Azərbaycanı yeniləşdirən partiya

 

Yeni Azərbaycan Partiyası

 

Yaşlı və orta nəslin nümayəndələri yaxşı bilirlər ki, ötən əsrin 90-cı illərinin əvvəlində yaranmış ictimai-siyasi hərəkatların və partiyaların heç biri ictimai-iqtisadi formasiya dəyişikliyinin ilkin mərhələsində siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi problemlərin öhdəsindən gəlmək iqtidarında deyildi. Siyasi konyunktur əsasında formalaşmış həmin təşkilatların başlıca məqsədi hakimiyyət uğrunda makiavelistcəsinə mübarizədən ibarət olmuş, nəticədə hakimiyyət əvəzlənmələri ölkənin düşdüyü vəziyyəti daha da ağırlaşdırmış, vətəndaş qarşıdurmasını gücləndirmişdi. Həmin illərdə rəhbərlikdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanları üzərlərinə düşən qanuni vəzifələri həyata keçirə bilməmiş, ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Hadisələrin gedişi də təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Belə bir ağır vaxtda Azərbaycanın taleyini düşünən insanlar, nüfuzlu ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri, böyük rəhbər Heydər Əliyevin ətrafında sıx birləşirlər.

Ulu öndərin şəxsiyyətinə olan dərin ictimai inametimad bir sıra obyektiv qanunauyğunluqlarla şərtlənirdi: əvvəla, hələ keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik etmiş Heydər Əliyevin necə böyük strateq, peşəkar siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. Məhz həmin illərdə müstəqil Azərbaycan dövlətinin iqtisadi, siyasi və ideoloji-mənəvi dayaqları möhkəmlənmiş, dövlət idarəçiliyinin bütün sahələrində uğurla çalışan intellektual elita formalaşmışdı. İkincisi, 1991-ci ilin iyul ayında Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda yeni mərhələ başlanmışdı. Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusu, digər tərəfdən tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz bir zərurət idi. Həmin vaxt Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, ağır vəziyyətdə yaşayan naxçıvanlılarda böyük nikbinlik yaratmış, muxtar respublika qısa müddətdə üzləşdiyi blokada şəraitində bir çox çətinlikləri dəf edə bilmişdi.

Gərginliklər içərisində olan respublikada Yeni Azərbaycan Partiyasının yaradılması heçasan olmadı. Heydər Əliyevin cəmiyyətdə artan nüfuzu AXC-Müsavat iqtidarını ciddi narahat edirdi. Həmin qüvvələr ulu öndərin ən qısa zamanda ümumxalq dəstəyi qazanmasından, hakimiyyətə gəlməyə ən real namizəd olmasından təşvişə düşmüşdü. Təsadüfi deyildi ki, həmin illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Kostitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq ulu öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.

Həmin ziyalılar 1992-ci il oktyabr ayının 16-da ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi və getdikcə daha da pisləşməsi ilə bağlı ziyalıların narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev məktubunda yaranmış vəziyyəti təhlil etmiş və çıxış yollarını göstərmişdi.

Ulu öndərin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC hakimiyyətinin ümummilli liderin Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Siyasi fəaliyyətin istənilən məqbul formasının son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsidir. Çoxluğun gələcək taleyini, onun mənafeyini özündə ehtiva edən ümummilli siyasətə isə yalnız dövlətinə və xalqına bağlı şəxsiyyətlərin fəaliyyətində təsadüf olunur. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş isə özünü daha inamlı hiss edir.

Məhz yüksək inam və etimadın nəticəsi kimi ictimai rəyin diqqəti hansısa siyasi qüvvənin fəaliyyəti üzərində köklənir. Cəmiyyətin maraq və mənafeyinə uyğun siyasət yeritməyən, yaxud platformasının səmərəliliyini inandırıcı dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai inam qazanması isə qeyri-mümkün olur. Noyabrın 21-də yaranmasının 22-ci ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının (YAP) cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması da onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada YAP-ın yaranma tarixi təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaosanarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının iyirmi ikinci ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur.

