Zərdabi yurdu yeni uğurlar qazanır

 

Rayonlarımızdan hansına üz tutsaq, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət aldığını görürük. Son illər ölkəmizin iqtisadi imkanları bölgələrin də hərtərəfli inkişafını şərtləndirir. Bu inkişafı Zərdab rayonunda da gördük.

Payızın günəşli günlərindən birində Zərdab şəhərinə daxil olanda ilk diqqətimizi çəkən yolların və küçələrin abadlığı, səliqə-sahman, bir də yaşıllığın, daha doğrusu, ağacların, bəzək kollarının artması oldu. Payızın bu vədəsində yaşıllıqdan danışmaq yerinə düşməsə də, qızılı libasa bürünmüş ağaclar bir daha xatırlatdı ki, bu əsrarəngiz payız gözəlliyinin arxasında gərgin və zövqlü insan əməyi dayanır. Zərdab kimi yay aylarında göydən "od yağan" bir rayonda yaşıllaşdırma işlərinə, bağ-bağata diqqətin artırılması hər mənada təqdirəlayiqdir - həm gözəllik, həm sağlamlıq, həm də insanların mənəvi rahatlığına təsir baxımından.

Səliqəli Heydər Əliyev prospekti ilə elə də böyük olmayan şəhərin içərilərinə doğru irəliləyirik. Sağ tərəfdəki Heydər Parkında ulu öndərin adını daşıyan mərkəzin möhtəşəm binası yerləşir. Memarlıq üslubu ilə diqqəti çəkən mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib. Hazırda bura zərdablıların, özəlliklə də yerli gənclərin sevimli məkanına çevrilib. İstər Heydər Əliyev Mərkəzinin, istərsə də mərkəzin yerləşdiyi parkın qonaq-qarası heç vaxt əskik olmur. Bir sözlə, Zərdab artıq ötən illərin Zərdabı deyil. Dövlətin yüksək qayğısı sayəsində digər bölgələrimiz kimi, Zərdabi yurdu da dəyişir, inkişaf edir, müasirliyə can atır.

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, cari ilin 9 ayında Zərdabda ötən ilin eyni dövründəkindən 2 milyon manata yaxın çox məhsul istehsal edilib. Ümumilikdə istehsal olunmuş məhsul və xidmətlərin 48,5 milyon manatı kənd təsərrüfatının, 9,2 milyon manatı tikintinin, 12,3 milyon manatı ticarət sahəsinin, 1,1 milyon manatı sənayenin, 827,3 min manatı nəqliyyatın, 280,7 min manatı poçt və rabitə xidmətlərinin, qalanı isə digər sahələrin payına düşür. Əsas məsələlərdən biri də 9 ay ərzində rayonda 246 daimi yerinin yaradılmasıdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işlərinə 2013-cü ilin avqust ayından başlanılıb. Hazırda təmir işləri sürətlə davam edir. Bundan əlavə, yerli büdcə vəsaiti hesabına Qoruqbağı kənd həkim məntəqəsi, Sarıqaya və Pərvanlı kənd tibb məntəqələri təmir edilir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də diqqət artıb. Yerli büdcə vəsaiti hesabına Otmanoba və Körpükənd kənd orta məktəblərində, eləcə də Böyük Dəkkə və Dəkkəoba kənd körpələr evi-uşaq bağçalarında təmir işləri aparılıb. Bağçalar və məktəblər üçün yeni inventar və avadanlıqlar alınıb. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda 50 yerlik iki müasir körpələr evi-uşaq bağçası tikilir. Təmir işləri və avadanlıqla təminat rayon mədəniyyət evini, həmçinin digər mədəniyyət müəssisələrini də əhatə edir.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına uyğun olaraq xətt şəbəkəsinin genişləndirilməsi üçün rayonun 19 kəndində yeni EATS-in tikintisi nəzərdə tutulub. Hələlik isə daxili imkanlar hesabına ilin ötən müddəti ərzində Gəlmə və Məmmədqasımlı kəndlərində genişləndirmə işləri görülüb. Növbəti mərhələdə bu işlərin Məlikli, Çallı, Kəndəbil və Şahhüseynli kəndlərində davam etdirilməsi nəzərdə tutulub. Dövlət proqramı xətti ilə 2014-cü ildə rayonun Kəndəbil, Şəftəhal, Təzəkənd, Hüseynxanlı, Yarməmmədbağı, Məmmədqasımlı, Bıçaqçı və Əlvənd kəndlərində poçt şöbələri üçün yeni müasir binaların tikilməsi planlaşdırılsa da, hələ işlərə başlanılmayıb. 

Rayon mərkəzini dolaşdıqca müxtəlif tikinti obyektləri ilə rastlaşırıq. MTN Zərdab rayon şöbəsinin inzibati binasının tikintisində son tamamlama işləri görülür. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin rayonda yaradılacaq yeni idarəsi üçüninzibati binaların inşasına başlanılıb. Şəhərin bir sıra küçələrində işıqlandırma sistemi qurulub. "32 hektar" adlanan ərazidə, Qumlu yaşayış massivində, Heydər Əliyev Parkında, eləcə də bəzi küçələrdə təmir və abadlıq işləri aparılıb, Dədə Qorqud meydanına gedən yola asfalt döşənib, səkilər abadlaşdırılıb.

Kənd əhalisinin içməli su təminatını yaxşılaşdırmaq üçün ötən illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli 17 sutəmizləyici qurğu və 149 bulaq tikilib istifadəyə verilib. İndi Qaravəlli və Aşağı Seyidlər kəndləri də bu sıraya qoşulmaq üzrədir. Onu da qeyd edək ki, bulaqlardaqurğularda lazım olan təmir işləri vaxtında görülür, bulaqlar təyin edilmiş qrafikə uyğun əhalini təmiz içməli su ilə təmin edir.

Vacib amillərdən birirayonda sahibkarlığın inkişafına lazımi şəraitin yaradılmasıdır. Təsadüfi deyil ki, bu sahə ilə məşğul olmaq üçün ilin əvvəlindən 8 hüquqi və 177 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçib. 9 ay ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda 22 layihəyə 253,5 min manat güzəştli kredit verilib. Bu sahənin inkişafının nəticəsidir ki, yeni pərakəndə satış və xidmət obyektləri tikilib istifadəyə verilir. İnşa olunan müasir obyektlər memarlıq baxımından da şəhərin yaraşığını artırır.

Görülən işlərlə yanaşı, həllini gözləyən məsələlər də az deyil. Lakin zərdablılar əmindirlər ki, dövlətin dəstəyi və öz işgüzarlıqları sayəsində həmin məsələlər də tezliklə həll olunacaq.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S. 7.