Azərbaycan 32 pillə irəliləyib

 

Ölkədə avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur

 

Həyata keçirilən sosial islahatların uğurlu nəticəsi olaraq Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən, ölkənin bütün işləyən əhalisini əhatə edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Təsadüfi deyil ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddurinformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. "Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Qısa müddət ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapmışdır. "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

"Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan "Elektron hesabat" xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iriorta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.

DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin fəaliyyəti ölkəmizdə sığora-pensiya sisteminin ən müasir əsaslarla fəaliyyətinin aydın təsdiqidir. Şöbənin müdiri Mirxalid Əliyevin sözlərinə görə, ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi sosial sahədə də islahatların aparılması nəticəsində yeni sosial müdafiə sistemi təşəkkül tapmışdır. Məhz bunun nəticəsidir ki,  DSMF Gəncə şəhər Nizami rayon şöbəsi də hər bir hesabat dövründə öz işini yüksək tələblər səviyyəsində qurmağa nail olur.

2014-cü ilin oktyabr ayına olan statistikaya əsasən şöbə tərəfindən 19 min 959 nəfər pensiyaçıya xidmət göstərilir. Bunlardan 2087 nəfəri işləyən pensiyaçılardır. Əmək pensiyaçılarından 11 min 366 nəfəri yaşa görə, 6 min 937 nəfəri əlilliyə görə, 1656 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 9 ayda 708 yeni təyinat aparılmışdır ki, bundan da 225 nəfəri yaşa görə, 432 nəfəri əlilliyə görə, 51 nəfəri isə ailə başçısını itirməyə görə pensiyalardır.

M.Əliyev onu da qeyd etdi ki, "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin və 2006-cı ilin yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin nəzərə alınmış stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanmışdır. Bu, şöbədən pensiya alan 15 min 900 nəfər pensiyaçıya şamil olunmuşdur. Hazırda həmin proses davam edir. Bu, eyni zamanda 2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının uğurlu icrası pensiyaların təyinatının avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidi təmin etmiş, pensiyaçıların yeni pensiya sisteminə daha sıx inteqrasiyasına zəmin yaratmış, pensiyaların orta aylıq məbləği 113 manatdan 163,98 manata çatmışdır.

Şöbə tərəfindən bu ilin əvvəlində 25468 min manat işləməyən əmək pensiyaçılarına, 3427,5 min manat isə işləyən əmək pensiyaçılarına ödəniş olunmuşdur. 132,7 min manat əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 229,4 min manat hamiləliyə doğuşa, 68 min manat uşağın anadan olmasına, 93,2 min manat 3 yaşına çatanadək uşaqlara qulluğa, 151,3 min manat isə dəfn üçün müavinətə görə ödənilmişdir. Pensiya müavinətlər vaxtında gecikdirilmədən plastik kartlarla ödənilir.

Sosial-sığorta haqlarına gəldikdə isə şöbə müdiri dedi ki, 2014-cü ilin 9 ayı ərzində 10689,9 min manat vəsait toplanılmışdır. Belə ki, büdcə təşkilatlarından 7390,7 min manat, qeyri büdcə təşkilatlarından 3299,2 min manat, o cümlədən fiziki şəxslərdən 1103,7 min manat məcburi dövlət sosial sığorta haqqı yığılıb. Sosial sığortadan yayınan hüquqi fiziki şəxslərin sığortaya cəlb olunması üçün qanuna təlimata uyğun tədbirlər görülür.

M.Əliyev bildirdi ki, DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin kollektivi qarşısında qoyulan məsuliyyəti tam dərk edərək gələcəkdə işini yüksək tələblər səviyyəsində qurmağa vətəndaşlara nümunəvi xidmət göstərməyə çalışacaq.       

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.15.