Biləsuvarda «Qəhrəmanlıq ənənələrini yaşadaq» devizi altında vətənpərvərlik günü keçirilmişdir

 

Biləsuvarlı gənclər arasında hərbi vətənpərvərlik hissi yüksək səviyyədədir. Onlar torpaqlarımızın müdafiə edilməsində həmişə ön sırada olmuşlar. Qarabağ uğrunda gedən döyüşlər zamanı bu torpaqda doğulub boya-başa çatan 100-dən çox mərd oğullar şəhidlik zirvəsinə ucalmış, onlarla gənc isə sağlamlığını itirərək əlil olmuşdur. Dörd il bundan öncə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yağı düşmənə sarsıdıcı zərbələr endirərək özü də igidliklə həlak oldu. Bu il avqust  ayının 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun cəbhənin Ağdam-Ağdərə istiqamətində yerləşən mövqelərimizə növbəti hücumunu dəf edərkən bir neçə hərbçilərimizlə yanaşı, bu rayonun Nərimankənd kənd sakinləri - gizir Pərvin Əliyev, kiçik gizir Rahil Hüseynov və əsgər Anar Qarazadə həlak oldular. Onların hər biri (ölümündən sonra) "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü  dərəcəli medalla təltif  edildilər.

7 noyabr 2014-cü ildə rayon mərkəzindəki Olimpiya İdman Kompleksində Müdafiə Nazirliyinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qəhrəmanlıq ənənələrini yaşadaq" devizi altında hərbi-vətənpərvərlik  günü keçirildi.

Tədbir ümummilli lider Heydər Əliyevin abidəsi və Biləsuvar şəhidlərinin xatirə kompleksi önünə əklil qoyulması ilə başladı. 1500 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, respublika Veteranlar Şurasının üzvü, polkovnik Cəlil Xəlilov, Mudafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov və başqaları çıxış etdilər. Qeyd olundu ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri gündən-günə güclənir və nəyin bahasına olursa-olsun torpaqlarımız düşmən işğalından azad ediləcək.

Xalq artisti Zümrüd Məmmədova, əməkdar artist Hüsniyyə Heybətova, müğənni Elxan Rza, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının iştirakı ilə təşkil olunan konsert tədbir iştirakçılarında xoş ovqat yaratdı.

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.7.