Təqdim edilmiş təkliflərin əsas məqsədi dövlət büdcəsi xərclərinin rasional, nəticəli, məqsədli, qanunauyğun istifadəsinin təmin edilməsidir

 

Müsahibimiz  Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar GÜLMƏMMƏDOVdur

 

Milli Məclisdə və müvafiq qurumlarda 2015-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr davam edir. Hesablama Palatası dövlət büdcəsinə rəyində növbəti ilin büdcə layihəsində hansı məqamları fərqləndirmişdir?

2015-ci ilin dövlət büdcəsinin layihəsini ötən illərlə müqayisədə fərqləndirən xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar. İlk olaraq, qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklər qeyd edilməlidir. Bu dəyişikliklər dövlət büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlılığının və şəffaflığının artırılması ilə yanaşı, yerli gəlirlərin yığım səviyyəsinin genişləndirilməsi məqsədini güdür. Belə ki, birinci istiqamətdə Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımların vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilməməsi, ikinci istiqamətdə 2015-ci ildə ilk dəfə olaraq yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmuşdur.

Bilirsiniz ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 19438,0 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Əgər biz neft sektoru ilə əlaqədar mənbələrin azalma meyilli olduğunu da nəzərə alsaq, gəlirlərin artımı qeyri-neft sektorundan gəlirlərin həcminin 2014-cü ilə nisbətən 8,1 faiz çox olması hesabına təmin ediləcək. O da nəzərə alınmalıdır ki, ÜDM-in strukturunda davamlı olaraq güzəştli vergi rejimi tətbiq olunur. Bu, 2013-cü ilin nəticələrinə əsasən (əvvəlki ilə nisbətən artaraq) ÜDM-in 7,4 faizini təşkil edir.

"Büdcə zərfi"nin  məlumatlarına əsasən, cari ilin proqnoz göstəricilərinə nisbətən növbəti ildə dövlət büdcəsinin vergi gəlirlərinin 2,3 faiz, qeyri-vergi gəlirlərinin isə 8,2 faiz çox olması proqnozlaşdırılır. Vergili gəlirlərin proqnoz səviyyəsi, xüsusən fiziki şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi növləri üzrə mövcud makroiqtisadi şərait həmin proqnozların tam həcmdə yerinə yetiriləcəyinə əminlik yaradır. Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnozun icrasına rezident vergi ödəyiciləri üzrə borcların azaldılması və vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı davamlı tədbirlər öz müsbət təsirini göstərəcək.

Dövlət Neft Fondundan ayırmaların 2013-cü ilə nisbətən 8,5 faiz az, cari ilin proqnoz göstəricilərinə nisbətən 11,3 faiz çox olacağı proqnozlaşdırılmışdır. Növbəti ildə respublikamız üçün strateji əhəmiyyətli investisiya layihələrinin reallaşdırılması da nəzərdə tutulmuşdur.

Qeyd edək ki, 2015-ci ildə dövlət büdcə xərclərinin 5,2 faiz artaraq 21100,0 milyon manat olacağı proqnozlaşdırılmış və bu, ÜDM-in 35,3 faiz nisbəti səviyyəsindədir. Dövlət büdcə xərclərinin artım və ÜDM-də nisbət səviyyəsi optimal göstəricilər civarındadır.

Növbəti ilin büdcə layihəsində şəffaflığın artırılması ölkə rəhbərinin prioritet elan etdiyi sahələrin diqqətdə saxlanılması, nəzərdə tutulmuş islahatların həyata keçirilməsi məqsədi ilə  maliyyə təminatının yaradılması tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

2015-ci ilin dövlət büdcəsində sair xərclərin azaldılması, bir sıra xərclərin ünvanlılığının artırılması, investisiya xərclərində bölüşdürülməmiş ehtiyat fondlarının nəzərdə tutulmaması, müxtəlif sahələrdə islahatların həyata keçirilməsi məqsədilə ilk dəfə olaraq vəsaitin proqnozlaşdırılması, şəffaflığın artırılması ilə bağlı atılan addımlar əhəmiyyətli məqamlardandır.

