Azərbaycan əsgəri Ermənistana yaxşı bir dərs keçdi

 

İşğalçı ölkənin hərbi helikopterinin hücum cəhdi danışıqlar prosesini pozmaq üçün növbəti təxribat idi

 

Noyabrın 12-də  cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mi-24" tipli helikopter döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Müdafiə Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gün provokasiya xarakterli uçuşlar həyata keçirib. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri edən düşmən hərbi aviasiyası daha açıq şəkildə döyüş kursuna çıxaraq mövqelərimizə atəş açıb.

Öncə qeyd edək ki, Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edibmüvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb. Buna baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətini göstərməkdə davam edir. Açıq-aydın görünür ki, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti yaxınlığında vurulmuş helikopterlə bağlı bəyanat da veriblər. Həmsədrlər yaydıqları bəyanatda  münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırıblar. Ancaq sual edilmir ki, Ermənistana məxsus təyyarənin Azərbaycan torpaqlarında, ərazisində nə işi var?

Artıq məsələ ölkəmizdə də geniş müzakirə olunmaqdadır. Siyasətçilər, politoloqlar da hesab edirlər ki, bu hadisə işğalçı Ermənistanı bir daha qorxuya saldı. Düşmən ölkəyə bir daha aydın oldu ki, ən müasir döyüş sursatları, texnikaları ilə silahlanmış Azərbaycan Ordusu hər an müharibəyə başlayauda bilər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, ilk dövrdə Azərbaycanı hədələyən, həm helikopter, həm də onun heyəti barəsində geniş məlumat verən Ermənistan bu gün artıq mövzunu dəyişməyə çalışır. Ermənistan cidd-cəhdlə vurulan helikopterin guya Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olduğunu iddia etməyə çalışır. Deputatın sözlərinə görə, Ermənistan artıq bir neçə gündür  işğal olunmuş ərazilərdə böyük hərbi təlimlərə başladığını elan etmişdi: "Azərbaycanın xəbərdarlığına baxmayaraq, Ermənistan özünü cəzasız hiss etdiyindən, artıq o hərəkəti ilə bütün sərhədləri aşdı. Helikopterin vurulmasını əks etdirən videodan görünür ki, Ermənistan helikopteri Azərbaycan mövqelərinə yaxınlaşır və müəyyən əməliyyat keçirməyə hazırlaşır. Azərbaycan hərbçilərinin hərəkəti tamamilə düzgün idi".

Deputat deyir ki, mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası silahlı qüvvələrimiz tərəfindən layiqli cavabını aldı. Bununla da Ermənistan provokasiyalarının cavabsız qalmayacağı barədə Azərbaycan tərəfinin çoxsaylı bəyanatlarının konkretliyi göründü: "Düşmən növbəti dəfə hərbimizin gücünü öz üzərində hiss etdi. Bu ilin avqust ayında mövqelərimizə həmlələri zamanı aldığı cavab onlar üçün, görünür, azlıq etmişdi. Hərbi paradlarımız zamanı nümayiş etdirilən hərbi texnika, cəbhə bölgələrimizdəki hərbi hazırlığın vəziyyəti və ölkə rəhbərliyinin verdiyi sərt bəyanatlar Ermənistana lazımınca çatmayıbmış. Torpaqlarımızı işğal edən, özgə ərazidən çıxmaq istəməyən, beynəlxalq hüquq normalarına riayət etməyən ölkə bunun özü üçün ağır nəticələrinin olacağının fərqinə varmalı idi".

A.Mirzəzadə hesab edir ki, Ermənistan rəhbərliyi ötən illərin eyforiyasından ayılmalı və Azərbaycanın işğalla barışmayacağını özü üçün aydınlaşdırmalı idi. Bu gün Azərbaycan əsgəri Ermənistana yaxşı bir dərs keçdiprovokasiyalar olacağı halda, növbəti addımlarını atmağa hazır olduğunu bir daha göstərdi. Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin ərazi bütövlüyümüzlə bağlı qətiyyəti göz qarşısındadır: "Ancaq müharibənin və işğal siyasətinin əldən saldığı Ermənistanın artıq bizimlə silah gücü ilə danışmağa gücü qalmayıb. Onun ərazi bütövlüyümüzə hörmət etməkdən başqa çıxış yolu yoxdur".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov da deyir ki, işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar arası kəsilmədən, vaxtaşırı davam edir. Ötən gün Ermənistana məxsus hərbi helikopterin Azərbaycanın hava məkanına soxulması da danışıqlar prosesini pozmaq üçün növbəti təxribat idi. Onun fikrincə, Ermənistan Azərbaycanı zorla nəyəsə təhrik etməyə çalışır: "Azərbaycan ötən illər ərzində təkcə Ermənistanı deyil, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, Beynəlxalq Mülki Aviasiya Təşkilatını və digər beynəlxalq təşkilatları məlumatlandırıb, bəyanatlar verib ki, Azərbaycanın hava məkanı qanunsuz olaraq pozulsa, Azərbaycan qarşılıqlı tədbir görəcək". Deputatın fikrincə, Ermənistana məxsus helikopterin Azərbaycan Ordusu tərəfindən vurulması Azərbaycan ərazisində olub. O Azərbaycan ərazisində ki, 20 ildən çoxdur ermənilər tərəfindən işğal olunub. Bu hadisə Ermənistan-Azərbaycan sərhədində və ya Ermənistan ərazisində baş verməyib. Azərbaycanın Ağdam rayonu ərazisində, təmas xəttinin yaxınlığında Ermənistana məxsus helikopterlər Azərbaycan səngərləri üzərindən dəfələrlə qanunsuz, təxribat xarakterli uçuşlar həyata keçiriblər və son günlərdə bu uçuşlar elə xarakter alıb ki, onlar hətta bizim mövqelərə atəş açmağa başlayıblar.

E.Məmmədov deyir ki, xəbərdarlıqlara baxmayaraq, ermənilər bu təxribatı dayandırmayıb və Azərbaycan tam qanuni şəkildə hava məkanını pozan düşmən hərbi helikopterini vurub: "Düşmən öz yerində oturdulmalıdır, düşmənə bu istiqamətdə güzəşt etmək olmaz. Ermənistanın bu təxribatı Azərbaycanı nəyəsə təhrik etmək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq xarakteri daşıyır və layiqli cavabını da aldı".

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S. 5.