Ağsuda Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib

 

Noyabr ayının 9-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutuİslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirildi.

Əvvəlcə Ağsu rayonunun rəhbərliyi, Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, mediaturizm nümayəndələri, rayon ictimaiyyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri ümummilli lider Heydər Əliyevin Ağsu şəhərindəki xatirə abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin açılışı oldu. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə qonaqları və Ağsu sakinlərini təbrik etdi. O, sərginin əhəmiyyətindən danışaraq mədəni irsə ictimai münasibətin yaxşı mənada artdığını vurğuladı.

MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli isə Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin genişləndiyini, 2014-cü ildə Ohrid şəhərində "Azərbaycanın arxeoloji inciləri" sərgisinin keçirildiyini xatırlatdı və sərginin qarşıdakı bir ay ərzində ziyarətçilərə açıq olacağını nəzərə çatdırdı.

Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon  Azərbaycanın bayraq günündə burada olmaqdan məmnunluqlarını, Azərbaycan və Makedoniya hökumətlərinin əməkdaşlıq memorandumu imzaladıqlarını və bu tədbirin əməkdaşlıq üçün yaxşı nümunə olduğunu bildirdi. Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov beynəlxalq simpozium və sərgilərdə mədəni irsimizin layiqincə təmsil edildiyini və hər bir azərbaycanlının öz kimliyi ilə fəxr etdiyini vurğuladı. Bildirildi ki, MİRAS İctimai Birliyi mədəni irs sahəsində dünyanın müxtəlif ölkələrindəki elmiictimai qurumlarla əməkdaşlıq edir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev Azərbaycanda 6308 mədəni irs abidəsinin olduğunu, bu abidələrin qorunmasının Konstitusiyada təsbit olunduğunu, Orta əsr Ağsu şəhərinin bu mənada layiqincə qorunduğunu qeyd etdi. "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin koordinatoru Məleykə Hüseynova isə Azərbaycanda arxeoloji turizmin perspektivləri, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə həyata keçirilən beynəlxalq layihədə orta əsr Ağsu şəhərinin əsas marşrutlardan biri seçildiyini bildirdi.

Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, mediaturizm nümayəndələri, rayon ictimaiyyəti sərgi ilə tanış oldular. Orta əsr Ağsu şəhərinin sərgi kompleksləri də iştirakçıların marağına səbəb oldu.

Tədbir çərçivəsində Ağsu şəhəri Mədəniyyət Sarayında Makedoniyanın Vevçani bölgəsindən olan KUD "Drimkol" folklor qrupunun ifasında rəqslər və MİRAS musiqi qrupunun ifasında muğam dəstgahından ibarət geniş mədəni proqram keçirildi. Öncə Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Kud Drimkol folklor qrupu haqqında məlumat verdiqrupun həm Makedoniyada, həm də dünyanın müxtəlif ölkələrində festival və konsertlərə qatıldığını qeyd etdi. Daha sonra Azərbaycan musiqiçiləri tarzən Mehman Mikayılov, kamança ustası Bəxtiyar Hüseynov, xanəndələr Ruslan Adıgözəlov və Mirnağı Hüseynov muğam dəstgahı ifa etdilər.

Kud Drimkol folklor qrupu hüzn, ayrılıq, qəhrəmanlıq, quraqlıq və sevgidən bəhs edən folklor musiqilərinin müşayiəti ilə xalq rəqslərini təqdim etdi. Xalq rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Tədbirin sonunda Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə institutun fəxri üzvü seçilməsi ilə bağlı sertifikatı təqdim etdi. Mediaturizm nümayəndələrinin infoturu isə AzGranata MMC-nin Ağsu şəhərində yeni açılmış mağazasında yerli məhsullarla tanışlıqla davam etdi. Tur iştirakçılarına sertifikatlar təqdim olundu.

Qeyd edək ki, Makedoniyadan gələn qonaqlar üçün 10-11 noyabr tarixlərində Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Ağsu rayonlarına mədəni irs turları da təşkil olunub.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S.11.