Ağdam rayonu istiqamətində məhv edilən “Mi-24” döyüş helikopteri Ermənistan hərbi hava qüvvələrinə məxsusdur

 

Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan “Mi-24” döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan silahlı qüvvələrinin Yerevan yaxınlığındakı “Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də riyakarlıqdan əl çəkmir və “Mi-24” döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır. Halbuki məhv edilən “Mi-24” döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan hərbi hava qüvvələrinin zabitidir.

Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan hərbi hava qüvvələrinin zabitidir.

Baş leytenant Sarkis Nazaryan isə hərbi aviasiya məktəbini bitirib, Ermənistan hərbi hava qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.

Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Beynəlxalq qanunlara zidd olaraq Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xəttində döyüş uçuşları keçirən həmin hərbi helikopter təxribat məqsədilə mövqelərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən vurulub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən bütün razılaşdırılmamış aviauçuşlar beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcək.

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S. 5.