Xalqımızın milli mövcudluq rəmzi

 

Azərbaycanlı milli düşüncəsində əsas dövlət rəmzlərindən olan bayrağa  münasibət tarixboyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq rəmzi sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması, müqəddəs tutulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin  sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.

Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmişdir. Muxtar respublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul etmişdir. Bu qanunla üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmiş, istiqlal rəmzi kimi dalğalanmağa başlamışdır.

Ulu önlər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla həm də Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Əsas Qanunun 23-cü maddəsinin II bəndində deyilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabərenli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir".

Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tuturkonkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət Bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı hələ 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Əsasnaməyə edilmiş əlavə və dəyişiklikləri təsdiqləmişdir. Dövlət rəhbərinin eyni tarixli sərəncamı əsasında "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da Dövlət Bayrağına yüksək ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" sərəncamı da mühüm əhəmiyyətli sənəd olmuşdur. İrs-varislik ənənələrinə sadiqlik göstərən dövlət başçısı 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis etmişdir. 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.

Bayraq dayağının hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir. Bayraq dirəyinin hündürlüyü artdıqca dirəyin diametri bir metrədək azalır. Küləyin sürəti saniyədə 66 metr (saatda 200 kilometrdən çox) olanda belə dirəyin təhlükəsizliyi tam təmin olunub. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə 350 kiloqramdır. Yaş halda çəkisi 2 dəfə artır. Xüsusi yumşaq materialdan hazırlanan bayraq təbii təsirlərə olduqca davamlıdır.

Dövlət Bayrağı Meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal Azərbaycan Respublikasının bayrağında əks olunan səkkizgüşəli ulduzu simvolizə edir. Bayrağın bünövrəsinin əhatəsində isə dövlət rəmzləri - gerb, himnin sözləri və Azərbaycanın xətritəsi yerləşdirilib. Azərbaycanda ilk dəfə sahəsi təxminən 100 kvadratmetr, 9x11 metr nisbətində, çəkisi 16 ton olan, üzəri qızıl suyuna salınmış nəhəng bürünc gerb hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır.

Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: "Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlərboyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq".

Azərbaycanın Dövlət Bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində -  dalğalanması xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.1.