Müstəqilliyimizin banisi

 

17 noyabr Milli Dirçəliş Günüdür

 

Taleyinin sahibi olmaq, müstəqil dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Ona görə müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və ən şirin nemətdir. Bu neməti əldə etmək, müstəqillik arzusuna qovuşmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da mürəkkəbdir. Biz azadlığımız, müstəqilliyimiz yolunda çətinliklərdən keçmişik, apardığımız mübarizələrdə şəhidlər vermişik.

Təbii ki, hər bir dövlətin qurulmasında tarixi hadisələrin xüsusi rolu və əhəmiyyəti olub. Bu baxımdan müstəqilik uğrunda xalqımızın mücadilə tarixinə nəzər salsaq milli dirçəliş hərəkatının öz yerinin olduğunu görərik. 1988-ci ilin noyabrında insanlar meydanlara çıxmaqla Azərbaycanı müstəmləkə əsarətində saxlayan sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdılar.  Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir.

O dövrdə mərkəzdənqaçma meyillərinin gücləndiyi proseslərin gedişatı göstərirdi ki, yalnız yüksək amallara xidmət edən cahanşümul bir ideya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil, dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə gətirə bilərdi. Ölkəyə rəhbərlik edənlərin bundan uzaq olması nə qədər təbii görünsə də, özlərini milli azadlıq mücadiləsinin lideri hesab edənlərin də gələcəyə hesablanmış təkmil ideyaları yox idi.  Azadlıq istəyi xalq hərəkatından başlasa da, meydanda rəhbərlik iddiasında olanların səbatsızlığı və səriştəsizliyi nəticəsində və respublikanın dərin böhrana sürükləndiyi bir vaxtda insanlar getdikcə daha da dərindən əmin olurdular ki, həqiqi liderə böyük ehtiyac var. Tarixsübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin müstəsna rolu danılmazdır. Tarix isə təkrarlanır və belə tarixi şəxsiyyətin, dahi siyasətçinin  Heydər Əliyev olduğu hər kəs tərəfindən qəbul olunurdu. Bunu o vaxtkı ittifaqrespublika rəhbərliyi də aydın dərk edirdi. Ona görə də dahi siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qoyur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər.

Bütün mənəvi və siyasi təqiblərə mətinliklə sinə gərən Heydər Əliyev hətta həyatı üçün yaradılan sui-qəsdlərdən çəkinməyərək sovet rəhbərliyi ilə cəsarətlə mübarizə apardı və doğma vətəninə - Azərbaycana gəldi. Beləliklə, 1969-1982-ci illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyinin bünövrəsini qoyan Heydər Əliyev xalqımızın cidditaleyüklü problemlər qarşısında dayandığı bir dövrdə öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atıldı, misilsiz tarixi xidmətlər göstərdi, Azərbaycanın müstəqilliyinin əldə olunmasında, milli dövlətçiliyinin yaşadılmasında, milli birliyinin qorunub saxlanılmasında tarixi missiya həyata keçirdi. Bu mənada Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra cərəyan etdi. Heydər Əliyevin gəlişindən sonra milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu.  Ulu öndərin Naxçıvanda parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.  Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-nin dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvan Ali Məclisinin sonrakı iclaslarının birində Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin  20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Ali Məclisin qəbul etdiyi qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin  20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası Heydər Əliyevin başlatdığı bu prosesin yekun nəticəsi olmalı idi. Görülən hər bir , atılan hər bir addım isə Azərbaycan xalqını bu nəticəyə - dövlət müstəqilliyinin bərpa olunmasına yaxınlaşdırırdı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Müstəqillik mövzusubu istiqamətdə gərəkən addımlar ulu öndərin bütün çıxışlarının başlıca leytmotivi idi. Xüsusən Azərbaycan Respublikası Ali Sovetinin iclaslarında Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qaçılmaz proses olduğunu bəyan edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası  Ali Sovetinin  birinci sessiyasında təkidlə söz alan ulu öndər kommunist partiyası hakimiyyətinin sonunun çatdığını, SSRİ-nin tezliklə dağılacağını və respublikalarda başlanan müstəqillik mübarizələrinin qalib gələcəyinin dönməz bir proses olduğunu bəyan etdi. Ali Sovetin 1991-ci il martın 7-də  keçirilən sessiyasında Heydər Əliyev Azərbaycanın milli müstəqilliyi və suverenliyi məsələsinə toxunaraq, müstəqilliyə çatmağın yollarını, əsas vasitələrini, demokratik dövlət quruculuğunun prinsiplərini göstərdi.

Ali Sovetdəki tarixi çıxışlarında Heydər Əliyev respublika rəhbərliyinin  imzalamağa hazırlaşdığı ittifaq müqaviləsinin Azərbaycan üçün tam yararsız olduğunu, yeni ittifaqa daxil olmağın və bunun üçün hər hansı referendum keçirməyin  əleyhinə çıxdığını bildirirdi. 1991-ci il iyulun 19-da kommunist partiyası sıralarını tərk edən Heydər Əliyev Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, kommunist partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı. 

Tarix ulu öndər Heydər Əliyevin siyasi proseslərin gedişatını irəlicədən  gördüyünü və haqlı olduğunu sübut etdi. Hadisələr göstərdi ki, 1990-cı ildən başlayaraq  SSRİ-ninkommunist idarəçiliyinin perspektivsizliyi, Azərbaycanın müstəqil, demokratik dövlət qurmasının mümkünlüyü və mütləqliyi haqqında  Heydər Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran siyasi baxışları öz işini görmüş, gələcək proseslərin gedişinə  həlledici təsir etmişdi. Moskvadakı avqust hadisələrindən dərhal sonra Naxçıvan ərazisində kommunist partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Bu proses bütün Azərbaycana sirayət etdi və beləliklə, sovet hakimiyyət orqanları xalqın əzmi qarşısında geri çəkilməli oldu. Proseslərin gedişatı göstərirdi ki, respublika rəhbərliyi xalqın milli azadlıq mübarizəsinin, müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil. Respublika Ali Sovetinin  1991-ci il avqustun 30-da növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə  qəbul etmək məcburiyyətində qalması faktı bu həqiqəti bir daha sübut etdi.  Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Siyasi hakimiyyət Heydər Əliyev və Azərbaycan xalqının müstəqil və demokratik dövlətçilik uğrunda  apardıqları mübarizənin  qarşısında tab gətirə bilməyərək 1991-ci il oktyabrın 18-də nəhayət ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın  qəbul edilməsinə razılıq verdi.  1991-ci il oktyabrın 19-da Azərbaycan Respublikası Ali Sovetinin  sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev yazırdı: "Biz bu gün xoşbəxtik ki, nəhayət Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı".

 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, ən əsası Azərbaycanın dövlət müstəqilliyini təmin etdi. 

Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 11 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 16 noyabr.- S.5.