Bu da təbiidir. Çünki ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası 22 illik zaman kəsiyində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Azərbaycanın son 20 ildə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır. Ötən illərin reallıqları “Heydər Əliyev partiyası”nın kifayət qədər mürəkkəb və çətin şəraitdə ictimai zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.

YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplanmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı aksiom idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev kimi dünya şöhrətli liderin sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi. Partiyanın qarşıya qoyduğu məqsədlərin hamısı dövrün reallıqlarını əks etdirdiyindən ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olmuşdu. YAP cəmiyyətdə mövcud olan ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyi qarşısına məqsəd qoymuşdu. Ən başlıcası, ölkənin üzləşdiyi vəziyyət YAP kimi nüfuzlu partiyanın hakimiyyət Olimpinə yüksəlişi yolunda bütün baryerləri aradan qaldırırdı.

Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, hər hansı riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Xalqın, həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının istəyi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı.

1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi. YAP kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başladı.

YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dincfiravan həyatının təmin edilməsi xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir.

Bütün bunların fonunda YAP-ın 22 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi, onun malik olduğu potensialın respublikanın problemlərinin həllində mühüm faktorlardan biri kimi çıxış etdiyi təkzibolunmaz həqiqətdir. YAP-a cənab İlham Əliyev kimi güclü siyasi liderin rəhbərlik etməsi partiyanın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclünüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir.

Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərir. Partiyanın qarşıya qoyduğu məqsədlər bütün dövrlərdə zamanla səsləşdiyindən, ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olur. Hakim partiya məhz ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyə nail olmuşdur. Azərbaycanın, xüsusən də son illərdə əldə etdiyi böyük uğurlar YAP kimi nüfuzlu partiyanın hakimiyyət Olimpində daha da möhkəmlənməsi yolunda bütün siyasi baryerləri aradan qaldırır.

Yaşadığımız tarixi dövrün reallıqları müstəqil dövlət quruculuğu prosesində xalqın iradəsini əsas imperativ kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa, səriştəliyə əsaslanıb əhalinin bütün səylərini birləşdirməklə sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət qurmağı tələb edir. Odur ki, müstəqil, güclü və qüdrətli dövlətçilik Yeni Azərbaycan Partiyasının birinci əsas prinsipidir. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyev ötən illərdə dövlətçiliyin xəyanətkar qəsdlərdən qorunması və Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi naminə bütün zəruri tədbirləri həyata keçirmişlər. Bu mənada Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmiş, hüquqi dövlət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, mülki cəmiyyətin qurulması, milli təhlükəsizlikxarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti hakimiyyətin qanunverici, icraedici, məhkəmə qollarına bölünməsini, onlar arasında bir-birini tamamlayan qarşılıqlı münasibətlərin yaradılmasını tələb edir. Sivil, demokratik dövlətin fundamental əsaslarından birini təşkil edən bu əsas prinsip ictimai praktikada reallaşdırılmadan qanunların aliliyi, idarəetmədə peşəkarlığın üstünlüyü və dövlət idarəçiliyinin mükəmməlliyi təmin edilə bilməz. YAP bu reallıqları nəzərə alaraq, ilk növbədə, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirməyə çalışır. Partiyanın qüvvədə olan Nizamnaməsinin 1-ci maddəsində deyilir: Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabitsosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır”.

Dünya praktikası sübut edir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətində qanunun aliliyi qorunurictimai həyatda hüquqi normalara hörmət etməklə vətəndaş birliyi yaranır. Məhz bu baxımdan partiyanın amallarından əsası cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar çərçivəsində insanların və hakimiyyət orqanlarının fəaliyyətini tənzimləməkdir. Ötən illərdə bu istiqamətlərdə çox böyük nailiyyətlər əldə olunmuşdur və Azərbaycan hazırda demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınır. İqtisadi islahatlara paralel olaraq hüquqidemokratik islahatlar, yenidənqurma işləri də davam etdirilir.

