Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir

 

Bu günlərdə Böyük Britaniyanın Azərbaycandakı "British Council" nümayəndəliyinin "Hilton" hotelində Birləşmiş Krallıq və respublikanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair görüş keçirilmişdir.

Görüşdə çıxış edən Britaniya Şurasının Azərbaycandakı ofisinin direktoru Elizabet Uayt və Təhsil Nazirliyinin əməkdaşı İlham Hümmətov ölkəmizdə fəaliyyət göstərən universitetlərin beynəlxalq proqramlarda iştirakından söhbət açdılar. Vurğulandı ki, respublikada təhsilin və elmin dünya səviyyəsinə çıxması, rəqabət üçün belə tədbirlərin keçirilməsi, beynəlxalq əlaqələrin yaradılması çox vacib məsələlərdəndir.

Tədbirdə Böyük Britaniya və Azərbaycandan 20 aparıcı universitet, o cümlədən Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak edirdi.

Sumqayıt Dövlət Universiteti Britaniyanın bir neçə nüfuzlu universiteti ilə gələcək əməkdaşlığını qurulması üçün bakalavr, magistr və fəlsəfə doktoru hazırlığı üzrə işlərin aparılması, ayrı-ayrı ixtisaslar üzrə distant təhsilin alınması, həmin universitetlərin internet resurslarının istifadəsi və birgə elmi-tədqiqat  işlərinin aparılması müzakirə olunmuşdur.

Görüşdə SDU-nun Xarici dil (humanitar ixtisaslar üzrə) kafedrasının müdiri, filologiya elmləri doktoru Nigar İsgəndərova, əcnəbi tələbələrin hazırlıq  mərkəzinin müdiri Südabə Məmmədova və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak etmişlər.

 

A.ƏLİYEV

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.10.