Növbəti məşğələ Konstitusiya Gününə həsr edilib

 

İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin konfrans zalında noyabrın 12-də keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Azərbaycan Konstitusiyasının qəbulunun 19-cu ildönümünə həsr edilib.

AzərTAc xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların və gənclərin iştirak etdikləri növbəti məşğələdə icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon məhkəməsinin hakimi Azad Əliyev, rayon prokurorunun müavini İlkin Mustafayev, HumanitarTexnologiya Kollecinin tarix müəllimi Pərviz Məhərrəmov çıxış ediblər.

Çıxışlarda 1995-ci il 12 noyabrın Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətli bir gün olduğu vurğulanaraq 19 il əvvəl ümumxalq səsverməsi-referendum yolu ilə müstəqillik dövründə ilk konstitusiyanın qəbul edildiyi, beləliklə də ölkənin demokratiksivil yolla inkişafı üçün təminat yaradıldığı diqqətə çatdırılıb.

Çıxışlarda həm də vurğulanıb ki, Azərbaycan həyatının elə bir istiqaməti, elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, müasirləşməsi, milli maraqlar üzərində qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olmasın. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu da məhz Ulu Öndərin xilaskarlıq missiyasının sona qədər yerinə yetirilməsinin təzahürüdür.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qazanılan nailiyyətlər, Azərbaycanın beynəlxalq miqyasda söz sahibinə çevrilməsi məhz dünyəvi dəyərlərə əsaslanan Heydər Əliyev Konstitusiyasının uğurudur.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.7.