Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Abşeron rayonunda vətəndaşları qəbul edib

 

Vətəndaşların yerlərdə qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin

sədri Qərib Məmmədov Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, noyabr 7-də keçirilən qəbulda Qobustan rayonundan, Xırdalan və Sumqayıt şəhərindən olan vətəndaşların müraciətləri, şikayət və təklifləri dinlənilib.

Qəbul zamanı vətəndaşlar Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı adlarının yerli aqrar islahat komissiyası tərəfindən siyahıya salınmaması, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən yol verilən texniki qüsurlar, məhkəmə predmeti olan torpaq-sərhəd mübahisələri, vaxtilə həyətyanı, fərdi yaşayış ev tikintisi və digər məqsədlərlə ayrılmış torpaq sahələrinə dair planölçü sənədlərinin verilməsi barədə müraciətlər ediblər.

Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Qurumun mütəxəssisləri tərəfindən yerlərdə ölçmə işləri aparılaraq torpaq sahələri bununla bağlı müraciət edən vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarda isə müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Müraciətlərin həllinin qısa müddətdə təmin olunması üçün komitənin müvafiq rayon və şəhər şöbələrinin müdirlərinə tapşırıqlar verilib.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.6.