Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti cəbhə bölgəsində

 

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, türkiyəli qonağı qarşılayan hərbi hissə komandiri döyüş hazırlığı, təminat, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti haqqında danışıb, son dövrlərdə görülən işlər barədə məlumat verib.

Sonra qonaqlar müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə olublar.

Diviziya generalı Z.Aksakallı döyüş mövqeyində dayanan hərbi qulluqçularla görüşüb, hərbi xidmətin təşkili, döyüş növbətçiliyinin aparılması ilə maraqlanıb, şəxsi heyət üçün yaradılmış şəraitlə, əsgərlərin yataq və istirahət yerləri ilə tanış olub.

O, Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən müşahidə edib. Ərazidəki komandirlər qonağı maraqlandıran sualları cavablandırıblar.

Döyüş postunda xidmət aparan əsgərlərlə görüşdə türkiyəli general qardaş xalqlarımızın bu səngərlərdə inamla, ayıq-sayıq xidmət edərək döyüş tapşırığını yerinə yetirən Vətən övladları ilə qürur duyduğunu bildirib. Torpaqların müdafiəsində və işğaldan azad edilməsində onlara uğurlar arzulayan diviziya generalı Z.Aksakallı deyib: “Azərbaycan əsgərini, onun hərbi texnika, silah-sursatla təminatını yüksək səviyyədə gördüm. Bu, məni çox sevindirir. Türkiyə daim Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə əsgəri yenilməzdir. O, bunu dəfələrlə savaşlarda sübut edib. Ümid edir və inanıram ki, gələcəkdə də belə olacaq”.

Sonra türkiyəli hərbiçilər ön xətdəki hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-nın hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər.

Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək “İstiqlalsnayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb.

Qonaqlar, həmçinin tank təlim taborunda müxtəlif zirehli texnikalara baxış keçiriblər.

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.8.