Əsrin «şəkər» bəlası

 

Şəkərli diabet endokrin sisteminin pozulması nəticəsində əmələ gələn ciddi xəstəlikdir. O, insulin çatışmazlığı zamanı meydana çıxır və qanda qlükozanın miqdarı artır. Bu xəstəlik artıq neçə illərdir ki, qlobal problem kimi dünyanı düşündürür. 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Həmin gün milyonlarla insanın həyatını xilas edən, insulin preparatını kəşf edən tibb elmləri doktoru, professor, tədqiqatçı alim, Nobel mükafatı laureatı Frederik Bantinqin doğum tarixidir. O, 1921-ci ildə tələbəsi Çarl Best ilə birlikdə insulinin kəşfinə gətirib çıxaran ideyanın müəllifi olmuşdur. O zaman bununla bağlı ciddi fikir mübadiləsi aparılmış, dünya miqyasında geniş müzakirələr keçirilmişdir.

Nəhayət, həmin tarix rəsmi şəkildə təsdiq olunduqdan sonra diabetin ağır xroniki xəstəlik kimi səciyyələndirilməsi həmin günə ilbəil daha çox populyarlıq qazandırmışdır. Noyabrın 14-də Ümundünya Diabet Günü 160-dan çox ölkə, Beynəlxalq Diabet Federasiyasının 200 üzvü, milyonlarla insan, sağlamlığın keşiyində duran mütəxəssislər, nüfuzlu şirkətlər, təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən yüksək səviyyədə qeyd olunur. Hər il bu tarixlə bağlı diabetə dair mühüm mövzularda beynəlxalq miqyaslı müzakirələr, humanitar tədbirlər keçirilir.

Diabetinsan hüquqları, diabet və həyat tərzi, diabetə sərf edilən xərclər və digər aspektlərdə aparılan diskussiyalar mütəxəssislərin daim diqqət mərkəzində olur. 2004-cü ildə diabet və piylənmə, 2005-ci ildə diabet və pəncəyə qulluq, 2006-cı ildə diabet kasıblar və əlillər arasında, 2007-2008-ci illərdə uşaqlarda və yeniyetmələrdə diabet mövzularında maarifləndirici işlər, konfranssimpoziumlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bir faktı da qeyd edək ki, hələ 2006-cı ildə xəstəliklə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusi bəyannamə qəbul etmiş və həmin sənəddə şəkərli diabet ağır xroniki xəstəlik kimi səciyyələndirilmişdir. Sonrakı illərdə Ümumdünya Diabet Günü "Heç bir uşaq diabetdən həlak olmamalıdır" şüarı altında keçirilmişdir. 2009-2013-cü illər üçün isə Ümumdünya Diabet Gününün beş illik kampaniyasının mövzusu "Diabetin təlimi və onun qarşısının alınması" olmuşdur. Bu kampaniya dörd mühüm məqsədə yönəldilmişdir: hər bir dövlət şəkərli diabetin qarşısının alınmasına və idarə olunmasına dair strategiya və siyasət həyata keçirməlidir; diabetə düçar olan hər insan diabeti daha yaxşı idarə etməkdən ötrü təlim almalıdır; hər bir insan diabetin xəbərdaredici əlamətləri, onun fəsadlarının qarşısının alınması haqqında məlumata malik olmalıdır; Dünya Diabet Günü hər ölkədə qeyd olunmalıdır.

2014-2018-ci illərdə isə diabetə qarşı mübarizə tədbirlərinin "Sağlam həyat tərzi" şüarı altında keçirilməsi nəzərdə tutulmuşdur. Şəkərli diabet xroniki, üzücü, böyük xərc tələb edən, ağır fəsadlarla müşayiət edilən xəstəlikdir. Ailəyə, dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.

Dünya təcrübəsində xroniki qeyri-infeksion xəstəliklərin biotibbi, psixolojisosial-iqtisadi aspektlərinə kompleks yanaşılması prosesində şəkərli diabet model kimi götürülmüşdür. Xəstəliyin geniş miqyasda artımı isə əhalinin sağlamlığının ümumi səviyyəsinin azalmasına səbəb olmuşdur. Məhz buna görə də ÜST 1992-ci ilə qədər şəkərli diabeti qeyri-infeksion epidemiya kimi qiymətləndirmişdir. ÜST-nin məlumatına görə, 1985-ci ildə dünyada 30 milyon şəkərli diabet xəstəsi olduğu halda, hazırda onların sayı 400 milyona çatmışdır. Hesablamalara görə, 2025-ci ildən sonra şəkərli diabet xəstələrinin sayının 500 milyonu ötəcəyi gözlənilir. Ona görə diabet ÜST-nin qarşısında duran bir nömrəli problemdir. Xəstəliyin gecikmiş ağırlaşmaları nəticəsində ölüm faizinin yüksək olduğu mütəxəssisləri daha çox narahat edir. Alimlər tərəfindən müəyyən edilib ki, şəkərli diabet nəinki endokrin, həm ürək qan-damar sistemini zədələyən xəstəlikdir. Ötən illərin statistikasına görə, şəkərli diabeti olanlar arasında ürək qan-damar çatışmazlığından ölüm halları 5-7 dəfə, korluq halları 10 dəfə,  qanqren aşağı ətrafların amputasiyası 50 dəfə, böyrək çatışmazlığı 7-10 dəfə çoxdur. Diabetin xroniki fəsadlarına qoyulan maddi vəsait (məsələn, hemodializ) onun profilaktikasına sərf edilən məbləğdən qat-qat yüksəkdir. Artıq inkişaf etmiş ölkələrdə bunu elmi iqtisadi baxımdan sübut etdikləri üçün şəkərli diabetin müalicə profilaktikasına xüsusi yer verilir.

