Pensiya islahatları ilə
sığorta-pensiya sistemi
iştirakçılarının marağını azaldan hallar aradan qaldırılacaq
Yeni mərhələdə pensiya
islahatları çərçivəsində nəzərdə
tutulan tədbirlərdən biri də əmək pensiyasının
baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği
göstəricisinin tətbiqi ilə bağlıdır.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev AzərTAc-a bildirib. Fondun sədri qeyd edib ki, hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir.
Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq.
Pensiya məbləğlərinin
nəzərdə tutulan artımı
qaydalarına da aydınlıq gətirən
E.Mehdiyev bildirib ki, əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz
olunması pensiyaların bütün məbləğinin
hər il indeksləşdirilərək
artımına imkan verəcək. Yeni qaydaların tətbiqi pensiyanın minimum həddi də daxil olmaqla bütün məbləğinin
hər il indeksləşdirilərək
artırılmasını nəzərdə tutur.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 2.