Mədəniyyət və turizm naziri Astarada vətəndaşları qəbul edib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 19-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, qəbula 40-a yaxın vətəndaş yazılıb. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri görüşdə sakinlərin müxtəlif xahiş və təklifləri dinlənilib.

Müraciətlər əsasən ümumtəhsil məktəblərində mədəniyyət olimpiadalarının keçirilməsi, “Fəxri kitabxanaçı” adının təsis edilməsi, Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyinin filialının açılması, kitabxanaların komplektləşdirilməsi məqsədilə vahid təchizat bazasının yaradılması ilə bağlı olub. Həmçinin Astara rayonunda IX əsrə aid su dəyirmanının konservasiyası, rayonlarda folklor festivallarının keçirilməsi, uşaq-incəsənət məktəblərində yeni şöbələrin açılması, respublika ərazisindəki tarixi abidələr barədə məlumat-kitabçaların nəşri, tarix və mədəniyyət abidələrin bərpasına kömək göstərilməsi, mədəniyyət sahəsində ixtisaslı mütəxəssislərin rayonlara göndərilməsi və digər məsələlər də qaldırılıb.

Vətəndaşları diqqətlə dinləyən nazir Ə.Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə verdiyi müsahibəsində qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həll olunması məqsədi daşıyır. Dövlətimizin başçısının siyasəti regionlarda insanlar tərəfindən hamılıqla dəstəklənir.

Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı müraciətlərinin də olduğunu qeyd edərək, onların diqqətdə saxlanılacağını deyib.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra cənub bölgəsinin mədəniyyət və turizm müəssislərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

 

Azərbaycan.-2014.- 20 noyabr.- S.7.