Azərbaycan səfiri Ermənistan-Azərbaycan münaqişəsi zonasında toqquşmanı şərh edib

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma ilə bağlı vəziyyəti Rusiyanın "Moskovski komsomolets" qəzeti üçün şərh edib.

Azərbaycan səfiri bildirib ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. Rusiya Federasiyası Dağlıq Qarabağı beynəlxalq hüququn subyekti kimi tanımır və deməli, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, bir çox sənədlərdə, o cümlədən  Azərbaycan ilə Rusiya arasında dostluq haqqında Müqavilədə təsbit olunub. Müqavilədə tərəflərin bir-birinin ərazisində separatizm təzahürlərinə qarşı müqavimət göstərəcəkləri barədə ayrı-ayrı sətirlər var. Səfir deyib: "Birbaşa vəziyyətə gəldikdə -  bir dövlətin  başqa bir dövlətin ərazisində hərbi təlimlər keçirməsini necə təsəvvür edirsiniz?  Dağlıq Qarabağda hərbi təlimlərin keçirilməsi  bir dövlətin başqa dövlətin ərazisində təlimlər keçirməsi deməkdir. Bəs tərəflərin təmas xəttinə hərbi helikopter soxulanda, həmin bu xəttin müdafiəsi tapşırılmış qoşunlar necə hərəkət etməlidir?"

Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının baş katibi Nikolay Bordyujanın son sözlərinə toxunan P.Bülbüloğlu vurğulayıb ki, əvvəlcə N.Bordyuja  erməni həmkarlarına izah etməlidir ki, başqasının ərazisində təlimlər keçirmək olmaz. Diplomat deyib: "Bəs hər hansı bir ölkənin hərbi helikopteri Rusiya Federasiyasının hava məkanını pozsaydı, general Bordyuja hansı əmri verərdi? Onu duz-çörəklə qarşılamaq əmrinimi?..  Azərbaycanın hakimiyyət orqanları Dağlıq Qarabağ üzərindəki hava məkanını 1994-cü ildə avianəqliyyatın bütün növlərinin uçuşları üçün bağlı zona elan edib. Bu sənəd tərəfimizdən bütün beynəlxalq aviasiya təşkilatlarına göndərilib".

Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan öz ərazilərinin itirilməsi ilə heç vaxt barışmayacaq. P.Bülbüloğlu deyib: "Burada anlaşılmayacaq nə var ki? Azərbaycan bütün işğalçı qoşunlar Dağlıq Qarabağın ərazisindən çıxarılana qədər mübarizə aparacaq. Özü də söhbət mülki kontingentdən, orada yaşayanlardan getmir. Biz onları əsla deportasiya etmək istəmirik,  onlara dünyada mövcud olan ən yüksək muxtariyyəti təklif edirik, hərçənd  200 mindən çox azərbaycanlı Ermənistandan deportasiya olunub.  Azərbaycanın Dağlıq  Qarabağ bölgəsi və bitişik yeddi  rayonu işğal edilib və hərbi təlimlər məhz bu rayonlarda aparılır. Əgər məndən bir səfir kimi deyil, əslən Qarabağdan olan azərbaycanlı kimi soruşsanız, deyərəm ki, Azərbaycan yaranmış vəziyyətə çox yumşaq reaksiya göstərir".

Səfir bildirib ki, silahlı qüvvələrin təmas xəttində hücum uçuşunda olan hərbi helikopter vurulub. Bu helikopter hərbi dövrün  bütün qaydalarına  uyğun şəkildə  vurulub.  Müharibə başa çatmayıb, bizim müharibənin başa çatması haqqında deyil, atəşkəs haqqında 1994-cü il tarixli müqaviləmiz var. Vurğulamaq istəyirəm ki, bu, yeganə münaqişədir ki, tərəflər arasında heç bir ayırıcı qoşun yoxdur. Bu 20 ildə atəşkəs rejiminə pis-yaxşı əməl olunub. Əlbəttə, orada hər zaman atəş açıblar, lakin vəziyyət  hələ tammiqyaslı hərbi əməliyyatlar səviyyəsinə çatmayıb, münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq".

Diplomat vurğulayıb ki, Dağlıq Qarabağın ərazisi de-yure Azərbaycana məxsusdur -  orada heç bir hərbi təlim keçirilə bilməz. Azərbaycanın Rusiyadakı səfiri sonda deyib: "Bu təlimlər başlamazdan əvvəl Azərbaycan XİN onların keçirilməsinin yolverilməzliyi haqqında bəyanat verib. Buna baxmayaraq, təlimlər keçirilir. Bir sözlə, əvvəlcə səbəbi aradan qaldırmaq, sonra isə nəticə barədə danışmaq lazımdır".

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S. 3.