«Ölkəmizi tanıyaq» tur-aksiyası gənc nəslin dünyagörüşünün artmasına xidmət edir

 

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə avqustun əvvəlində başlanılan, ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanan "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyalarının birinci mərhələsi uğurla başa çatdı. Bu günlərdə isə aksiyanın ikinci mərhələsi başlayıb. Bu dəfə Bakı məktəbliləri tur-aksiyaya qoşulublar.

Bakının digər rayonları kimi, Xətai rayonunun məktəbliləri də "Ölkəmizi tanıyaq" tur-aksiyasında iştirak edirlər. Onların səyahəti Gəncə-Şəmkir-Göygöl marşrutu üzrədir. Aksiyada yüksək qiymətlərlə oxuyan 40 nəfər şagird iştirak edir. Noyabr ayının 9-da rayon rəhbərliyinin, müəllimlərin və valideynlərin iştirakı ilə məktəblilərin yolasalma mərasimi keçirilib.

Şagirdlər əvvəlcə Xətai rayonunda Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edənlər ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır. Tədbirdə məlumat verilib ki, məktəblilər dörd gün ərzində Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar.

Məktəblilərdən Nuriyyə Əhmədova bildirdi ki, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir: "Bu tur-aksiyanın təşkil olunması bizim dünyagörüşümüzün daha da zənginləşməsinə, məktəblilərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə verir. Bu gün Bakı ilə yanaşı ölkəmizin hər yerində sürətli inkişaf gedirbiz səfər zamanı həm bölgələrimizin yüksəlişini  gözümüzlə görəcəyik, həm də Gəncə, Göygöl və Şəmkirin qədim tarixi irsi ilə yaxından tanış olacağıq. Əminəm ki, səyahətdən yüksək təəssüratlarla qayıdacağıq".

Məktəblilərdən Məhəmməd Zamanov da fikirlərini bölüşərək bu səfərin onların təhsil həyatında əlamətdar hadisə olduğunu bildirdi: "Bu cür aksiyalar bizim üçün çox vacibdir. Biz təkcə Gəncə, Göygöl və Şəmkir barədə deyil, bütövlükdə vətənimiz haqqında çoxlu məlumatlar əldə edəcəyik. Sevinirik ki, dörd gün davam edəcək ekskursiya sayəsində arzumuz gerçəkləşəcək. Bizə heç vaxt unudulmayacaq belə gözəl günlər bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarıq".

Mərasim başa çatdıqdan sonra məktəblilər onlar üçün ayrılmış rahat avtobusla yola düşdülər.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S.11.