YAP-ın 22 ildəki ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən ümummilli siyasət yürütməsidir. Partiya dilindən, dinindən, etniksosial mənşəyindən asılı olmayaraq, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan, ölkədə və onun hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı Azərbaycan vətəndaşı, Azərbaycanı isə onların ümumi, bölünməz vətəni, doğma yurdu sayır. Partiya hesab edir ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının milli varlığının, birliyinin, dincfiravan həyatının təmin edilməsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən Azərbaycançılıq və Vətənçilikdir.

Varislik və yaradıcı təkamül hakim partiyanın fəaliyyətinin əsas ideoloji istinadgahlarından biridir. Partiya hesab edir ki, yeni cəmiyyət quruculuğunda tarixin ibrət dərslərindən nəticə çıxarılması, keçmişin obyektiv, yaradıcı-konstruktiv istiqamətdə tənqid və təhlil olunması zəruridir. Bu məsələdə nihilizmə yuvarlanaraq keçmişə nifrət hissindən çıxış etmək cəhdlərini yolverilməz sayan YAP cəmiyyətin inkişaf qanunauyğunluqlarını nəzərə alaraq islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış edir, “inqilabi dəyişikliklər”ə qarşı çıxır. Bununla əlaqədar partiyanın dördüncü əsas prinsipi özündə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsini və onların yaradıcı təkamül yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin varislik və yaradıcı təkamül prinsipinə əsaslanması həm cəmiyyətin, həm də ictimai şüurun inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin qüdrətli vasitəsinə çevrilir.

Şübhəsiz, ictimai-siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Bu gün demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya da məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır. Bu irs demokratiyanın kütləvi özbaşınalıq kimi başa düşülməsinə, yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. Bu kursun bütün sahələrdəki tənzimləmə funksiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.

YAP sülh və barışı rəhbər tutan partiya kimi konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi prinsiplərinə də sadiqlik nümayiş etdirir. Partiya hesab edir ki, cəmiyyətin yeniləşməsi naminə Azərbaycan vətəndaşlarının qarşısında duran ali məqsədlərdən birinisağlam qüvvələr arasında vətəndaş həmrəyliyinə və konsensusa nail olmaq, dövlətçiliyin möhkəmləndirilməsi naminə istənilən qarşıdurmanı rədd edərək şəxsi, qrup maraqlarını aradan qaldırmaq təşkil edir. Yeni Azərbaycan Partiyası bu günümummilli məsələlərdə ölkəmizdə fəaliyyət göstərən mütərəqqi və sağlam mövqeyə malik təşkilat və partiyalarla konstruktiv əməkdaşlığa hazırdır.

YAP yarandığı gündən sosial ədalət prinsipinə də sadiqlik nümayiş etdirmişdir. Keçmiş sovetlər birliyi dövrününBir nəfər hamı üçün, hamı bir nəfər üçünkimi populist şüarından fərqli olaraq, hakim partiya sosial ədalət baxımından cəmiyyətin bütün təbəqələrinə bacarıq və qabiliyyətlərinə görə bərabər imkanlar yaratmağın zəruriliyini önə çəkir. Partiyanın qənaətincə, hüquqi dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan şəraitdən, qanunimkanlar qarşısındakı bərabərlikdən məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik ölkələrdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.

Yeni Azərbaycan Partiyasının platformasına əsasən, ölkəmizdə formalaşmaqda olan sosial müdafiə modeli dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi olmaqla, cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edir. Ötən 22 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.

Sonda onu da vurğulamaq istərdik ki, Yeni Azərbaycan Partiyasının proqramında əksini tapmış müddəalar Bakı Dövlət Universitetinin professor-müəllim və tələbələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənir, ölkənin davamlı və sabit inkişafının uğur formulu kimi qəbul edilir. Təsadüfi deyil ki, partiyanın universitet təşkilatı ildən-ilə güclənir, ölkə başçısı, YAP lideri cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışır. BDU-nun çoxminli kollektivi ona da əmindir ki, Prezident İlham Əliyev və onun sədri olduğu Yeni Azərbaycan Partiyası qarşıdakı illərdə də ölkənin inkişafı və qüdrətlənməsi naminə səmərəli fəaliyyətini davam etdirəcəkdir.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik,

 YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 21 noyabr.- S.5.