Cənub bölgəsinin təbiəti, tarix və mədəniyyət abidələri məktəblilərdə zəngin təəssüratlar yaradıb

 

“İlk dəfədir Azərbaycanın regionlarına səyahət edirəm. Cənub bölgəsinin təbiəti, tarix və mədəniyyət abidələri məndə zəngin təəssürat yaradıb”.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində cənub bölgəsində olan, Bakı şəhərinin Yasamal rayonundakı Bakı-Avropa liseyinin IX sinif şagirdi Fidan Hüseynova AzərTAc-a müsahibəsində söyləyib.

F.Hüseynova deyib: “Masallıda “İsti-su” müalicəvi turizm və istirahət mərkəzində gördüyüm mənzərə məni heyran etdi. Burada isti su iri gövdəli palıd ağacının altından çıxır. Ancaq, 80-100 dərəcə istiliyi olan suyun ağaca heç bir ziyanı dəymir. Uzun müddət SSRİ-yə rəhbərlik etmiş İosif Stalinin Lənkərandakı Darəvi Qalada dustaq olması barədə xəbəri məhz tur-aksiya zamanı eşitdim. Lerikdə doğulub boya başa çatan, planetimizin ən qocaman sakini, dağlar qoynunda 168 il ömür sürmüş Şirəli Müslümovun şəklini ilk dəfə Lerik şəhərindəki “Uzunömürlülər muzeyi”ndə gördüm. Bütün bunlar məni çox sevindirir. Tur-aksiya iştirakçıları adından bizə bu sevinci bəxş edən ölkəmizin başçısına minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan. - 2014.- 13 noyabr.- S.10.