Sumqayıtlılar yaşıllaşdırma marafonu layihəsində yaxından iştirak edirlər

 

Azərbaycanın bütün bölgələrində  Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında bu ilin noyabrından ağacəkmə kampaniyasına start verilib. Artıq respublikanın hər yerində xeyli ağacgül kolları əkilib.

Bu xeyirxah kampaniyanın başlandığı ilk gündən Sumqayıtda Ümumrespublika Yaşıllaşdırma marafonu layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına başlanıb. Noyabrın ilk günlərindən bəri Sumqayıtın idarə və təşkilatlarının, aliorta təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə şəhərin Ceyranbatan qəsəbəsindən başlayaraq Yaşma yaşayış massivinə qədər uzanan böyük bir ərazidə möhtəşəm ağacəkmə aksiyası keçirilmişdir.

Kimya sənayesinin mərkəzi sayılan Sumqayıtın girəcəyində əvvəlcə təmizləmə işləri aparılmış, magistral yolun ətrafına maşınlar vasitəsilə yeni torpaq qatı daşınmış və texnikalarla  düzənlənmişdir. Mineral  gübrələr həmin əraziyə gətirilmiş, əkiləcək ağaclar seçilərək ayrılmışdır. Onu da qeyd edək ki,  həmin ərazidə əvvəllər əkilmiş  yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün  su xətti də çəkilmişdir.  Şəhərin florası nəzərə alınmışdır. Əkiləcək nar ağacları xüsusi maşınlarla əraziyə gətirilmişdir. Eyni zamanda bir sıra xarici ölkələrdən müxtəlif gülağac kolları da gətirilmişdir.

Artıq neçə gündür ki, tutduğu vəzifədən asılı olmayaraq, minlərlə sumqayıtlı Yaşıl marafon layihəsinin iştirakçısına çevrilmiş, aksiya zamanı minlərlə nar ağacı yol kənarına basdırılmışdır. Aksiyada əkilən fidanlara qulluq göstərənlər həmin ağacların tutması üçün əllərindən gələni əsirgəmirlər.

Sənaye mərkəzi olan şəhər artıq adambaşına düşən yaşıllıqlara görə respublikada öncül yerlərdən birini tutur. Layihə çərçivəsində  salınan yaşıllıqlar magistral yolun  kənarında ekoloji tarazlığın bərpası və insanların sağlamlığının təmin edilməsi üçün son illər bu istiqamətdə görülən işlərin bir növ davamı olmuşdur. 50 minə yaxın ağacın əkiləcəyi aksiyada iştirakçıların siyahısı xüsusi cədvəl üzrə aparılacaqdır. Paytaxtın şimal istiqamətində, Bakı-Quba  magistral yolu boyunca böyük bir ərazidə  ilin sonunadək bu kimi aksiyaların davam etdirilməsi  nəzərdə tutulub.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.8.