Eyni zamanda  qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində malların (işlərin və xidmətlərin), xüsusilə ərzaq məhsullarının və dərman vasitələrinin alınmasına nəzərdə tutulmuş vəsaitlərin, subsidiya və transfertlərlə bağlı xərclərin artım tempi daha sürətlidir.

Qeyd olunmalı məqamlardan biri də növbəti ilin büdcəsində bir neçə xərc maddəsində ilk dəfə olaraq vəsait nəzərdə tutulmasıdır. Bu addım  xərclərin ünvanlılığının artırılmasına  və rasionallaşdırılmasına xidmət edir.

Dövlət əsaslı vəsait qoyuluşlarının məbləğinin 2014-cü illə müqayisədə  670,0 milyon manat çox olacağı proqnozlaşdırılmışdır. Dövlət əsaslı vəsait qoyuluşunun strukturunda sosialyönümlü layihələr üzrə 44,1 faiz, infrastruktur layihələri üzrə 0,3 faiz artım gözlənilir.

Dövlət borcunaona xidmət edilməsi ilə bağlı xərclər dövlət büdcə gəlirlərinin 4,0 faizini, xərclərinin isə 3,7 faizini təşkil edəcək. 2014-cü ilə nisbətən xarici dövlət borcu üzrə ödənişlər 0,8 faiz çox, daxili dövlət borcu üzrə ödənişlər 12,0 faiz az proqnozlaşdırılmışdır. Xarici dövlət borcu  üzrə artımın faiz ödənişləri üzrə olması gözlənilir ki, bu da xarici valyuta nominallı dövlət qiymətli kağızların beynəlxalq bazarda yerləşdirilməsi ilə bağlıdır. Daxili dövlət borcu üzrə məbləğin azalması nəzərdə tutulmuş emissiyaya qarşı tələbatın az olmasından irəli gəlir. Dövlət büdcəsinin layihəsində həm xarici, həm də daxili dövlət borcu üzrə müəyyən edilmiş yuxarı həddə (limitə) ehtiyatlı yanaşılmışdır. Ümumiyyətlə, hesab edirik ki, dövlət zəmanətli kredit alan təşkilatların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi və kreditlərə xidmət xərclərinin həmin icraçı təşkilatlar hesabına həyata keçirilməsi ilə bağlı fəaliyyətin davam etdirilməsi zəruridir.

Dövlət büdcə kəsiri ilə bağlı proqnoza gəldikdə isə, Milli Məclisin komitələrinin  birgə iclasında qeyd etdiyim kimi, ÜDM-in cari ildə artım tempi və növbəti ildə real iqtisadi artım göstəricisi, dövlət gəlirlərinin tam icrası və xərclərə ehtiyatlı və qənaətli yanaşmanın tətbiqi  kəsirin daha az olacağını deməyə əsas verir.

Milli Məclisin İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetikaekologiya komitələrinin Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsinə dair birgə iclasında çıxışınızda xam neftin büdcədəki proqnoz göstəricisinə münasibət bildirmədiniz. Bu, nə ilə bağlıdır?

Əvvəla, dünyada neftin qiymətinə iqtisadi amillərdən çox xarici siyasi faktorların  təsir göstərdiyini nəzərə alaraq onun iqtisadi metodlarla dəqiq və tam əminliklə proqnozlaşdırılmasının mümkün olmadığını vurğulamalıyıq. Bu əsasdan da neftin "Büdcə zərfi"nə nəzərdə tutulmuş qiyməti müzakirə predmeti olmamalıdır. İkincisi, ölkədə təmin edilmiş maliyyə dayanıqlılığı və mənfi meyilli risklərin növbəti ildə zərərsizləşdirilməsi üçün mənbələrin mövcud olması pessimist proqnozların baş verəcəyi halda bu vəziyyətin respublika iqtisadiyyatına təsirsizliyini təmin edəcək.  Nəhayət, ümumiyyətlə, hesab edirəm ki, neftin qiymətinin  ucuzlaşması müvəqqəti haldır, dünyada nə qədər  yeni neft yatağı tapılsa da, neft resursları azalmağa doğru gedir. Bununla yanaşı, neft istehsalı ildən-ilə çətinləşir, maya dəyəri də artır. Bu amillərin nəzərə alınmasının lazım olduğunu düşünürəm.

