Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva Ümumdünya
Parklar Konqresinin plenar sessiyasında çıxış edib
Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə
Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi
üzrə Beynəlxalq Birliyin (IUCN) Sidney şəhərində
keçirilən Ümumdünya Parklar Konqresinin plenar
sessiyasında çıxış edib.
AzərTAc xəbər verir ki, Leyla
Əliyeva Azərbaycanın əlverişli coğrafi
mövqeyi, təbiəti, zəngin flora və faunası, həmçinin münbit iqlim şəraiti
barədə Konqres
iştirakçılarına məlumat verib.
Eyni zamanda, təbiətin və ətraf mühitin mühafizəsi sahəsində
ölkəmizdə görülən işlər və
müşahidə olunan inkişaf
prosesləri diqqətə çatdırılıb, 2011-ci ildə
təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi
ilə bağlı həyata keçirdiyi
layihələr barədə məlumat verilib.
Bildirilib ki, Qafqazın
nəsli kəsilmək təhlükəsi altında olan 5 əsas heyvanı müəyyənləşdirilib
və onların mühafizəsi ilə bağlı tədbirlər
planı hazırlanıb. Bu xüsusda, IDEA İctimai Birliyinin “Ceyranların Qafqazda
tarixən məskunlaşdıqları ərazilərə
reintroduksiyası” layihəsi çərçivəsində
yüzdən artıq ceyran Azərbaycandakı
tarixi yerlərində məskunlaşdırılıb.
Bununla yanaşı, IDEA İctimai
Birliyinin təşəbbüsü ilə 2014-cü il
mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi
üzrə Beynəlxalq Sammit keçirilib və tədbir
çərçivəsində regionda bəbirlərin
mühafizəsi məsələsi geniş müzakirə
edilib.
Leyla Əliyeva
çıxışında, həmçinin IDEA İctimai
Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən
IDEA-nın təşəbbüsü ilə respublikada 3
milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin
qarşısının alınması tədbirləri,
sahibsiz heyvanlar üçün sığınacağın təşkili,
ekoloji tədbirlər və müsabiqələrin
keçirilməsi, sənaye və məişət
tullantılarının azaldılması layihələri barədə
məlumat verib.
Çıxışdan sonra Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmiz barədə
və IDEA İctimai Birliyinin fəaliyyəti ilə
bağlı auditoriyanın suallarını
cavablandırıb.
Sessiyada çıxış edənlər
sırasında Cənubi Afrika Respublikasının
keçmiş Prezidenti və Nobel Sülh Mükafatı
laureatı Nelson Mandelanın nəticəsi Luvuyo Mandela təcrübə
mübadiləsi aparılmasının və mühafizə
olunan ərazilərin, o cümlədən qoruqların
genişləndirilməsinin əhəmiyyətindən
danışıb.
Beynəlxalq Qoruqçular
Federasiyasının prezidenti Şon Vilmor
çıxışında təbiətin mühafizəsində
qoruqçuların xüsusi roluna və təhlükəli
işinə diqqət yönəldərək, onlara bu fəaliyyətlərinə
görə təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva noyabrın 14-də
Ümumdünya Parklar Konqresi çərçivəsində
bir sıra ikitərəfli görüşlər də
keçirib.
Təbiətin
Mühafizəsi üzrə Beynəlxalq Birliyin
(IUCN) baş direktoru
xanım Culiya Marton-Lefevre
ilə görüşdə Leyla
Əliyeva təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizdə
və regionda təbiətin mühafizəsi,
Qafqaz regionunun zəngin
flora və faunasının qorunması, təhlükə
altında olan vəhşi təbiətin,
o cümlədən nadir
heyvanların mühafizəsi istiqamətində həyata keçirdiyi uğurlu
layihələr barədə məlumat verib.
Leyla
Əliyeva IDEA İctimai Birliyinin
təsis edildiyi dövrdən etibarən
IUCN ilə həyata keçirdiyi birgə
layihələri və səmərəli əməkdaşlığı
yüksək qiymətləndirərək bu
tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Xanım Marton-Lefevre IDEA-nın fəaliyyətinin nümunəvi olduğunu deyib və həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. IUCN-in baş direktoru, həmçinin IDEA tərəfindən təbiətin mühafizəsi səylərinə mütəmadi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.
Daha sonra Leyla Əliyeva Məhəmməd
Bin Zayed Mühafizə
Fondunun baş direktoru, Abu-Dabi Ətraf Mühit Agentliyinin baş katibinin müşaviri Frederik Launay ilə görüşüb.
Leyla Əliyeva Frederik Launaya əlverişli
coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti,
eləcə də ölkədə yaradılan milli parklar və
qoruqlar, təsisçisi olduğu IDEA İctimai Birliyinin
ölkəmizin, həmçinin Qafqaz regionunun təbiətinin
mühafizəsi sahəsindəki fəaliyyəti barədə
məlumat verib.
Frederik Launay Səudiyyə Ərəbistanı
yarımadasında təbiətin və ətraf mühitin
mühafizəsi sahəsində əldə olunan nailiyyətlərdən
danışaraq IDEA İctimai Birliyinin fəaliyyətinin Azərbaycan
və ümumən region üçün əhəmiyyətli
olduğunu qeyd edib.
Hər iki
görüşün nəticəsi olaraq, əməkdaşlığın davam etdirilməsi və təcrübə
mübadiləsinin aparılması barədə razılıq
əldə edilib.
Azərbaycan.
- 2014.- 15 noyabr.- S.5.