Azərbaycan ədliyyəsi hüquqi dövlətçiliyə layiqincə xidmət edir

 

Azərbaycanda ədliyyə sisteminin tarixi 1918-ci ildən başlayır. Xalq Cümhuriyyətinin elan olunduğu gün - mayın 28-də təsis edilən dövlət qurumlarından biri də Ədliyyə Nazirliyi idi. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən olunmuşdu. O dövrkü məhdud imkanlara baxmayaraq, AXC-nin Ədliyyə Nazirliyi ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli görmüşdü. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları yaradılmış, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdı.

1920-ci ildə Azərbaycan işğal edildikdən sonra nazirlik dəfələrlə ləğv edilib yenidən yaradıldı, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq və məhkəmə orqanlarına verildi. O illərdə ədliyyə sisteminin stabil funksiyastruktura malik olmaması onun inkişafına ciddi maneələr törədirdi.

Müasir dövrdə Azərbaycanda Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa edilməklə ədliyyə fəaliyyəti təkmilləşdirildi və onun gələcək inkişafı üçün şərait yaradıldı. Bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlandı. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirdi, əhaliyə hüquqi yardımı yaxşılaşdırdı, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etdi, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.

Ədliyyənin inkişafına xüsusi diqqət ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra da davam etmiş, hüquq sistemində inqilabi demokratik dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatı çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilmişdir. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərilmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı, Ədliyyə Nazirliyində icra xidməti, istintaq aparatı, bələdiyyələrlə və məhkəmə ekspertizası mərkəzləri yaradılmış, bir çox digər məsələlərin həlli nazirliyə həvalə edilmişdir. Məhkəmələrin müstəqilliyinin təmin olunması, fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün nazirlikdə Məhkəmə Orqanları İdarəsi ləğv edilmiş, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması məqsədilə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır.

Qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq onların yüksək statusu müəyyən olunmuşdur. Respublikamızda Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmişbu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olmuşdur.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli lider ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha da qüdrətlənir, möhkəmlənir, ölkədə müasir hüquq və idarəetmə sistemləri formalaşaraq hüquq münasibətləri modernləşdirilir. Təbii ki, hüquqi dövlətin uğurlu inkişafı ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Bu baxımdan fəxrlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev son 11 ildə ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan qərarlar qəbul etmişdir.

Çoxşaxəli ədliyyə fəaliyyətinin tənzimlənməsi üçün 2006-cı ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun qəbul olunmuş, “Ədliyyə orqanlarının inkişafı haqqında” fərman imzalanmışdır. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilib, yeni vəzifələr həvalə edilməklə onun strukturu təkmilləşdirilib.

2009-cu ildə isə dövlət başçısı tərəfindən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın icra olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edib.

Ədliyyə Nazirliyi qanunvericilik sahəsində fəal iştirak edir, hüquqi aktların layihələrini insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməklə hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqinormativ xarakterli aktların hüquqi ekspertizasını aparır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu ilə nazirliyə yeni mühüm vəzifələr, o cümlədən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması və onun aparılması həvalə edilib.

Ədliyyə sisteminin inkişafında və beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılmasında xarici əlaqələrin rolu nəzərə alınaraq Ədliyyə Nazirliyi son illərdə bir çox ölkələrin ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sazişlər bağlamışdır. Nazirliyin BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Prokurorlar Assosiasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər təşkilatlarla sıx əməkdaşlıq münasibətləri də inkişaf etməkdədir.

Ədliyyə Nazirliyi əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə hüquqi məsləhət xidməti mərkəzlərinin yaradılmasını təmin edib. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Son illərdə penitensiaricra xidmətlərində islahatlar davam etdirilərək işin səmərəli təşkili üçün mövcud problemlərin aradan qaldırılması, kadrların məsuliyyət hissinin artırılması üzrə ciddi tədbirlər həyata keçirilib, bu sahədə müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Məhkəmə ekspertizası mərkəzi müasir kriminalistik avadanlıqlarla təchiz olunub, tədqiqat laboratoriyaları yeniləşdirilib. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən Ədliyyə Nazirliyi tərəfindən ibtidai istintaqı aparılan cinayət işlərinin dairəsi genişləndirilib, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilib, ədliyyə orqanlarında keyfiyyətli tibbi xidmətin göstərilməsi, məhkumların müayinə və müalicəsi işi yaxşılaşdırılıb.

İndi məhkəmələrin infrastrukturunun yeniləşdirilməsinə böyük diqqət yetirilir. Ən başlıcası isə, yeni nəsil hakim korpusu formalaşdırılır. Artıq bir neçə ildir ki, ölkəmizdə regional inzibati-iqtisadi məhkəmələr də işə başlayıb, qısa müddət ərzində onlar üçün inzibati binalar ayrılıb, maddi-texniki təchizatla təmin edilib.

Azərbaycan ədliyyə sistemi geniş islahatlar aparılmaqla müasir inkişaf yolu keçirbunun da nəticəsində ədliyyə orqanlarının fəaliyyət istiqamətləri genişlənir. Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi isə dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilib.

 

Fəxrəddin AĞAMİRZƏYEV,

Hüquqşünas

Azərbaycan.-2014.- 19 noyabr.-  S.7.