Çıxışınızda büdcənin sair xərclərinin azalma meyilli olmasını xüsusilə vurğuladınız. Bu xərclərin azalması hansı istiqamətləri əhatə edəcək?

"Büdcə zərfi"nə daxil edilmiş məlumatlarda sair xərclərin 14,0 faizədək azaldığı göstərilmişdir. Bu xərclərin azalması şəffaflığın təmin edilməsində müsbət addımdır. Düşünürük ki, layihəyə daxil edilmiş inzibati təsnifat üzrə bəzi tədbirlərin icra istiqamətləri, məsələn, əməkhaqqı və pensiya sisteminin təkmilləşdirilməsi, kommunalkommunikasiya xidmətləri ilə bağlı xərclər "sair xərc" adı altında təqdim edilsə də, bu xərclər artıq ünvanlı verilmişdir. Bu, öz növbəsində sair xərclərin azalma istiqamətlərinə əlavə olunmalıdır. Büdcə təsnifatına görə, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə sair xərclərin xüsusi çəkisi çoxdur. Bu isə həmin bölmənin dövlət büdcəsindəki rolundan irəli gəlir. Eyni zamanda, büdcə layihəsində "sair xərclər"in ünvanlı funksional bölmələr üzrə  azaldılması  bu növ xərclərdə şəffaflığın və ünvanlığın artırılmasında əhəmiyyətli addımlar atıldığını deməyə əsas verir.

Növbəti ilin dövlət büdcəsinin layihəsinə dair bəzi təkliflər təqdim etmisiniz. Bu təkliflərin mahiyyəti nədən ibarətdir?

Ümumiyyətlə,  xarakter etibarı ilə həmin təklifləri üç qrupa ayırmaq olar. Birinci qrupa "Büdcə zərfi"nin məlumatlılığının artırılması ilə bağlı təklifləri aid etmək olar. Qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsinin layihəsi ilə bağlı tərtib edilən zərfin məlumatlılığı artırılır - zərfə artıq 1700 səhifəyə yaxın müxtəlif sənədlər daxil edilmişdir.   Hesablama Palatasının ildən-ilə müvafiq rəylərində irəli sürdüyü təkliflər də zərfdə nəzərə alınır ki, bu da tərəfimizdən yüksək qiymətləndirilir. Belə ki, "Büdcə zərfi"ndə  vergi daxilolmalarının yığım əmsalının artırılması büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi qeyd edilmişdir. Bunu nəzərə alaraq, Hesablama Palatası dünya ölkələri arasında növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsində və ona əlavə olunmuş müvafiq sənədlərdə dövlət büdcəsinin gəlirlərinin, xüsusilə vergi gəlirlərinin proqnoz parametrlərinin hesablanması üçün əsas göstəricilərdən olan yığım əmsalının da əks etdirilməsi təcrübəsinin tətbiqini təklif etmişdir. Fikrimizcə, iri vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının layihələrinin rüblük bölgüdə növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən məlumatlara daxil edilməsi, həmçinin cari il üçün gözlənilən nəticələr, potensialın sərhədlərini müəyyən edən cari şərtlərin və qanunvericilikdə bu sərhədləri dəyişdirəcək dəyişikliklərin nəzərə alınması, həyata keçirilmişdavam etdirilən proqram və tədbirlərlə bağlı, dövlət büdcəsində gözlənilən nəzərəçarpacaq artım və ya azalmalar, o cümlədən nəzərdə tutulmuş islahat və tədbirlərin strukturu, proqnozlaşdırılmış yeni xərclərin səbəbləri ilə bağlı ətraflı məlumatların izahat hissəsinə daxil edilməsi, öz növbəsində məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edər.

