısı
doludur". Tarixən elmi və dini mərkəzlər
bir-birinin içində də mövcud olublar. Elm və din xadimləri, ədəbiyyat və din
adamları bir personada da özünü göstəriblər.
Bax, belə məqamları öyrənmək, üzə
çıxarmaq vacibdir. Dünyəvi və dini düşüncə
nə zaman birlikdə olub, nə zaman bir-birindən ayrı
düşüb - bunun faydası nə olub, fəsadı nə
olub?! Elm tarixi üçün bu, son dərəcə
vacib məsələdir və deyim ki, mən bunun birmənalı
cavabını bilmirəm.
Bu gün Bilik Fondu "Dini abidələrimizdə tarixin
izləri" adlı çox səmərəli bir layihə
həyata keçirir. Bərdə İmamzadəsi kimi müqəddəs
bir məkanın elmi təhlili, bərpası məsələləri
gündəmə gətirilib. Görkəmli
alimlər, din xadimləri, bərpa üzrə mütəxəssislərlə
bir yerdə Bərdə ictimaiyyəti bu proyektə qoşulub.
Bu hal həm elm ilə dinin yenidən bir-birinin
yanında olması deməkdir, həm də məhz dini abidənin
tarixi dərinliyində elmi dəyəri olan məqamların
real olaraq üzə çıxarılmasıdır. Yenə də elm ilə dinin qədim birgəlik
dövrünə işarəni görməmək olmur.
Nəticədə, Bərdə İmamzadəsi kompleksinin hərtərəfli
öyrənilməsi ilə Azərbaycan tarixinə kiçik
bir cümlə də əlavə olunsa - nə böyük
sevinc!..
- Bu
gün ölkəmizdə bəzi müsəlman ailələrinin
qeyri-ənənəvi müsəlman, hətta xristian dini təriqətlərinə
qoşulduğunun şahidi oluruq, sizcə, bunun səbəbi nədədir
- informasiya bolluğunda, ya informasiya azlığında?
- Hər
ikisində - həm informasiya bolluğunda, həm də
informasiya azlığında. İnformasiya qədərində
olmağı sevən dəyərdir.
- Ölkəmizdə
dini sahədə yerli kadr hazırlığı ilə
bağlı fikirlərinizi bilmək istərdik.
- Bu,
çox mürəkkəb və çoxşaxəli məsələdir.
Təkcə tədrislə bağlı problem
deyil. Amma faydalı həlli
mümkünsüz də deyil. Bu söhbət
çərçivəsində indilik dərinə getmək
istəməzdim. Xüsusi mövzudur.
- Bu
gün cəmiyyətdə ölkə televiziyalarında
yayımlanan bir çox proqramlardan narazılıq vardır. Sizcə, insanların narazı olduqları bu
proqramların yerini hansı tipli verilişlərlə, TV
müsabiqələrlə doldurmaq olar?
- Bölgələrin
mədəniyyəti, arxeoloji zənginlikləri, mənəvi
dünyası, flora və faunası ilə bağlı müəllif
verilişlərini bir layihə kimi mütəmadi işləməklə
biz TV-lərin vaxtını bizim hər birimizə faydalı məzmunla
doldura bilərik. Təsəvvür edin: bölgə
ziyalıları bu filmi özləri yaradır və TV-lərin
vaxtı belə filmlərlə dolur. Bizdə
milli coğrafiya, "Diskoveri", tarix, maarifçiliklə
bağlı ayrıca TV-lər olmadığından bu məzmunda
hazırlanmış verilişlər mövcud kanalları
doldurub izləyiciyə nəfəs dərməyə imkan verməməlidirlər.
Bunun realizə yolları var və bu istiqamətdə
maraqlı məsələlər ortaya çıxır.
- Uzun müddət rəhbərlik etdiyiniz Bakı Slavyan Universiteti ilə indi də hansısa əlaqəniz varmı?
- Mən əvvəllər də, indi də
Bakı Slavyan Universitetinin "Tərcümə" elmi-tədqiqat
laboratoriyasına başçılıq edirəm. Bu
laboratoriyanın çox önəmli məhsulları var.
"Filoloqun kitabxanası - 100" seriyasını kitabsevərlər
gərək yaxşı xatırlasınlar. Başqa bir layihəmiz
artıq başa çatmış "Azərbaycan tərcümə
ensiklopediyasıdır". Ölkədə belə bir
ensiklopediya ilk dəfə hazırlanıb və onun işində
bir çox görkəmli mütəxəssislər
iştirak edir. Bakı
Slavyan Universiteti, əslində, multikultural rejimdə işləyən
nadir tədris müəssisəsidir. Bu gün də
çalışırıq, əldə etdiyimiz dəyərlər,
əlaqələr, ab-hava itməsin.
- Sizin fəaliyyətinizi
izləyirik və iş qrafikinizin çox gərgin
olduğunu müşahidə edirik. Yaradıcılığa
vaxt tapırsınızmı?
- Bilavasitə
yazmağa - çətin! Amma mən bu son
aylarda, demək olar ki, bütün Azərbaycanı gəzib-dolaşdım.
Müxtəlif insanlarla görüşdüm,
münasibət qurdum. Çox şey
yazıldı qəlbimə, yaddaşıma. Kim bilir, nə vaxtsa bu yazılar bəlkə də
kağıza köçəcək?! Bəlkə
də köçməyəcək?! Amma bu son 7-8 ay mənim
özüm üçün başqa bir həyat universiteti
oldu...
Müsahibəni
apardı:
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2014.- 7 noyabr.- S.6.