GUAM regionunda münaqişələrin ədalətli nizamlanması dövlətlərarası əməkdaşlıq üçün yeni perspektivlər yaradar

 

Noyabrın 10-da Moldova paytaxtındakı Respublika Sarayında Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) Parlament Assambleyasının (PA) VII iclası işə başlayıb.

AzərTAc-ın artıq xəbər verdiyi kimi, GUAM-ın növbəti iclasında bu təşkilatın iştirakçısı olan dövlətlər – Azərbaycan, Gürcüstan, MoldovaUkrayna ilə yanaşı, Baltikyanı ölkələrin, Polşanın parlamentariləri, habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) PA, Türk PA və “Vışeqrad qrupu” nümayəndələri də iştirak edir.

Forumun ilk günündə Azərbaycan Respublikası Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov çıxış edib.

O deyib ki, dövlətlərimiz müstəqillik əldə edəndən sonra bizim üzləşdiyimiz yeni təhdidlər və təhlükələr beynəlxalq hüquqa kobudcasına etinasızlıq göstərilməsinə, o cümlədən suveren dövlətlər olan Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxarıb.

Azərbaycan Milli Məclisinin deputatı vurğulayıb ki, GUAM məkanında münaqişələrin nizamlanması yalnız BMT iştirakçıları olan dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət və beynəlxalq miqyasda tanınmış sərhədlərin pozulmazlığı əsasında həyata keçirilməlidir. O qeyd edib ki, əgər beynəlxalq hüququn bu tələblərinə əməl edilsə, regional kooperasiyanın inkişafı üçün tamamilə yeni perspektivlər açılar.

Deputat vurğulayıb ki, GUAM iştirakçısı olan dövlətlərin birgə səyləri ilə artıq gerçəkləşmiş və hələ həyata keçirilməkdə olan transmilli layihələr regionun dinamik inkişafı üçün əlverişli imkanlar yaradıb. Bununla belə, regionda həlli uzanan bir sıra problemlər olması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu bölgədə yerləşən ölkələrin tərəqqisi yolunda böyük maneə kimi qalmaqdadır. Şübhəsiz, bu münaqişələr region ölkələrinin inkişafını ləngitməklə yanaşı, həm də sülhə və sabitliyə ciddi təhlükə yaradır. E.Məmmədovun qeyd etdiyi kimi, şübhə yoxdur ki, GUAM məkanındakı münaqişələrin ədalətli nizamlanması dövlətlərarası əməkdaşlıq üçün tamamilə yeni perspektivlər açacaq.

MM nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, parlamentarilər çoxtərəfli parlament diplomatiyası vasitəsilə regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə yorulmadan kömək etməlidirlər. GUAM iştirakçıları olan dövlətlərin milli parlamentləri yuxarıda beynəlxalq təşkilatlar çərçivəsində adları çəkilən məsələlər barəsində vahid mövqedən çıxış edir və ölkələrimizin siyasi gündəliyindəki incə məsələlərə beynəlxalq birliyin ədalətli yanaşmasının formalaşmasına öz töhfələrini verirlər.

GUAM iştirakçısı olan dövlətlərin ərazi bütövlüyü məsələləri barəsində bir sıra beynəlxalq və regional parlament qurumlarının mövqeyini yüksək qiymətləndirən E.Məmmədov belə təşkilatlar arasında Baltik Assambleyasını xüsusi qeyd edib.

O deyib: “Beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olan müasir parlament diplomatiyası, habelə GUAM iştirakçısı olan dövlətlər arasında parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsi yeni əməkdaşlıq körpüləri yaratmağa imkan verir. Bu gün bizim milli parlamentlərin nümayəndə heyətləri müxtəlif parlament assambleyalarında bütün dünya birliyinin diqqətini bizim üzləşdiyimiz təhdidlərə yönəldirlər.

İkitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr qarşıya qoyulmuş məqsədlərə nail olmaq və həqiqəti bütün dünyaya çatdırmaq üçün təsirli mexanizmdir. GUAM iştirakçısı olan dövlətlərin möhkəm parlament ənənələri səmərəli parlamentlərarası əməkdaşlıq üçün yaxşı zəmin yaradıb. Bizə isə yalnız bu qalır ki, mövcud potensialımızdan tam istifadə edək”.

Deputat GUAM iştirakçısı olan ölkələrin parlamentarilərinə müraciətlə səyləri birləşdirməyə çağıraraq vurğulayıb ki, yalnız bu halda regionda möhkəm sülhüsabitliyi təmin etmək olar.

 

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kişineu

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S. 6.