«Cinsi istismar məqsədilə insan alveri və məcburi əmək» mövzusunda təlim

 

Noyabrın 13-də Daxili İşlər Nazirliyinin (DİN) və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində "Cinsi istismar məqsədilə insan alveri və məcburi əmək" mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hüquq mühafizə orqanları əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Şərif Əsədullayev respublikamızın 2003-cü ildən BMT-nin insan alverinə qarşı mübarizəyə dair müvafiq konvensiyasına qoşulduğunu, həmin aktual problemin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan alverinə qarşı mübarizəyə dair 2004-2018-ci illəri əhatə edən üç Milli Fəaliyyət Planı təsdiq edilib, respublika daxili işlər nazirinin müavini bu sahə üzrə məsul şəxs - Milli Əlaqələndirici təyin olunub, digər normativ-hüquqi aktlar qəbul edilib və ixtisaslaşmış xüsusi polis qurumu yaradılıb.

Bildirilib ki, ölkəmizdə insan alverinin bütün formalarına qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirilir. Baş İdarənin beynəlxalq əlaqələri genişlənir, əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilən treninq və təlimlərdə yaxından iştirak edir, bu sahədə təcrübə mübadiləsi öyrənilir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derik Hoqan son illər respublikamızın ictimai-siyasiiqtisadi həyatında müsbət dəyişikliklərin baş verməsindən məmnunluğunu bildirib. O, insan alveri ilə mübarizə sahəsində də bir sıra nailiyyətlərin əldə edildiyini, hüquqi mexanizmlərin uğurla tətbiqini, insan alveri qurbanları üçün yaradılmış şəraitin xeyli yaxşılaşdığını, bu baxımdan Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu, göstərilən istiqamətdə ölkəmizin qabaqcıl  təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

ABŞ Ədliyyə Nazirliyinin müşaviri Ceyms Benedetto və digər ekspertlər insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan dövlətinin gördüyü işlərə, həyata keçirilən tədbirlərə, layihələrə beynəlxalq səviyyədə yüksək qiymət verildiyini, bu növ cinayətkarlığın aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində hüquq mühafizə orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını nəzərə çatdırıblar. Ekspertlər, həmçinin maarifləndirmə aksiyalarına gənclərin daha fəal şəkildə cəlb edilmələrinin, onların daha çox məlumatlandırılmalarının əhəmiyyətini qeyd ediblər.

Təlimdə beynəlxalq təcrübəyə və yerli qanunvericiliyə əsaslanaraq insan alveri cinayətlərinin istintaqının aparılması ilə yanaşı, cinsi zorakılığa və məcburi əməyə məruz qalanların müəyyən edilməsi, onlarla müvafiq işin təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunub, həmçinin əməkdaşlığın gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. İki gün davam edəcək tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S. 6.