Qubada şahmatı çox sevirlər

 

Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi rayon mərkəzinin mənzərəli  guşələrindən olan Nizami adına istirahət parkının yanında yerləşir.

Şahmat məktəbinin direktoru, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov söhbət zamanı bildirdi ki, 1983-cü ildə fəaliyyətə başlamış idman ocağında 15 müəllim çalışır. Müxtəlif yaş qruplarından olan şagirdlər bu idman növünün sirlərini mənimsəmək məqsədilə məktəbə həvəslə gəlirlər. Şahmat idman növü olmaqla yanaşı, beyində toplanan mənfi yüklərin boşalmasına kömək edir. O, istirahət oyunudur, insanda sakitlik yaradır. Bu baxımdan da gənclərimizdə şahmata marağın artırılması məsələsi böyük əhəmiyyət kəsb edir.

Məktəbə təkcə rayon mərkəzindən deyil, ətraf kəndlərdən də xeyli uşaq və yeniyetmə cəlb olunub. Afurca, Yeni Giləzi, Nügədi və Mirzəqışlaq kəndlərindən gələn şagirdlər daha çoxdur.

Burada 10-a yaxın şahmat dərnəyi fəaliyyət göstərir. Müəllimlər arasında respublika və beynəlxalq dərəcəli hakimlər də var. Məşğələlərdə uşaqların dərsə davamiyyətinə mane olmamaq üçün xüsusi cədvəl hazırlanıb. Məktəbin müəllimləri ilin müxtəlif fəsillərində ucqar dağ kəndlərinə gedib şahmat yarışları keçirirlər. Eləcə də Qusar, Xaçmaz,  Şabran  və digər rayonların şahmat məktəblilərinin iştirakı ilə vaxtaşırı turnirlər təşkil edilir. Bu da şimal bölgəsində şahmata marağın artmasına böyük təsir göstərir.

Məktəbin rəhbərliyi müntəzəm olaraq valideynlər arasında da turnirlər keçirir. Çünki təkcə gənclər deyil, yaşlı nəslin nümayəndələri də şahmata maraq göstərirlər. İsti havalarda, demək olar ki, hər gün məktəbin qarşısında düzülmüş stolların arxasında şahmat oynayan müxtəlif yaşlı adamlarla rastlaşmaq mümkündür.

Şahmat məktəbinin uğurları da az deyil. Son illər qubalı şahmatçılar ölkə miqyaslı yarışlarda fəxri fərmanlar, medallar qazanmışlar. Ötən il məktəbin yetirməsi Bikəxanım Zamanova Yunanıstanda keçirilmiş dünya çempionatında  ikinci yeri tutub. Qubaya gümüş medalla qayıtmışdır. İndi Bikəxanım növbəti turnirlərə hazırlaşır.

Şahmat məktəbi vaxtaşırı rayonun kənd və qəsəbələrində də yarışlar təşkil edir. "Narkomaniyaya yox!" şüarı altında keçirilən bu turnirlərdə yeniyetmələr və gənclər yaxından iştirak edirlər. Yarış iştirakçıları mübarizəyə başlamazdan əvvəl Quba Memorial Kompleksini  ziyarət edirlər. Onlar erməni terroru qurbanlarının xatirəsinə ucaldılmış komplekslə tanış olur, bu torpaqda baş vermiş qanlı hadisələr barədə məlumat alırlar.

Beləcə, ecazkar təbiəti ilə seçilən Qubada şahmat get-gedə populyarlaşır. Bu isə qubalı gənclərin gələcək uğurlarından xəbər verir.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.8.