Azərbaycan regionda beynəlxalq təhlükəsizlik və sabitlik baxımından mühüm rol oynayır

 

Siyasətimiz çox aydındır. Bu, regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, o cümlədən iqtisadi maraqlara, təhlükəsizliyə və sabitliyə doğru yönələn siyasətdir.

 

İlham ƏLİYEV

 

Ümummilli liderin milli dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 11 ildə özüyeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır.

Peşəkar siyasətçi kimi cənab İlham Əliyevin siyasi portretinin əsas cizgilərini təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu siyasi lider olduğunu birmənalı şəkildə sübuta yetirir. Bir sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, onun siyasətçi kimi formalaşmasına təsir göstərən amillər sırasında populizm və psevdovətənpərvərlik kimi amillər yoxdur. Əksinə, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.

Prezident İlham Əliyevin ötən müddətdə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafademokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Ölkə başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin təsdiqlədiyi sosial-iqtisadi inkişaf proqramlarının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır. Belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir.

Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 11 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda bu məsələlərə toxunmuşdur: "Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnikdini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk. İki dəfə mədəniyyətlərarası dialoq forumlarını keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə aid, dünyanın müxtəlif yerlərində yaşayan insanların hansı şəkildə birgə işləməsinə, əməkdaşlığına və qarşılıqlı fəaliyyətinə həsr olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik. Çünki hamımız bilirik ki, bu gün ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında ayrılmadır. Biz Azərbaycanda tariximizi, adət-ənənələrimizi və coğrafi mövqeyimizi, Avropa və müsəlman təşkilatlarına üzvlüyümüzü nəzərə alırıq. Biz sıx əməkdaşlığa, daha çox anlaşmaya, dəstəyə töhfə verməyə çalışırıq. Hesab edirəm ki, həmin səylər yaxşı nəticələr verəcək. Bu gün biz burada, Bakıda bütün dünyadan gəlmiş təmsilçiləri qəbul edirik. Siz gənclər cəmiyyətlərinizin fəal təbəqəsinin nümayəndələrisiniz. Ölkələrinizdə sizi böyük gələcək gözləyir. Buna görə tanış olmaq, birgə çalışmaq, bir-birinizin problemlərini anlamaq və yardım etmək cəhdləri, fikrimcə, çox vacibdir".

Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Çətin, lakin şərəfli müstəqillik tariximizin ötən 23 ilinə nəzər salarkən düşünməliyik ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində olmalıyıq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

İnkişaf etmiş demokratik ölkələrdə müxalifət hakimiyyət uğrunda sivil, konstitusionintellektual mübarizə aparmaqla hakimiyyətə alternativ siyasətin daşıyıcısı kimi çıxış edən qüvvə olduğu halda, eyni meyarı Azərbaycandakı müəyyən siyasi qüvvələrə şamil etmək mümkün deyil. "Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipinə üstünlük verməklə yalnız bu halda siyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanacağını düşünən antiazərbaycançı şəbəkənin təsir dairəsində olan radikal müxalifət qüvvələri ölkədə siyasi sabitliyin pozulmasında maraqlı tərəf olduqlarını indiyədək bir neçə dəfə sübuta yetirmişlər. Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində irreal vədlərə hansısa yer saxlamamışdır. Həmin qüvvələrin hələ də ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdanonun problemlərindən uzaq düşməsi, ucuz populizmə, şablonprimitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bu düşərgənin real vəziyyətini əks etdirir.

Prezident İlham Əliyev dünyanın 80-dən çox ölkəsindən 700-dən artıq nümayəndənin iştirak etdiyi forumda bildirib: "Biz burada siyasətçilərin məsuliyyəti məsələsinə toxunuruq. Çünki burada gələcəyin bir çox mühüm siyasətçilərini görürəm. Siz ölkələrinizdə yüksək vəzifələr tutacaqsınız. Buna görə siyasi xadimlərin siyasi məsuliyyəti, iqtisadiyyat üzərində məsuliyyət, həmçinin çox əhəmiyyətli məsələdir. Bilirik ki, bəzən müəyyən ölkələrdə bəzi seçki kampaniyalarında, siyasi vəziyyətlərdə insanlara böyük vədlər verilir ki, onların əməkhaqları, pensiyaları artacaq və cənnət yaranacaq. İnsanlar bu sözlərə inanaraq həmin siyasətçilərə səs verirlər. Siyasətçilər isə öz vədlərini yerinə yetirməlidirlər, lakin bunu edə bilmirlər, çünki iqtisadi məhdudiyyətlər var. Bu halda onlar nə edirlər? Başlayırlar beynəlxalq maliyyə təsisatlarından, digər ölkələrdən borc götürməyə. Bu, bir piramidaya oxşayır. Dayanmadan kreditlər yığırlar və bir gün hər şey dağılır. Lakin kim əziyyət çəkir? Yenə də adi insanlar. Həmin populist bəyanatlara aldanmış insanlar əziyyət çəkir, çünki onların maaşları, pensiyaları azaldılır, yerləri ixtisar edilirs. Buna görə hər bir ölkənin iqtisadi mövqeyi real vəziyyətə əsaslanmalıdır. İslahatları necə aparmaq lazımdır? Bunu etmək çətin deyil. Sərmayələri necə cəlb etmək lazımdır? Yaxşı biznes mühiti, sabit siyasi vəziyyət və proqnozlaşdırılan gələcək olmalıdır. Bu halda sərmayədar gələ bilər, çünki onları sərmayə qoymağa başqa cür dəvət etmək çox çətindir. Qlobal bazarlarda iqtisadi və maliyyə böhranı yenə də davam edir. Bu sahədə müəyyən təcrübəmiz var, iqtisadiyyatımız davamlıdır, çoxşaxəlidir və irəliyə doğru rəvan şəkildə gedir. Davamlı inkişaf isə əsas hədəfimiz olub".

Bu gün hər bir azərbaycanlı dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.7.