Hazırda Azərbaycanda 200 mindən çox şəkərli diabet xəstəsi var. Lakin daha narahatedici məqam 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulmasıdır. Bu isə o deməkdir ki, həmin sayda insan diabetə düçar ola bilər. Təşfiş doğurucu faktdır. 2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 24 min 182 nəfər təşkil edib. Onlardan 3510-u insulindən asılı, 20426-ı insulindən asılı olmayan şəkərli diabet xəstələridir. Ötən il "Diabet: XXI əsrin çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"da Beynəlxalq Diabet Federasiyasının prezidenti Ser Maykl Hörstün dediyinə görə, bu xəstəlikdən hər səkkiz saniyədə bir nəfər, il ərzində isə 4 milyon insan dünyasını dəyişir: "Hər bir milyon şəkərli diabet xəstəsi amputasiya olunur. Diabet bütün dünya üçün böyük problemdir. İkinci tip diabet xəstələrinin sayı isə gündən-günə artır. Diabet hər ailənin hər dövlətin büdcəsinə böyük təsir göstərir. Yalnız həyat şəraitini yaxşılaşdırmaqla, sağlam qidalanmaqla, fiziki aktivliklə diabetin qarşısını almaq olar".

Şəkərli diabet ömür boyu nəzarət, qayğı monitorinqə ehtiyacı olan xroniki xəstəlikdir. Çox təəssüf ki, bu gün diabet uşaq yeniyetmələr arasında sürətlə inkişaf edir. Yeniyetmələrdə hərəkət fəallığının azalması, artıq çəki problemi ikinci tip diabetin bu yaşda rastgəlmə tezliyini artırır. Xəstəliyin sürətlə artması pəhrizdə əsaslı dəyişikliyin vacib olmasını zəruri edir. Dünyada diabet yalnız tibbi deyil, həm ağır sosial-iqtisadi problem sayıldığı üçün bu şəxslər dövlət qayğısı ilə əhatə olunurlar. Azərbaycanda keçmiş sovetlər dövründə belə yardım mexanizmi işləsə (diabet xəstələrinə pulsuz insulin həblərin verilməsi, onların vaxtaşırı müayinəsi s), ötən əsrin 90-cı illərində bu mexanizm, demək olar ki, bütünlüklə unuduldu. 2003-cü il dekabrın 23-də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Milli Məclis tərəfindən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edildi. Bununla da ölkəmizdə bu sahədə yeni bir mexanizmin əsası qoyuldu. 2004-cü il fevralın 12-də qanunun tətbiqinə dair ölkə rəhbəri tərəfindən fərman imzalandı Nazirlər Kabinetinə diabet xəstələrinə qayğının mexanizmini əks etdirən xüsusi proqramların hazırlanması tapşırıldı. 2005-ci ildə "2005-2009-cu illər üzrə şəkərli diabet üzrə Dövlət Proqramı" təsdiq edildi. Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə "2011-2015-ci illərdə şəkərli diabet üzrə Tədbirlər Proqramı" qüvvəyə mindi. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər test sistemləri pulsuz olaraq paylandı onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problemləri aradan qaldırıldı. 2006-cı ildə bu proqramların icrasına 6 milyon, 2007-ci ildə 12 milyon, 2008-ci ildə 19 milyon, 2009-cu ildə 10 milyon, 2010-cu ildə 12 milyon manat vəsait ayrıldı. 2013-cü ildə bu vəsait 2,8 dəfə artırılaraq 35,4 milyon manata çatdırılmışdır.

Bu gün diabetli insanların aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmışdır. Hələ güman olunur ki, insanların 50 faizi öz xəstəliyi haqqında məlumatsızdır. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.

Qeyd etmək lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Hazırda respublikada şəkərli diabet xəstəliyi ilə mübarizə dövlət səviyyəsində aparılır. Ölkədə "Şəkərli diabetlə xəstə şəxslərə dövlət qayğısı haqqında" qanun onun icrası məqsədilə hökumətin diabet üzrə proqramları fəaliyyət göstərir. Ona görə səhiyyə müəssisələrində bu proqramların yetərincə icra edilməsinə diqqət artırılmalıdır.

Son illər bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Təhsil, səhiyyə, kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr içərisində "Diabetli uşaqlara ən yüksək qayğı" ilə bağlı reallaşdırılan tədbirlər cəmiyyətdə böyük rezonansa rəğbətə səbəb olmuşdur.

Bundan başqa, respublikada şəkərli diabetlə əlaqədar qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir. Azərbaycan Diabet Assosiasiyası (ADA), Azərbaycan Diabet Liqası (ADL) digər təşkilatların xətti ilə hər il beynəlxalq elmi-praktik konfranslar keçirilir, xəstələrə yardımlar edilir.

Məlumdur ki, şəkərli diabet öz ağırlaşmaları ilə hər zaman qorxuludur diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət bu xəstəliyə qalib gələ bilmir. Bunun üçün xəstələrin özlərinin ailə üzvlərinin fəal iştirakı lazımdır. Diabetin idarə olunmasında insanlara onun mahiyyəti, istifadə olunan dərman preparatlarının təsiri, pəhriz haqqında əhəmiyyətli biliklərin verilməsinin çox böyük rolu vardır. Başqa sözlə, sağlam həyat tərzi diabetə tutulma hallarının 70 faiz azalması deməkdir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S. 7.