Niderland şirkətləri Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa maraq göstərirlər

 

Niderland şirkətləri Azərbaycanda nəqliyyat infrastrukturu ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdırlar.

Nazirlikdən AzərTAc-a bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun noyabrın 7-də Niderland Krallığının İnfrastruktur naziri xanım Melani Şultz van Hagenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə nəqliyyat sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir Z.Məmmədov Azərbaycanın nəqliyyat sektorunda görülən işlər barədə qonaqlara ətraflı məlumat verərək, ölkəmizdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələrində, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisində Niderland şirkətlərinin iştirakını yüksək qiymətləndirib.

Niderland şirkətlərinin nümayəndələri müvafiq fəaliyyət istiqamətlərindən bəhs edərək, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, nəqliyyat infrastrukturu ilə bağlı layihələrdə iştirakla bağlı təkliflərini təqdim ediblər.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S. 4.