Kitabxana mənim ikinci evimdir

 

Kəndimizin tarixi qədimdir. Ərazisindəki XVIII əsrə aid Xəlifə Zəkəriyyə türbəsi, Pələngkiştə xatirə bulağı, Voriyətibə abidəsi ziyarətgaha çevrilmişdir.

1858-ci ildə fransız yazıçısı Aleksandr Düma Pələngkiştə xatirə bulağını ziyarət etmiş, burada bir igid qadının balta ilə pələngi öldürərək ailəsini faciədən xilas etməsini yerli camaatdan eşidib "Qafqaza səyahət" kitabında qələmə almışdır. Bu əsər kitabxanamızda var həvəslə oxunur.

65 yaşı tamam olan kənd kitabxanası 1949-cu ildə müəllim İbrahim Mirzəyevin təşəbbüsü ilə məktəbin istifadəsiz qalmış sinif otağında yaradılmışdır. Kitabxanaya ilk kitabları - 200 nüsxə bədii ədəbiyyatı kəndin ziyalıları hədiyyə etmişlər. Kitabxana iki il ictimai əsaslarla fəaliyyət göstərmişdir. Sonra ştat ayrılmış, Bakı Kitabxanaçılıq Texnikumunun məzunu Heybət Qafarov uzun illər burada işləmişdir. Onun fəaliyyəti dövründə kitabxana respublika müsabiqəsinin qalibi olmuş, Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin II dərəcəli diplomuna layiq görülmüşdür.

Bu gün bu kitabxana Lerikin qabaqcıl mədəniyyət müəssisələrindən sayılır. Rayon mərkəzləşdirilmiş kitabxana sistemi bizim təcrübəmizi rayondakı müəssisələrdə yaymışdır.

Artıq kitab fondunu 11 min nüsxəyə çatdırmışıq. Nəşrlərin əksəriyyəti Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitablardır. Buradan 370 nəfər oxucu istifadə edir. Onların arasında ziyalı da var, fəhlə , evdar qadın da.

Bədii qiraət gecələri, yeni nəşrlərin təqdimatını keçirmək kitabxanamızda ənənəyə çevrilmişdir. Belə tədbirlərə ziyalıları, kəndimizin sayılıb-seçilən adamlarını dəvət edirik. Müzakirələr iştirakçılarda maraq doğurur beləcə oxucularımızın sayı artır.

Diyarşünaslıq sahəsində uğurlarımız var. Son 40 ildə Lerik haqqında çap olunmuş yazılardan, lentə köçürdüyümüz televiziya radio verilişlərindən kartoteka da yaratmışıq. Rayonun ictimai həyatı ilə tanış olmaq istəyənlər bu mənbələrə müraciət edib ətraflı məlumat alırlar.

Kitabxana mənim ikinci evimdir. Niyə olmasın? 25 ildir ki, burada çalışır, atamın yolunu davam etdirirəm.

 

Töyfə QAFAROVA,

Lerik rayonundakı Cəngəmiran kənd kitabxanasının müdiri

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.14.