Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı Ermənistan bir daha gördü

 

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə zaman-zaman təmas xəttində təxribatçı hərəkətlərə yol verir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qüvvələri tərəfindən xüsusi hərbi təlimlərin keçirilməsi, hərbi vertolyotların havaya qaldırılması, bununla da təmas xətti yaxınlığında yaşayan dinc əhalinin hədə-qorxu altında saxlanılmasına cəhd göstərilməsi Ermənistanın təcavüzkar niyyətindən əl çəkmədiyini sübuta yetirir.

Noyabrın 12-də Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24" tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilibvurulan hərbi texnikanın qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb. Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin təmas xəttində təxribat xarakterli son hərəkəti işğalçı dövlətin rəhbərliyinin açıq-aşkar danışıqlar prosesini pozmaq niyyətini bir daha göstərdi.

Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də riyakarlıqdan əl çəkməyərək "Mi-24" döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma "Dağlıq Qarabağ Respublikası"nın hərbi helikopteri və qulluqçuları kimi təqdim etməyə çalışıb. Halbuki məhv edilən "Mi-24" döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan hərbi hava qüvvələrinin zabitidir. Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan "Mi-24" döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, işğal olunmuş ərazilərdə döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan silahlı qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Ekipaj üzvlərinin adları da artıq açıqlanıb:

- Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan hərbi hava qüvvələrinin zabitidir.

- Baş leytenant Sarkis Nazaryan hərbi aviasiya məktəbini bitirib, Ermənistan hərbi hava qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.

- Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan hərbi hava qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi verdiyi rəsmi açıqlamada bir daha bildirib ki, işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən bütün razılaşdırılmamış aviauçuşlar beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcək.

ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri Didye Burkhalter insidentə səbəb olmuş hadisə ilə bağlı ciddi narahat olduqlarını bildiriblər. Onlar tərəfləri Azərbaycanın işğal olunmuş ərazilərindən keçən təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıblar. Həmsədrlərin fikrincə, region üçün bu yay müşahidə olunan güc tətbiqinin növbəti raundu dözülməz olardı. Noyabrın 12-də baş vermiş insident münaqişədəki hazırkı vəziyyətin qeyri-sabitliyini nümayiş etdirirproblemin davamlı həllini tapmaq üçün səyləri intensivləşdirməyin təxirəsalınmazlığını göstərir. Bu məqsədlə də həmsədrlər mümkün olan istənilən yollarla münaqişə tərəflərinə dəstək göstərməkdə qətiyyətli olduqlarını ifadə ediblər. Bəyanatın sonunda həmsədrlər tərəflərə atəşkəs rejiminə riayət edilməsi və münaqişənin dinc yolla həlli üçün Soçi, Nyuport və Parisdə götürdükləri öhdəliklərini xatırladıblar. Onlar təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində şəffaflığı artırmaq və noyabrın 12-dəki kimi hadisələrin başvermə ehtimalını minimuma endirmək üçün etimad yaradıcı tədbirləri həyata keçirməyə çağırıblar.

ATƏT həmsədrlərinin məsələ ilə bağlı tələm-tələsik bəyanat vermələri və həmin bəyanatda narahatlıqlarını açıq ifadə etmələri yenə də həmsədrlərin "ikili standart" siyasət yürütdüklərini sübuta yetirir. Məhz bu siyasət üzündən Azərbaycan illərdir ki, əziyyət çəkir, üzləşdiyi ədalətsiz münaqişənin həllinə nail ola bilmir. İşğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərqin qoyulmaması, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icra edilməməsi və digər faktlar bunu əminliklə söyləməyə ciddi əsaslar verir.

Açıq söyləmək lazımdır - bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında da həmin dövlətlərin rolu az deyil. Məlum dövlətlər və təşkilatlar Yerevanın işğalçı siyasətinə göz yummaqla əslində onu təcavüzkarlığa şirnikləndirir, danışıqlarda müsbət meyillərin əldə olunmasını əngəlləyirlər. Hansısa təəssübkeşliklə Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi etiraf edilmir.

Bəli, bu gün bəzi dövlətlər təcavüzkar Ermənistanı dolayısı ilə himayə etdikləri halda Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının baiskarı da elə onlardır. Azərbaycanı yerli-yersiz güzəştə getməyə çağıranlar Ermənistanın aşkar cığallığını ört-basdır etmək yolu tutublar. ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsipləri Azərbaycanı tam razı salmasa da, rəsmi Bakı qətiyyətli mövqe nümayiş etdirərək müəyyən istisnalarla bu sənədi qəbul edir. Lakin Ermənistan 5 ildən çoxdur ki, bu təklifə münasibətini açıqlamır, aşkar mövqesizlik nümayiş etdirir. Açıq söyləmək lazımdır - danışıqlar prosesinin daha aktiv və həlledici mərhələyə qədəm qoyduğu son illərin yekununda eyni proses, demək olar, yenidən təkrarlanır: həlledici qərarlar vermək ərəfəsində rəsmi Yerevan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır. Söhbət təcavüzkar ölkənin rəhbərliyinin danışıqlar prosesində əldə olunmuş real irəliləyişlərə şübhə toxumu səpmək, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirmək, "dialoqa maraqlı tərəf" imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmaq cəhdlərindən gedir.

Azərbaycan tərəfi beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edərək münaqişənin sülh yolu ilə həlli imkanlarının hələ ki tükənmədiyini və bu istiqamətdə danışıqlar prosesinin davam etdirilməsinə hazır olduğunu bəyan edib. Bununla yanaşı, ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf hələ bu ilin avqustunda təmas xəttində törətdikləri təxribatçı hərəkətlər zamanı bir daha görmüşdü. Ermənistan silahlı qüvvələri çox ciddi tələfat verərək, geri çəkilmək məcburiyyətində qalaraq ordumuzun gücü və qüdrətinin şahidi olmuşdu.

Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.3.