Gənclər və idman naziri Lənkəranda vətəndaşları qəbul edib

 

Azərbaycanın Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Lənkəran şəhərindən, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş iştirak edib.

Qəbul zamanı gənclər sahəsinə aid müraciətlər əsasən QHT–nin yaradılması üçün dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, “Bakı-2015” Avropa Oyunlarına könüllülərin cəlb edilməsi və s. ilə bağlı olub.

İdman sahəsində isə fəxri adların və məşqçi dərəcələrinin verilməsi, idman zallarının avadanlıqla təmin olunması, ölkədə beynəlxalq yarışların keçirilməsinə dair müraciətlərlə bağlı ərizələr qəbul edilib. Eyni zamanda, Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.

Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı olub.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.6.