İkinci qrupa büdcə gəlirləri və xərcləri üzrə qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı təkliflər aid edilə bilər.  Bu təkliflərə daxilolmaların əhatəli iqtisadi təhlilinin aparılmasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən gəlir vergisinin uçotunun təkmilləşdirilməsi, aksizaltı məhsulların siyahısına baxılması və bəzilərinin aksiz dərəcələrinin differensiyalaşdırılmasına və tütün məhsullarının aksiz dərəcələrinin harmonikləşdirilməsinə baxılması, yol vergisinin hesablanması və ödənilməsində qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliyin aparılması, Vahid Büdcə Təsnifatında təhsil xərcləri ilə bağlı funksional təsnifatın adlarının "Təhsil haqqında" qanuna uyğunlaşdırılmasını, tikinti obyektlərinin qiymətləndirilməsi üzrə tikinti norma və qaydalarının təkmilləşdirilməsi işlərinin sürətləndirilməsi və s. daxildir.

Nəhayət sonuncu  qrupa Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri əsasında formalaşdırılmış təkliflər aiddir.

Qeyd edim ki, "Büdcə zərfi"nə daxil olan sənədlərə yuxarıda qeyd edilmiş istiqamətlər üzrə informasiyaların əlavə edilməsi şəffaflığın artırılması istiqamətində əhəmiyyətli addım olmaqla yanaşı, ətraflı iqtisadi təhlillərin həyata keçirilməsinə şərait yaradar. Hesablama Palatası ildən-ilə tərtib etdiyi rəylərin məzmun və struktur baxımından təkmilləşdirilməsinə çalışır və bu rəylərin məlumatlılığının artırılması ali audit qurumu olaraq Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir.

"Büdcə zərfi"nin məlumatlılığının artırılması və bu zərflə bağlı Hesablama Palatasının rəylərinin təkmilləşdirilməsi dövlətin maliyyə inzibatçılığı sistemininfiskal menecmentin daha effektiv fəaliyyətinin təmin edilməsi, son nəticədə isə dövlət vəsaitlərinin səmərəli və nəticəli istifadəsi, şəffaflıq və hesablılığın  artırılmasına xidmət edir. 

Büdcə inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir çox ölkələrdə Büdcə Məcəlləsi hazırlanmış və qəbul olunmuşdur. Bu sənədin mahiyyəti və əhəmiyyəti nədir?

Müasir dövrdə müvafiq normativ-hüquqi aktlar  büdcə prosesinin müxtəlif mərhələ və səviyyələrini əhatə edir. Respublikamızın müasir inkişaf templəri və həyata keçirilən modernləşdirmə tədbirləri büdcə qanunvericiliyinin də təkmilləşdirilməsini və vahid bir məcəllədə birləşdirilməsini zaman getdikcə zərurətə çevirməkdədir.  Belə bir sənədin hazırlanması iki əsas məqsəd güdür.

Büdcə Məcəlləsinin yaradılması bir tərəfdən mövcud aktlarda olan uyğunsuzluqların müəyyən olunmasını və boşluqların aradan qaldırılmasını təmin edəcək, digər bir tərəfdən isə respublikamızda büdcə prosesinin əsas prinsiplərini müəyyən etməklə bu prosesin hər bir mərhələsini və səviyyəsini uzlaşdıran vahid yanaşmanı əks etdirəcəkdir.

Mövcud təcrübələrin, xüsusilə MDB ölkələrinin bu sahədə təcrübəsinin araşdırılması göstərir ki, Büdcə Məcəlləsi büdcə münasibətləri subyektlərinin hüquqi statusu, ölkənin büdcə sisteminin təşkili və fəaliyyəti, büdcə proseslərinin məzmunu və tənzimlənməsi, büdcə qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətin əsasları və növləri, büdcə sferasında fəaliyyətlə bağlı normativ sənədlərin kodlaşdırılması, büdcə münasibətlərinin tənzimlənməsində vahid sistemin yaradılması, büdcələr arasında müxtəlif səviyyələrdə qarşılıqlı münasibətlərin tənzimlənməsi və s. bu kimi vacib məqamları əhatə edir. Bu qeyd olunanlar dövlət maliyyə inzibatçılığının təkmilləşdirilməsində mühüm addımlardır və bu sənədin hazırlanması büdcə proseslərində vahid yanaşmanı,  son nəticədə isə, maliyyə sistemində şəffaflığın və dayanıqlılığın təmin olunmasına xidmət edərdi.

