“Dini
tolerantlığın möhkəmləndirilməsi ( Azərbaycan modeli,
ATƏT regionu və onun
hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq
konfransın iştirakçılarına
Hörmətli konfrans
iştirakçıları!
Sizi
Azərbaycanda ürəkdən salamlayır, ən səmimi
arzu və diləklərimi yetirirəm.
Son
illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin
qorunması, dini tolerantlığın inkişafı kimi
humanitar problemlərin ənənəvi müzakirə məkanına
çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin,
multikultural, tolerant mühitin qorunması və təşviqi
dövlət siyasətinin başlıca istiqamətlərindən
biridir. Ölkəmizdə dövlət-din münasibətləri
zəngin milli-tarixi ənənəyə əsaslanır və
beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni
həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı
kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş
həmrəyliyinin, nümunəvi dözümlülük
mühitinin vacib amili kimi dəyərləndiririk.
Razılıq
hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada
tolerantlıq örnəyi kimi tanınan Azərbaycan
sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin
təmin olunması istiqamətində ardıcıl olaraq zəruri
təşəbbüs və çağırışlarla
çıxış edir. Son illər ölkəmizdə beynəlxalq
humanitar forumların, dünya dini liderlərinin sammitlərinin
keçirilməsi, Beynəlxalq Tolerantlıq
Gününün böyük məmnuniyyət hissi ilə
ayrı-ayrı konfessiyaların nümayəndələrinin
iştirakı ilə qeyd olunması, bəşəriyyəti
narahat edən qlobal problemlər ətrafında birgə
müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Bu gün bir sıra ölkələrdə şahidi
olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi
ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və
ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq
axtarışında olan dünyamızda multikulturalizmin
alternativi olmadığı kimi, müxtəlif dinlər və
məzhəblər arasında dostluq və
dözümlülük münasibətlərinin də
alternativi yoxdur.
Nüfuzlu
beynəlxalq təşkilatların, dövlət və
hökumət rəsmilərinin, tanınmış din xadimlərinin,
alimlərin və ekspertlərin iştirak etdiyi belə bir
faydalı tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət
kəsb edir. İnanıram ki, aktual bir mövzuya həsr
olunmuş beynəlxalq konfransınız işini səmərəli
müzakirələr şəraitində quracaq, dinlərarası
və mədəniyyətlərarası dialoqun, həmrəylik,
tolerantlıq və qarşılıqlı anlaşma kimi bəşəri
dəyərlərin inkişafına öz layiqli töhfəsini
verəcəkdir.
Fürsətdən
istifadə edərək Beynəlxalq Tolerantlıq Günü
münasibətilə sizi təbrik edir, nəcib və xeyirxah
işinizdə hamınıza cansağlığı və uğurlar
arzulayıram.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 17 noyabr 2014-cü il.
Azərbaycan.-2014.-
18 noyabr.- S.1.