Qaxın təbiət gözəllikləri Sabunçu və Suraxanı məktəblilərini valeh edib

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Şəki-Qax-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Sabunçu və Suraxanı məktəbliləri üçün səfərin ikinci günü də olduqca maraqlı və yaddaqalan keçib.

AzərTAc xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Şəkinin Kiş kəndindəki qədim alban məbədini ziyarət ediblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.

Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları sonra Qax rayonuna gəliblər. Sabunçu və Suraxanı məktəblilərini Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbər işçiləri səmimiyyətlə qarşılayıblar. Tur-aksiya iştirakçılarına Qax rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Sonra qonaqlar mərkəzlə yaxından tanış olublar.

Bildirilib ki, 2013-cü ilin avqustunda Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə istifadəyə verilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Milli memarlıq ənənələri saxlanılmaqla ən müasir üslubda tikilən mərkəzin foyesində Ulu Öndərin möhtəşəm heykəli qoyulub. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zalın yan divarları səkkizguşəli ornament şüşələrlə örtülüb. Xüsusi ekranlartablolarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılır.

Zalda quraşdırılan Qax rayonunun elektron xəritəsi, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələr məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin arxitekturasına, ekspozisiya zalının qeyri-adi gözəlliyinə heyranlıqlarını gizlətməyiblər.

Məktəblilər mərkəzin önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra “İçəribazar” kompleksi müasirfüsunkar görkəm alıb. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri nümayiş etdirir.

Buradakı açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik teatr, sənətkarlıq emalatxanaları məktəblilərin böyük marağına səbəb olub.

Tur-aksiya iştirakçıları sonra rayon tarix-diyarşünaslıq muzeyində olublar. Məlumat verilib ki, 1981-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda rayonun tarixi keçmişindən soraq verən 11 mindən artıq muzey əşyası saxlanılır.

Məktəblilər daha sonra geniş turizm potensialına malik İlisu kəndinin tarixi məkanları ilə tanış olublar.

İnşa tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq məktəblilərin ürəyincə olub. Məlumat verilib ki, sümük kimi möhkəm olduğu üçün bu qüllə məhz belə adlanır. Qalanın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi bir dövrə təsadüf edir.

Qax rayonuna səfərləri çərçivəsində tur-aksiya iştirakçıları, həmçinin İlisu kəndindəki Ulu Məscid, Qala bürcü, Ulu körpü və digər tarixi abidələrə də baş çəkib, rayonun görməli yerlərini ziyarət ediblər.

Əsrarəngiz təbiəti olan Qax rayonunun tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb.

Səfər proqramına uyğun olaraq Sabunçu və Suraxanı məktəbliləri Zaqatala rayonunun tarixi yerlərinə də ekskursiya edəcəklər.

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S.11.