Eyni zamanda, mövcud təcrübələr,  Büdcə Məcəlləsinin dövlət vəsaitlərinə nəzarət sisteminin əsas fəaliyyət prinsiplərinin müəyyən olunmasını,  həmin sistemin tərkib hissələri arasında sərhədlərin konkretləşdirilməsini təmin etdiyini göstərir. Bildiyiniz kimi,  dövlətin maliyyə nəzarəti dövlət vəsaitlərinin istifadəsinin daxili və kənar nəzarətinə ayrılmaqla iki istiqaməti əhatə edir. Kənar dövlət maliyyə nəzarəti funksiyası Azərbaycan Respublikası Hesablama Palatasına məxsusdur. Daxili nəzarət büdcə vəsaitlərinin qanunvericiliyə uyğun istifadəsinin təftişini həyata keçirir.  Qeyd etmək lazımdır ki, daxili nəzarət sisteminin çevik fəaliyyətinin təmin edilməsi maliyyə pozuntularının qarşısının alınması üçün ilkin tədbirlərdəndir və hesabatlılığın və şəffaflığın təmin edilməsində mühüm rola malikdir.

Qeyd olunandünya təcrübəsində tətbiq edilən bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş  "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda  maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin əsasını təşkil edir. Belə ki, həmin planla dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi və maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza təmin etmək üçün maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanması, maliyyə nəzarəti orqanlarının hesabatlılığının artırılması və həmin orqanlar tərəfindən maliyyə nəzarətinin nəticələri barədə təhlillərin və statistik məlumatların ictimaiyyətə təqdim edilməsi,  maliyyə nəzarəti orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, onlar arasında vahid elektron informasiya bazasının yaradılması, informasiya mübadiləsinin təşkili və s. bu kimi mühüm tədbirlər nəzərdə tutulmuşdur.

2013-cü ildə fəaliyyətin nəticələri üzrə Hesablama Palatasının hesabatı ilə bağlı parlamentdə müzakirələr zamanı son illərdə Palata tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri əsasında qanunvericilik aktlarında müəyyən edilmiş boşluqlar, eyni zamanda həmin aktların təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə 100-dən çox təklifin təqdim edildiyini qeyd etdiniz. Ümumiyyətlə, həmin təkliflərlə bağlı mərkəzi icra hakimiyyəti orqanlarının münasibəti necə olmuşdur?

Qeyd etdiyiniz kimi, həmin təkliflər nəzarət tədbirlərinin nəticəsidir. Ümumiyyətlə, təklifləri bir neçə qrupa bölmək olar: müxtəlif normativ-hüquqi aktlarda müəyyən edilmiş boşluqlarla bağlı, eyni halla əlaqədar müxtəlif aktlarda müxtəlif yanaşmaların tətbiqi ilə bağlı, qəbul edilmiş aktların müasir tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər. Təkliflərin bir hissəsi yeni normativ aktların yaradılması ilə bağlı olmuşdur.

Palata tərəfindən təqdim edilmiş təkliflərin əsas məqsədi dövlət büdcəsi xərclərinin rasional, nəticəli, məqsədli, qanunauyğun istifadəsinin təmin edilməsidir. Bütün bunlar isə, son nəticədə, maliyyə inzibatçılığının gücləndirilməsinə, şəffaflığın təmin edilməsinə və korrupsiya ilə mübarizəyə xidmət edir. Məhz bu əsasdan da, təkliflərin təqdim edilməsi icra hakimiyyətinin bütün səviyyələrində  müsbət qarşılanmış və ciddi qəbul edilmişdir. Ümumiyyətlə, qeyd edə bilərik ki, təkliflərin əksər  hissəsi müvafiq normativ-hüquqi aktlarda nəzərə alınmış, müəyyən hissəsi  isə icra edilməkdədir.

Onu da diqqətinizə çatdırım ki, Hesablama Palatasının son illərdə Nazirlər Kabinetinə göndərdiyi təkliflər, o cümlədən fəaliyyəti ilə bağlı məlumatlar müntəzəm olaraq Palatanın rəsmi internet səhifəsində yerləşdirilir.

 

Müsahibəni apardı:

Elçin VƏLİYEV

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.5.