Gələcəyə etibarlı təminat

 

Sosial sığorta haqqı ödənişlərinin və hesabatlarının avtomatlaşdırılmasının nəticəsi olaraq Azərbaycan "Doing Business 2015" hesabatında 32 pillə irəliləmişdir

 

Bəşəriyyətin inkişaf tarixi sübuta yetirmişdir ki, istənilən dövlətin sürətli və hərtərəfli tərəqqisini şərtləndirən mühüm amillərdən biri də ədalətli sosial quruluşun, iqtisadisosial qaydalara uyğun olaraq vətəndaşların layiqli həyat səviyyəsinin təminatından keçir. İnkişaf etmiş Qərb dövlətlərinin də təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətlərinə baxmayaraq, əhalinin sosial müdafiəsi institutunun yaradılmasını zəruri məsələ kimi önə çəkir. Bu mənada, bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsinin diqqətdə saxlanılması iqtisadi inkişaf modelindən asılı olmayaraq, hər bir dövlət üçün xüsusi aktuallığa malikdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycanın heç bir ölkədə oxşarı olmayan, bir çox üstünlükləri ilə seçilən milli inkişaf yolunu uzaqgörənliklə müəyyənləşdirən ümummilli lider Heydər Əliyev dövlətin sosialyönümlü siyasətinin yüksək səmərəliliyinin və ünvanlılığının təmini məqsədilə sığorta-pensiya sistemi və dövlət sosial yardımlarının ayrı-ayrılıqda - beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələrini vacib saymışdır. 2001-2005-ci illəri əhatə edən "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası" əsasında həyata keçirilən bu islahatlarla respublikada dünyada analoqu olmayan sığorta-pensiya sisteminin formalaşdırılması tədbirlərinə start verilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 11 ildə pensiya sistemində islahatların davam etdirilməsini xüsusi diqqət mərkəzində saxlamışdır. Ölkə başçısının bilavasitə rəhbərliyi altında "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın reallaşdırılmasına, daha dəqiqi, dünyada analoqu olmayan sığorta-pensiya sisteminin formalaşdırılması tədbirlərinə başlanılmışdır. 2003-2005-ci illərdə prosesə müəyyən hazırlıq işləri aparılmış, 2006-cı il yanvarın 1-dən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılmaları və beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri təmin edilmişdir.

2006-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, baza, sığorta və yığım hissələrindən ibarət yeni - üçpilləli pensiya sistemi fəaliyyətə başlamışdır. Sözügedən qanuna əsasən, əmək pensiyalarının baza hissəsi birinci pillə kimi əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır. Və bu hissə dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan, real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin edilir.

Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan buya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı ilin 1 yanvarından tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Beləliklə, ölkədə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır.

Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir. Bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsi və ümumən ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına təkcə 2014-cü ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmişdir. Bu göstərici 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2014-cü ildə 5 faizə çatmışdır.

Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarlar nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı göstərici olub ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması (Azərbaycan 95,2 faiz, Belarus 79,8 faiz, Rusiya 70,4 faiz) xüsusi qeyd olunmalıdır.

2014-cü ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil etmişdir. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 faizi plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulmuşdur.

Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş qaydada pensiya təminatı xüsusi qeyd olunmalıdır. Belə ki, fond tərəfindən istifadəyə verilən sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaratmışdır. Bu, sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə də yardım göstərmiş, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na adekvat olaraq 2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılmışdır. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Tətbiq olunan yenilik işləyən vətəndaşların da üzərinə müəyyən öhdəliklər qoymuşdur. Bu modelə görə vətəndaşlar sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olmasını nəzərə alaraq, öz fərdi hesablarında məlumatların tam əks olunmasında maraqlıdırlar. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır.

Dövlət Sosial Müdafiə Fondunda bu məqsədlə həm də "Çağrı Mərkəzi"nin yaradılması təmin edilmişdir (190-0). Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadanvaxt itirmədən bu nömrəyə zəng vuraraq şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumat isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat sistemə daxil edilərək təsdiqləndiyi halda fondun fərdi məlumatlar bazasına inteqrə olunur və avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılır. Beləliklə, vətəndaşa ona təyin olunan pensiyanın məbləği barədə də operativ məlumat verilir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan  vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

Hazırda istənilən vətəndaş fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadanvaxt itirmədən "Çağrı Mərkəzi"nə zəng vurub real vaxt rejimində pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Bütün bunlar sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fondorqanlar arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına gətirib çıxarmışdır.

