Kembric Universitetinin professoru tələbələrlə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FondununDocendo discimuslayihəsi çərçivəsində Böyük Britaniyanın Kembric Universitetinin Yaxın Şərq Asiyaşünaslıq fakültəsinin professoru xanım Elizabet Raqaqni Bakı Slavyan Universitetinin müəllim tələbələrinə mühazirə oxuyub.

Fonddan AzərTAc-a bildiriblər ki, beynəlxalq layihələr sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə britaniyalı professor dinləyicilərə Monqolustanda, Rusiya Federasiyasının ucqarlarında yaşayan türkdilli xalqların mədəniyyəti, başqa türkdilli xalqlarla qohumluq əlaqələri, habelə müxtəlif ifadələrin etimologiyası barədə maraqlı məlumat verib. Dil qruplarından silinmək təhlükəsi ilə üzləşmiş türk dillərini araşdıran professor cəmi 500-dək adamın danışdığı duxa dilini nümunə gətirib.

E.Raqaqninin sözlərinə görə, elə türk dilləri var ki, onun müasir daşıyıcıları öz ana dillərini xarici dil kimi öyrənirlər. Tədbirdə tayqada yaşayan xalqların həyat tərzini əks etdirən slaydlar nümayiş olunub. Sonda E.Raqaqnin sualları cavablandırıb. Kembric Universitetinin professoruna Bilik Fondunun hədiyyəsi təqdim edilib.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.6.