Bütün türk dünyasını birləşdirən həzin bir nəğmə - «Sarı gəlin»

 

Noyabrın 12-də Azərbaycan Mətbuat Şurası və Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri doktoru, professor Minəxanım Təkləli Nuriyevanın "Sarı gəlin" kitabının təqdimatı olub.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində elm və mədəniyyət xadimləri, ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.   

Minəxanım Təkləlinin yaradıcılığından danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, təqdim olunan bu kitab Azərbaycan xalqının mənəviyyatının dərinliyini təsdiq edir. 150-yə qədər xalq mahnısının toplandığı "Sarı gəlin" kitabı Azərbaycanın mədəni həyatında bir hadisədir, dəyərli bir mənbədir. Ona görə ki, kitabda xalq mahnılarının müxtəlif variantları müqayisəli şəkildə verilib.

Ə.Amaşov müəllifin 10-dan çox kitabının çap olunduğunubu nəşrlərdə türkçülüyün qırmızı bir xətlə keçdiyini diqqətə çatdırıb.

"Kaspi" Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru  Sona Vəliyeva isə çıxışında  Minəxanım Təkləlinin yaradıcılığı ilə çoxdan tanış olduğunu, bu qeyrətli xanımın kitablarını həyəcansız oxumağın mümkünsüzlüyünü diqqətə çatdırıb. "Alim olmaq, hətta Nobel mükafatı da almaq olar. Ancaq bir əsər xalqın yaşantılarını, mənəvi dünyasını əks etdirmirsə, o kitab yazılmasa yaxşıdır. Minəxanım Təkləlinin kitabları isə türk mənəvi dəyərlərini tam dolğunluğu ilə əks etdirir",- deyə o əlavə edib.

Müəllifin yaradıcılığını  yüksək qiymətləndirən Sona Vəliyeva onun "Rus dilində türk sözləri" kitabını oxumağı hamıya tövsiyə edib.

Minəxanım Təkləlinin gec tanınmasından təəssüfləndiyini bildirən Sona Vəliyeva mənəvi dəyərlərimizin öyrənilməsi üçün bu kitabları dönə-dönə oxumağın vacibliyini söyləyib. Vurğulayıb ki, "Sarı gəlin" kitabı Azərbaycan Milli Konservatoriyasında yaradıcılıq fakültələrində xalq mahnıları ilə bağlı tədrisin keyfiyyətini daha da artıracaqdır. Kitabın əhəmiyyəti ondan ibarətdir ki, sanki qırılmış boyunbağı kimi hər yerə səpələnmiş mahnılarımızı müəllif ipə-sapa düzərək xalqımıza qaytarıb.

Sona Vəliyeva qeyd edib ki, heç vaxt saflığını itirməyən bu incilər bizi daha zəngin göstərir. Xüsusi qeyd olunub ki, bu işdə Minəxanım Təkləliyə zəhmətsevərliyi və arxivlərdə işləmək bacarığı kömək edib. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib ki, kitabda türkü sözünün işlənməsi bizi Türkiyəyə bir addım da yaxınlaşdırır. "Sarı gəlin" bütün türk dünyasını birləşdirən həzin bir nəğmədir.

Diqqətə çatdırılıb ki, "Sarı gəlin" kitabı xalqımızın mənəvi həyatında mühüm yer tutan nəğmələrimizin qorunub hifz olunması zərurətindən yaranıb.

Sonra müəllifə Mətbuat Şurasının diplomu təqdim olunub. Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Minəxanım Təkləli "Sarı gəlin"in xalqın ürəyincə olduğuna sevindiyini ifadə edib.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.12.