Uşaqların icbari dispanserizasiyası mütəşəkkil keçir

 

Uşaqlar gələcəyimizdir. Onların sağlamlığı, fizikizehni inkişafı dövlətimizin, millətimizin gələcəyini müəyyən edən başlıca şərtdir. Elə buna görə  ölkə başçısı, eləcə də Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirirlər. Regionlarda inşa edilən uşaq sağlamlıq mərkəzləri, müasir tipli körpələr evi - uşaq bağçaları uşaqların şən və qayğısız böyüməsində mühüm rol oynayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva vaxtaşırı olaraq valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı internat məktəblərinə, əlil uşaqlara baş çəkir, onların qayğı və problemləri ilə yaxından tanış olub kömək göstərir.

Hazırda isə respublikamızın hər yerində uşaqların icbari dispanserizasiyadan keçirilməsi ilə bağlı Dövlət Proqramı müvəffəqiyyətlə həyata keçirilir. Bu, Salyan rayonunda da yaxşı təşkil edilmişdir. Belə ki, ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar yaradılmışdır. Dispanserizasiya məqsədilə həyata keçirilən baxış zamanı həkimlər bilik və bacarıqlarını əsirgəmir, hər bir uşağın sağlamlıq vəziyyətini düzgün müəyyənləşdirir, valideynlərə tövsiyə və tapşırıqlar verirlər. Həkimlərdən Ayna Əliyeva, Nurlana Səfərli, Əkrəm Cəfərov, Elza İsmayılova və başqaları bu işdə daha çox fəallıq göstərirlər. Oktyabr ayının axırına qədər rayon üzrə 5 yaşa kimi 6 min 770, 6 yaşdan 13 yaşadək 7 min 606 və 14 yaşdan 17 yaşa kimi 4 min 629 uşaq müayinə olunmuşdur. Bütövlükdə 36 min 927 uşaq müayinə ediləcəkdir. Tədbir davam etdirilir.

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.7.