Şanlı Vətən bayrağını əməlimizlə ucaldaq

 

Noyabrın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbə gənclərin Dövlət Bayrağı Gününə həsr olunmuş toplantısı keçirilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, universitet tələbə həmkarlar ittifaqı komitəsinin sədri Nərgiz Bəşirova və başqaları çıxış edərək üçrəngli dövlət bayrağımızın yaranması tarixindən danışıblar. Dövlətimizin rəmzlərindən sayılan bayrağımızın hər bir azərbaycanlı üçün sonsuz iftixar mənbəyi olduğu vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

Digər çıxış edənlər də Dövlət Bayrağı Gününün əhəmiyyətini qeyd edərək vurğulayıblar ki, bugünkü gənclik milli-mənəvi dəyərlərimizə ehtiramla yanaşmalı, doğma Vətənimizə sədaqətlə xidmət etməli, xalqımızın xoşbəxt gələcəyi və rifahı naminə səylərini əsirgəməməlidir.

Tədbirdən sonra tələbə gənclər Bayraq Meydanına gələrək buradakı muzeylə tanış olublar.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S. 8.