Bütün bunlar həm də DSMF-in elektron xidmətlərin tətbiqi sahəsində novator qurumlardan biri olması ilə şərtlənir. 2014-cü ilin yanvar-oktyabr aylarında fondun mərkəzi məlumat bazasında 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır və bu da ölkə əhalisinin 43 faizindən çoxunu təşkil edir. Ümumilikdə, informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 20-ni ötmüşdür. Hazırda bütün ölkə üzrə iriorta sahibkarlardan hesabatlar tamamilə elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Fondun təklif etdiyi "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərinin real vaxt rejimində ödənilməsini həyata keçirə bilərlər. Bunun üçün "www.e-gov.az" "Elektron Xidmətlər Portalı"na daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" xidmətini seçmək və məcburi dövlət sosial sığorta haqlarının ödənişini real vaxt rejimində həyata keçirmək mümkündür.

DSMF-in elektron hesabat xidməti də müstəsna əhəmiyyəti ilə diqqəti çəkir. Bu xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin "www.sspf.gov.az" saytında yerləşdirilmişdir. "Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları əksini tapmışdır.

DSMF-in təklif etdiyi "Sığortaolunanın onlayn uçota alınması" xidməti sığortaedənlərlə DSMF arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-nin saytı, həm "Elektron hökumət" portalı vasitəsi ilə "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçirmüvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilirbu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır.

Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir. Eyni zamanda, əgər vətəndaş sığortaolunan kimi fərdi uçot sistemində qeydiyyatdadırsa, bu zaman imtina haqqında informasiya əks olunmaqla sığortaolunanın nə zaman və hansı sığortaedən tərəfindən uçota alınması ilə bağlı xüsusi pəncərə açılır. Bu prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxarmışdır.

Bu xidmət vasitəsi ilə hər bir sığortaedən öz ofisində kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdir. 2014-cü ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də "elektron hökumət" portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanmışdır və bu da ümumi vətəndaş müraciətlərinin azalmasında, şəffaflığın daha da artmasında öz rolunu oynamışdır.

Ölkəmizdə həyata keçirilən sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi hələ 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2013-cü ildə isə Azərbaycan Respublikası növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. 2012-ci ilin sonunda Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə fondu "Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş metodlarından yeni metodlarına keçid" nominasiyası üzrə xüsusi sertifikata layiq görmüşdür.

Oktyabrın 22-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda keçirilmiş ikigünlük beynəlxalq seminar da respublikamızın bu sahədəki uğurlarının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini göstərmişdir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda tədbirin Bakı şəhərində keçirilməsi barədə qərar Azərbaycan Respublikasında sığorta-pensiya sistemində aparılan islahatlar, bu sferada informasiyakommunikasiya texnologiyalarının tətbiqi, informasiya açıqlığı və elektron xidmətlər, Dövlət Sosial Müdafiə Fondunun qeyd olunan sahədəki təcrübəsi nəzərə alınaraq qəbul edilmişdir.

Məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması sahəsində həyata keçirilən tədbirlərin yekunu olaraq Azərbaycan "Doing Business 2015" hesabatında 32 pillə irəliləmişdir. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir. "Elektron hökumət" portalının statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Ölkə başçısının 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə pensiya təminatı sisteminin islahatı Konsepsiyası" isə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Sənədə əsasən, 2020-ci ilədək pensiya sisteminin formalaşdırılmasında beynəlxalq tendensiyalar nəzərə alınacaq, pensiya təminatı daim yeniləşən müasir tələblərə uyğunlaşdırılacaq, pensiyaçıların etibarlı sosial müdafiəsi təmin ediləcəkdir.

Ümumilikdə, DSMF ötən 22 illik fəaliyyəti ilə Azərbaycanda sosialyönümlü iqtisadi inkişaf modelinin formalaşmasında yaxından iştirak etmiş, əhalinin sosial rifah halının davamlı şəkildə yüksəldilməsinə çalışan dövlət qurumu imicini qazanmışdır. Ölkə rəhbərliyinin siyasi iradəsi ilə fondun apardığı islahatlar ümumən hər bir vətəndaşın gələcəyinə etibarlı təminat yaratmaq kimi humanist və insanpərvər bir məqsədə xidmət edir.

(Məqalə Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır"  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.)

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.8.